19 Aprel 2016 11:21
4 344
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın təhsil müəssisələrində fəlsəfə fənninin tədrisi ilə bağlı ciddi problemlər yaranıb. Bu barədə Azərbaycan Dövlət İqtisad Universiteti fəlsəfə kafedrasının baş müəllimi, fəlsəfə doktoru Leyla Nəzirzadə Teleqraf.com-un “Brifinq” layihəsinə qonaq olarkən danışıb.

Məsələ ilə bağlı Bakı Dövlət Universiteti fəlsəfə kafedrasının müdiri, fəlsəfə doktoru, dosent Hüseyn Məmmədov Teleqraf.com-a yeni açıqlama verib.

Hüseyn Məmmədovun sözlərinə görə, fəlsəfə fənni elə vəziyyətə salınıb ki, sanki bu fənn ölkə elminə lazım deyil: “Bir neçə il bundan əvvəl akademik Ramiz Mehdiyev bildirmişdi ki, bütün ali məktəblərdə fəlsəfə məcburi fənn kimi tədris olunmalıdır. Amma nə faydası... Əksinə, fəlsəfə əsas fənlər sırasından çıxarıldı, seçmə fənlərə daxil edildi.

Fəlsəfə dünyagörüşüdür, bütün elmlər onun şinelindən çıxıb. Təəssüf ki, ona laqeyd münasibət göstərilir, bu isə cəmiyyətdə dünyagörüşü məhv etmək anlamına gəlir. Toplumun fəlsəfi dünyagörüşü olmayanda vəhhabilik, digər bu kimi təhlükəli dini cərəyanlar, əqidələr meydana çıxır. Fəlsəfə həyata baxış verir, insanları yönləndirir və həyatı, dünyanı izah edir”.

Hüseyn Məmmədov bildirib ki, ali məktəblərdə, o cümlədən BDU-da fəlsəfənin tədrisinə ayrılan saatlar ildən-ilə azaldılır: “Fəlsəfəyə əvvəllər tədris ili üzrə 240 saat ayrılmışdı, sonra azaldıb 120 saat elədilər, nəhayət, 80 saata endirdilər. Hazırda isə fəlsəfəyə cəmi 60 saat yer veriblər, həm də seçmə fənlər sırasına salıblar. Yəni tələbə istəyər o fənni seçər, istəməsə seçməz.

Hazırda bəzi universitetlərdə fəlsəfənin tədrisi ilə bağlı standartlar hazırlanır. Həmin standartlarda fəlsəfə qəti olaraq seçmə fənn kimi təsnifləşdirilir”.

BDU-nun kafedra müdiri müvafiq instansiyaların məsələyə müdaxilə etməli olduğunu deyir: “Prezident Adminstrasiyasında çalışanların 60-70 faizi fəlsəfə üzrə müdafiə edib. Adminstrasiyadan, eləcə də Təhsil Nazirliyindən müvafiq göstəriş verilməlidir. Hesab edirəm ki, standartlar hazırlanankən fəlsəfə məcburi fənlər sırasına daxil edilməlidir.

2014-cu ildə BDU-nun rektoru Abel Məhərrəmov da demişdi ki, doktoranturaya daxil olan tələbələr fəlsəfədən çox zəif nəticələr göstəriblər. Hətta Təhsil Nazirliyinə məktub yazıldı ki, fəlsəfə mütləq məcburi fənn olmalıdır. Təəssüf ki, hələ bir faydası yoxdur”.

İlhamə Əbülfət


Müəllif:

Oxşar xəbərlər