Pan Gi Mun öz eybini niyə görmür?
Cəbhədəki gərginliklə əlaqədar vəziyyəti yerində qiymətləndirmək üçün müdafiə naziri, general-polkovnik Zakir Həsənov cəbhə bölgəsinə gedib. Döyüş bölgəsində yerləşən hərbi hissələrə, müdafiənin ön xəttindəki bölmələrə baş çəkən nazir mövcud vəziyyətlə tanış olub, döyüş növbətçiliyi aparan şəxsi heyətlə görüşüb.
Müdafiə naziri düşmənin kəşfiyyat-təxribat qruplarının müxtəlif istiqamətlərdə mövqelərimizə basqın etmək cəhdlərinin qarşısını almış, fərdi fədakarlıq və şücaət nümunələri göstərmiş hərbi qulluqçulara medal və qiymətli hədiyyə təqdim edib.
Həmçinin Z.Həsənov düşmən təxribatlarının qarşısının alınması məqsədilə sayıqlığın daha da artırılması, onun bütün hərəkətlərinin nəzarət altında saxlanılması və zərurət yarandıqda düşmənə layiqli cavab verməyə daim hazır olmaları barədə şəxsi heyətə tapşırıqlar verib.
İki əsgər həlak oldu
Ötən gün Azərbaycan Ordusunda iki silahlı insident baş verib. Birinci hadisə Müdafiə nazirliyinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində qeydə alınıb. Hərbi hissənin əsgəri, 1992-ci il təvəllüdlü Cavid Cəlil oğlu Məmmədov avtomat silahdan ehtiyatsızlıqdan açılan atəş nəticəsində dünyasını dəyişib. Digər hadisə isə Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində olub və həmin hərbi hissənin əsgəri, 19 yaşlı Murad Mahir oğlu Səmədov tabeliyindəki avtomat silahla ehtiyatsız davranması nəticəsində açılan atəşdən dünyasını dəyişib.
Hər iki faktla bağlı Hərbi Prokurorluq tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.
Monte Melkonyanın əsgəri məhv edildi
Avqustun 4-də Murovdağda - Kəlbəcər rayonu ərazisində Azərbaycan hərbçiləri tərəfindən məhv edilən erməni əsgərinin I Qarabağ müharibəsində iştirak etmiş, ASALA-nın liderlərindən olan Monte Melkonyanın taborunda döyüşdüyü bəlli olub. Öldürülmüş erməni hərbçi 1971-ci il təvəllüdlü Aram Qriqoryandır. Ermənistanın Araqat vilayətindən olan A. Qriqoryan rəsmi məlumata görə, ön xəttə 2 gün əvvəl çıxıb.
Qeyd edək ki, A. Qriqoryan ötən gün Kəlbəcər rayonunun ərazisindəki döyüş mövqelərində Azərbaycan snayperləri tərəfindən öldürülüb.
Anjey Kasprşik bəyanat verdi
Bu arada, cəbhə xəttində baş hadisə ilə bağlı dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən münasibət özünü göstərməyə başlayıb. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin bəyanatında hadisə ilə bağlı narahatlığı qeyd edilib. Onun sözlərinə görə, hər bir bədbəxt hadisə ailələlər və digər cəlb edilmiş insanlar üçün faciədir: "Mandatıma uyğun olaraq, tərəflərə vəziyyətin gərginliyinin azaldılmasına kömək etmək üçün onlarla, o cümlədən ən yüksək səviyyədə sıx əməkdaşlıq etməyə davam edəcəyəm. Mən və komandam tərəflərlə əməkdaşlıq çərçivəsində təşkil edilmiş monitorinq üzrə fəaliyyətimizi davam etdirəcəyik. Bunlardan sonuncusu avqustun 1-də baş tutub".
O qeyd edib ki, təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində hər bir monitorinq zamanı onlar atəşkəs rejiminin pozulması və ümumi vəziyyət üzrə müvafiq məlumat alırlar, lakin vəziyyəti yalnız bir müəyyən yerdən müşahidə edirlər:
"Biz, həmçinin qarşılıqlı maraq doğuran və gərginliyin azaldılması ilə bağlı məsələlərin həllində yerli komandirlərə kömək göstəririk. Monitorinqin nəticələri üzrə məruzəni ATƏT sədrinin idarəsinə və Minsk qrupunun üzvlərinə təqdim edirik. Hadisələr haqqında hesabatlar, həmçinin mənim idarəmdən ATƏT-in müvafiq strukturlarına ötürülür".
O vurğulayıb ki, onlar nəzarət və ya nəticələr üzrə müvafiq tədbirlərin gedişatı haqqında ictimai məlumat vermirlər: "Bu barədə mətbuatın istənilən məlumatı tərəfimdən alınmış informasiyaya əsaslanmır".
BMT-nin Baş katibi Pan Gi Mundan da atəşkəs çağırışı gəlib. Belə ki, beynəlxalq qurumun yaydığı bəyanatda qeyd edilir ki, BMT-nin Baş katibi Pan Gi Mun Dağlıq Qarabağ münaqişəsinin tərəflərini atəşkəs haqqında razılaşmaya əməl etməyə və zorakılıqdan çəkinməyə çağırıb: "O, bütün tərəfləri atəşkəs haqqında sazişə hörmət etməyə və gələcəkdə zorakılıqdan çəkinməyə, həmçinin dialoqu davam etdirməyə çağırır".
Baş katib, sənədə əsasən, Minsk qrupu həmsədrlərinin səylərini tam dəstəklədiyini bildirib, münaqişə zonasında gərginliyin artması ilə bağlı son günlər öz narahatlığını da bölüşüb.
Bəs görəsən, Pan Gi Mun niyə öz bəyanatında işğal edilən Azərbaycan torpaqlarının azad edilməsi üçün BMT-nin qəbul etdiyi 4 qətnamənin Ermənistan tərəfindən əməl edilməsini tələb etmir?
Məsələyə münasibət bildirən politoloq Rasim Ağayev bildirib ki, BMT-nin tarixində bir sıra hadisələr olub. O, misal üçün, İsrailin əleyhinə BMT-də qərar qəbul edilib və həmin ölkənin səfirinin hər kəsin gözünün qarşısında bəyannaməni cırıb tulladığını diqqətə çatdırıb: "Faktiki olaraq, Ermənistan bu yolla gedib. Təəssüflər olsun ki, BMT-nin nizamnaməsində belə hallar olanda hansısa ciddi tədbir görmək nəzərdə tutulmayıb. BMT-də yaxşı bilirlər ki, bütün bu konflikt boyu Ermənistanı ABŞ, Qərbi Avropa, Rusiya dəstəkləyib. Onların da dəstəyi nəticəsində Qarabağ məsələsi indiki vəziyyətə gəlib çıxıb. BMT qəbul etdiyi qərarlarla bağlı bir sıra addımlar ata bilər və buna imkan var. Ancaq hələ ki Pan Gi Mun müşahidə edir ki, Amerika, Rusiya münaqişədə olan iki tərəfə eyni formada müraciət edirlər və kimisə ittiham eləmirlər. Ona görə də orta səviyyəli bəyannamə qəbul ediblər".
R.Ağayevin fikrincə, Azərbaycan ABŞ, Avropa və Rusiyaya bildirməlidir ki, onların siyasətləri nəticəsində münaqişə dalana dirənib: "İndi də bunlar bizə ağıl verirlər, belə eləməyin, elə eləyin. Hesab edirəm ki, Azərbaycan öz imkanlarından istifadə edib, beynəlxalq aləmdən lazımi siyasi tələblər əldə edə bilər. Bu isə vaxt tələb edir. 1992-1993-cü ildə BMT-də bizim səfirimiz, nümayəndəmiz yox idi. Amma indi vəziyyət belə deyil. Ona görə də indi dövlətimiz tərəfindən daha çox siyasi təşəbbüskarlıq olmalıdır. BMT-də olan dövlətlər bizim qayğımıza qalmayacaq. Ona görə də biz özümüz hadisləri önləyib, dövlətimizin maraqlarını dünyaya çatdırmalıyıq".
Məsələyə münasibət bildirən politoloq Qabil Hüseynli isə deyib ki, Azərbaycan uzun müddətdir Qarabağ probleminə yanaşmada ikili standartlardan əziyyət çəkir. Onun sözlərinə görə, ikili standartların mahiyyəti xüsusilə son proseslərdə ortaya çıxdı: "Cəbhədə son baş verənlər zamanı hücum edən ermənilər idi, itkiləri olan Azərbaycandı, amma dünya bunu sakitliklə qarşıladı. Təcavüzkar Ermənistandır və Azərbaycanın torpaqlarını işğal edib, bununla bağlı BMT-nin 4 qətnaməsi var. Dünya bu hadisələrin anatomiyasına, səbəb və nəticə əlaqəsinə qətiyyən fikir vermir. Ritorik bəyanatlar yayaraq, sadəcə tərəfləri sülhə, əmin-amanlığa, atəşkəs rejiminə əməl etməyə çağırırlar. Hətta qeyd edirlər ki, bu məsələnin hərb variantı yoxdur. Dünyaya heç cür anlatmaq olmur ki, bu problem necə əmələ gəldi, onun səbəbi nə idi, hansı nəticələr doğurdu və nəyə görə Ermənistan Azərbaycanın bu qədər torpaqlarını işğal edəndə siz susurdunuz. Düzdür, BMT-də Azərbaycan diplomatiyası 4 qətnamənin qəbul edilməsinə nail oldu. Misal üçün, İsrail Qəzzaya təcavüz edir, dünya bunu pisləyir və bunu siyasi qətliam adlandırırsınız. Amma erməni siyasi qətliamı bir neçə il əvvəl törədib, Azərbaycan 35 minə yaxın öz oğlunu cəbhədə itirib, 1 milyondan artıq məcburi köçkünün köç zamanı, eləcə də, onların uyğun yaşayış yerində məskunlaşmaması nəticəsində həyatlarını itirən on minlərlə insan var. 25 ilə yaxındır ki, biz erməni təcavüzünün nəticələrindən əziyyət çəkirik və heç kim ermənini təcavüzkar adlandırmır. Amma son hadisələr baş verdikdə də gördük ki, nəsihəti ancaq Azərbaycana verirlər. Bildirirlər ki, məsələni hərb yolu ilə həll etmək olmaz. Niyə ermənilər torpaqlarımızın 20 faizini tutanda onlara "dur" demədiniz? Hətta bəzi qonşu dövlətlər onların arxasında duraraq proseslərə dəstək verdilər".
Q.Hüseynli deyib ki, Qərb ölkələrinin məntiqinə təəccüb etməyə bilmirsən. Onun fikrincə, bu dövlətlər təcavüzkarla təcavüzə məruz qalanı eyni tuturlar və hər ikisinə eyni münasibət bildirirlər: "Ermənilərin əli dirsəyə qədər qana batıb, Azərbaycan isə itkilərə məruz qalıb, torpaqlarını itirib. Məgər silah tutanla, silahın altında əzilən insan arasında fərq yoxdur? Dünyanın subyektivliyi, qeyri-obyektivliyi bunda özünü təzahür etdirir və bu, cəbhədə baş verən son hadisələrdə də özünü bir daha göstərdi. Əlbəttə, müharibə yaxşı şey deyil. Əgər dünya bunu istəmirsə, müharibəni yaradan səbəbləri aradan qaldırmaq lazımdır, sülhyaratma prosesində obyektiv olmaq lazımdır. Bunu edə bilmirlər, amma öyüd-nəsihəti birinci Azərbaycana edirlər. Hesab edirəm ki, Qərb dövlətlərinin, bütövlükdə dünyanın son reaksiyası hadisələrin çözülməsinə xidmət etmir".
BƏXTİYAR