30 Aprel 2016 12:00
553
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan şəffaflığın daha da artırılması, iqtisadiyyatın şaxələndirilməsi kimi məsələlərlə bağlı Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü çərçivəsində üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsinə nail olacaq”.


Bunu Bakıda keçirilən “Mədən sənayesində şəffaflığın artırılması koalisiyası”nın XVIII ümumi yığıncağında ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.

O bildirib ki, mədən sənayesində şəffaflığın üç əsas cəhəti var. Bunlardan birincisi hökumət, ikincisi ictimai birliklər, üçüncüsü isə korporativ şirkətlədir. Bu üç əsas sütunun üzərində qurulmuş təşəbbüsün uğuru aşağıdakılardan keçir: kim nə qədər məlumat təqdim edə bilər, müzakirə üçün açıqlanmış məlumatın əhəmiyyəti nədən ibarətdir. Məlumatla yanaşı, təqdim etdiyimiz verilənlər də izah olunmalıdır”.

Səfir əlavə edib ki, ABŞ və Azərbaycana gəldikdə, bu təşəbbüsün rolu olduqca vacibdir. ("APA")

***

Bu gün İctimai Birliklərin Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının 18-ci ümumi yığıncağı keçirilir.

Teleqraf.com xəbər verir ki, İctimai Birliklərin Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının koordinatoru Əliməmməd Nuriyev deyib ki, Azərbaycan Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü (MHŞT) prosesinə 2003-cü ildə qoşulub. 2004-cü ildə isə İctimai Birliklərin Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası yaradılıb. Məqsəd isə mədən sənayesində əldə olunan gəlirlərə ictimai nəzarəti həyata keçirməkdir. Ötən müddətdə koalisiya müəyyən uğurlar əldə edib. Bu nailiyyətlərin əldə olunmasında isə dövlət orqanları, beynəlxalq qurumlar və QHT-lər dəstək göstəriblər.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktoru Şahmar Mövsümov qeyd edib ki, MHŞT xüsusi çoxtərəfli və şirkətlər, hökumətlər, sərmayəçilər və vətəndaş cəmiyyəti təşkilatları tərəfindən dəstəklənən könüllü təşəbbüsdür. MHŞT neft, qaz və mədən hasilatı sahəsində şəffaflığın təmin edilməsində qlobal standartdır. MHŞT-nin tətbiqi sahəsində əldə etdiyi nailiyyətlərə görə Azərbaycana "2009-cu il MHŞT mükafatı" təqdim edilib.

Qeyd edib ki, bu təşəbbüsün hökumət tərəfindən həyata keçirilməsinə baxmayaraq burada şirkətlər və vətəndaş cəmiyyəti əsas rol oynayır.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev bildirib ki, şura dövlətin siyasətinə uyğun olaraq şəffaflığın təmin edilməsi layihələrinə daim dəstək olur. Şura MHŞT prosesini izləyir, şəffaf şəkildə həyata keçirilməsində yardımçı kimi çıxış edir.

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta isə deyib ki, MHŞT həyata keçirilməsində 3 əsas cəhət var. Bunlar hökumət, şirkətlər və ictimai birliklərdir. Ümid edirəm ki, Azərbaycan bu təşəbbüs üzrə müvəffəqiyyətlərə nail olacaq.

Yığıncaqda Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Malena Mard və Dünya Bankın Azərbaycan üzrə ölkə meneceri xanım Larisa Lesçenko koalisiyanın fəaliyyəti, o cümlədən MHŞT üzrə Azərbaycanın nailiyyətləri barədə fikirlərini bölüşüblər.


Müəllif: