Azərbaycanda 3 yaşınadək uşaqlarını təkbaşına böyüdən valideynlərə qısaldılmış iş vaxtı rejimi şamil edilə bilər.
Teleqraf.com xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında bununla bağlı Əmək Məcəlləsinə yeni dəyişikliyin edilməsi təklif edilib. Məcəllənin hazırkı variantına əsasən, qısaldılmış iş vaxtının müddəti həftə ərzində 16 yaşınadək işçilər üçün 24 saatdan, 16 yaşdan 18 yaşadək işçilər və I, II qrup əlil olan işçilər, həmçinin hamilə və yaşyarımadək uşağı olan qadınlar üçün 36 saatdan artıq olmamalıdır. Məcəlləyə dəyişikliyin edilməsini nəzərdə tutan yeni layihəyə əsasən isə qısaldılmış iş vaxtı yuxarıda adı sadalanan kateqoriyadan olan insanlarla yanaşı, 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlərə də şamil olunacaq. Layihədə qeyd edilir ki, belə valideynlər üçün qısaldılmış iş vaxtının müddəti həftə əzində 36 saatdan artıq olmamalıdır. Əmək Məcəlləsinə təklif olunan dəyişiklik iş şəraitinin ailə öhdəlikləri ilə uzlaşdırılması üçün onlara qısaldılmış iş vaxtının müəyyən edilməsi və bu zaman əmək haqqının bütöv saxlanılması, uşağa qulluqla bağlı problemlərinin qismən də olsa həll edilməsi məqsədi daşıyır.
Deputat Fazil Mustafa təklif edib ki, burada güzəşt 3 yaşa kimi deyil, uşaqların məktəbəqədər dövrü - 6 yaşa kimi tətbiq edilsin: “Bəzi valideynlər var ki, onlar övladlarını bağçaya qoya bilmir. Yaşadığı ərazidə bağça olmur və ya başqa səbəblərdən apara bilmir. Yaxud ana övladını təkbaşına böyüdür. O ailələrin vəziyyəti nəzərə alınaraq mətkəbəqədərki dövrə qədər olan uşaqları da bu siyahıya salmağı təklif edirəm. Düşünürəm ki, bu o qədər də böyük xərc tələb etmir və saat fərqi az olur, iş saatına o qədər də mənfi təsir etmir. Bu insanların vəziyyətinin yüngülləşdirilməsi baxımından faydalı olar”.
Vitse-spiker Ziyafət Əsgərov deputat cavab olaraq qeyd edib ki, bu gün hələ imkanımız buna çatır. “Xərc tələb etmir dediniz, amma bunu hesablamaq lazımdır. Hələ ki imkanımız buna çatır”.
Nemət