30 Aprel 2016 16:31
632
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağdaş rayonundakı Heydər Əliyev Mərkəzində Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının ümumi yığıncağı keçirilib.

Teleqraf.com-un məlumatına görə, yığıncaqda Prezident Administrasiyasının, Milli Məclisin, Ədliyyə Nazirliyinin, şəhər və qəsəbə bələdiyyələrinin milli assosiasiyalarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər. İclasda Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyalarının və nəzarət-təftiş komissiyasının hesabatları, 2016-cı il üçün büdcəsi və təşkilati məsələlər müzakirə edilib.

Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Əli Mehdiyev hesabat məruzəsi ilə çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilən genişmiqyaslı islahatlar nəticəsində ölkəmizdə yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin gücləndirilməsi istiqamətində də mühüm tədbirlər görülür. Naxçıvan Muxtar Respublikası Kənd Bələdiyyələrinin Assosiasiyasını, respublikanın 1227 kənd bələdiyyəsini özündə birləşdirən, 2006-cı ildə təsis edilmiş Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyası hesabat ilində yerli özünüidarəetmənin inkişafı və möhkəmlənməsi istiqamətində zəruri tədbirləri davam etdirib.

Əli Mehdiyev qeyd edib ki, bələdiyyə sədrlərinin III Ümumrespublika toplantısında qarşıya qoyulan vəzifələrdən irəli gələrək hesabat ilində yerli özünüidarəetmə qurumlarının demokratik dəyələrə və beynəlxalq standartlara cavab verən hüquqi bazası daha da möhkəmlənib, "Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında" Qanun qəbul olunub, "Bələdiyyə qulluğu haqqında" Qanuna dəyişikliklər edilib, bununla bağlı müvafiq qaydalar təsdiq edilib. Diqqətə çatdırılıb ki, kənd bələdiyyələri ötən dövrdə yerli əhəmiyyətli infrastruktur layihələrini uğurla icra ediblər. Milli Assosiasiyaların “Bir bələdiyyə-azı bir layihə” təşəbbüsü çərçivəsində 2015-ci il ərzində kənd bələdiyyələri tərəfindən 20 istiqamətdən çox, 5,2 milyon manat dəyərində 3334 müxtəlif xarakterli sosial layihə icra olunub. Cari ildə isə 4416 layihənin icrası nəzərdə tutulur ki, bu da 2015-ci illə müqayisədə 5,01 milyon manat və ya 97,7 faizdən artıq sosial sifarişlərin icrası deməkdir. Bütün bunlar onu göstərir ki, ərazilərin sosial-iqtisadi inkişafında davamlı olaraq bələdiyyələrimizin də özünəməxsus yeri və payı var.

Məlumat verilib ki, ötən il demokratik ənənələrin inkişafı istiqamətində “Multikultural cəmiyyətdə həyat: hörmət, dialoq, qarşılıqlı fəaliyyət” şüarı altında kənd bələdiyyələrində “Azərbaycanda yerli demokratiya həftəsi” çərçivəsində 5593 görüş keçirilib. Həftə ərzində keçirilən həmin görüşlərdə qeyd olunub ki, Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu ayrı-ayrı millətlərin nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınıb, multikultural cəmiyyətin inkişafında bütün dünyaya təcrübə ola biləcək orijinal nümunə yaradıb. Görüşlərdə 431466 nəfər iştirak edib, bələdiyyələrdə 34603 nəfərin fərdi qəbulları aparılıb. Yerli vergi və ödənişlərin yığılması ilə bağlı qanunvericilikdə müəyyənləşdirilən yeni qaydaların hesabat dövründə tətbiqi bələdiyyələr tərəfindən uğurla həyata keçirilib. Nəticədə, 2015-ci ildə bələdiyyə büdcələrinin yerli vergi və ödənişlər hesabına formalaşması əvvəlki illə müqayisədə 27 faizdən 37,6 faizədək yüksəlib. Hesabat dövründə Assosiasiya yerli özünüidarəetmə məsələləri ilə bağlı Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresi, beynəlxalq qurumlar və qeyri-hökumət təşkilatları, xarici ölkələrin assosiasiyaları və bələdiyyələri ilə əməkdaşlıq əlaqələrini davam etdirib.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin bələdiyyələrlə iş sektorunun müdiri Emin Eyvazov dövlətin bələdiyyələrə dəstəyindən, ötən dövr ərzində yerli özünüidarəetmənin inkişafından, qazanılan nailiyyətlərdən, Milli Assosiasiyalar vasitəsilə həyata keçirilən çoxsaylı layihələrdən danışıb. Bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə ölkəmiz qüdrətli dövlətə çevrilib, sürətli sosial-iqtisadi inkişaf yolu keçib, genişmiqyaslı infrastruktur layihələrinin icrası istiqamətində tarixi nailiyyətlər əldə edib. Bütün dünyanı bürümüş qlobal iqtisadi böhran fonunda ölkə rəhbərliyi köklü iqtisadi islahatlara start verib. Sahibkarlığın inkişafı, daha münbit investisiya mühitinin yaradılması üçün təsirli tədbirlər görülüb. Qeyd edilib ki, ümumilikdə bələdiyyələr ölkəmizin inkişafında əhəmiyyətli rol oynayır, əhalini narahat edən sosial əhəmiyyətli məsələləri həll etməyə, vətəndaşları yerli özünüidarəetmə proseslərinə cəlb etməyə çalışırlar. Bu işə Milli Assosiasiyaların da töhfələri var. Bildirilib ki, ötən illə müqayisədə layihələrin sayı və layihələrə sərf edilən vəsaitin həcmi azalıb. Təbii ki, bu məsələ narahatlıq doğurmaya bilməz. Bələdiyyələr bu məsələlərdə irəliləyişlərin əldə edilməsi üçün yerli büdcəyə daxilolmaların artmasını təmin etməlidirlər ki, layihələrin sayı çoxalsın, vətəndaşların sosial sifarişləri tam təmin edilsin, bələdiyyələrin fəaliyyətinin səmərəliliyi artsın.

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Mehdi Səlimzadə, Milli Məclisin deputatı Kamran Bayramov çıxış edərək bələdiyyələrin ötən dövr ərzindəki fəaliyyətini qənaətbəxş hesab ediblər. Onlar qanunvericilikdə edilən dəyişikliklərin önəmindən, bu dəyişikliklərin yerli özünüidarə orqanlarının inkişafına müsbət təsirindən, bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində görülən tədbirlərdən danışıblar. Azərbaycan bələdiyyə sisteminin effektivliyinin və bələdiyyələrin fəallığının artırılması istiqamətində görüləcək işlərin əhəmiyyəti vurğulanıb, kənd bələdiyyələrinin sədrlərinə müvafiq tövsiyələr verilib.

Tədbirdə kənd bələdiyyələrinin sədrləri gördükləri işlər barədə məlumat veriblər. Eyni zamanda, yerli əhəmiyyətli məsələlərin həllində əhalinin iştirakı, bələdiyyələrin maliyyə imkanlarının artırılması, bələdiyyə-vətəndaş əlaqələrinin möhkəmləndirilməsində bələdiyyə qulluqçularının peşəkarlığı, bələdiyyələrin fəaliyyətində aşkarlığın və şəffaflığın təmin olunması ilə bağlı çıxışlar edilib. Çıxışlarda bələdiyyələrin fəaliyyətində şəffaflığın daha da artırılmasının zəruriliyi qeyd edilib, yerli vergi və ödənişlərin yığılmasında mövcud çətinliklərin aradan qaldırılması yollarına dair təkliflər səsləndirilib.

Yığıncaqda nəzarət-təftiş komissiyasının hesabatı dinlənilib, cari ilin büdcəsi təsdiq edilib və təşkilati məsələlərə baxılıb. Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Vüsal Paşayev qurumun illik hesabatı haqqında ümumi yığıncağın qərarını oxuyub və qəbul edilib.


Müəllif: