5 Mart 2015 10:06
738
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bu gün Ermənistan müstəqil siyasət yürüdə bilmir. Hazırda bu ölkəni idarə edənlərin əlləri azərbaycanlıların qanına batıb".

Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Amerika Birləşmiş Ştatlarının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta ilə görüşündə deyib.

Ə.Həsənovun sözlərinə görə, bu baxımdan bu rejim sülh müqaviləsi ilə torpaqların geri qaytarılmasına razı olmur: "Məhz bu amilə görə ATƏT-in Minsk qrupu heç bir nəticə əldə edə bilmir".

Azərbaycan xalqının və dövlətinin sülhsevər olduğunu bildirən Baş nazirin müavini ölkəmizin sürətlə inkişaf etdiyini, son 10 ildə Azərbaycanda işsizliyin səviyyəsinin 49 faizdən 5 faizə düşdüyünü vurğulayıb. Baş nazirin müavini deyib: “Azərbaycan Prezidenti ölkənin strateji inkişafının 5 istiqamətini müəyyənləşdirib. 2020-ci ilə qədər olan müddəti nəzərdə tutan strategiyaya əsasən ölkədə bir nəfərdə olsun yoxsul insan qalmamalıdır. Digər məqsədə görə isə 2020-ci ilə qədər Azərbaycan inkişaf etmiş ölkələr sırasına daxil olmalıdır. Bu müddətdə neftdən asılılıq tamamilə aradan qaldırılmalıdır.

Korrupsiyaya qarşı mübarizə beynəlxalq tələblərə cavab verməlidir. Son istiqamət isə insan hüquqlarının qorunmasının beynəlxalq tələblərə cavab verməsi ilə bağlıdır”.

Bildirilib ki, ölkəmizdə son 20 ildə humanitar təşkilatlar tərəfindən dəyəri 1 milyard dollardan çox olan yardım layihələri həyata keçirilib. Bunun bir qismi isə ABŞ-ın qeyri-hökumət təşkilatlarının payına düşür.

Baş nazirin müavini bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupu 20 ildən artıqdır hər hansı bir konkret nəticə əldə etməyib.

Əli Həsənov deyib ki, əslində indiki Ermənistan Respublikası tarixi Azərbaycan torpaqlarında yaradılıb. Ancaq onlar heç vaxt bununla kifayətlənməyiblər.

Azərbaycan və ABŞ arasında hər zaman yaxşı əlaqələrinin olduğunu deyən Əli Həsənov bu münasibətlərin bu gündə inkişaf etdiyini bildirib.


Müəllif:

Oxşar xəbərlər