Musa Qasımlının sözlərinə görə, ermənilər tarix boyu Türkiyədən ala bilmədiklərini azərbaycanlılardan qoparmağa çalışıblar
Ötən bazar Romadakı Müqəddəs Pyotr kilsəsində ənənəvi mərasim təşkil olunub. Ermənistan prezidenti Serj Sarkisyan və erməni dini liderlərinin də iştirak etdiyi mərasimdə Roma Papası I Fransisk nasizm və stalinizmin dəhşətlərindən söhbət açıb. O, çıxışında Birinci Dünya müharibəsi dövründə baş verən hadisələrə də toxunub və “erməni soyqırımı”nı XX əsrin ilk soyqırımı kimi təqdim edib. Roma Papasının bu bəyanatı təbii olaraq Türkiyənin sərt etirazı ilə qarşılanıb. Rəsmi Ankara Papanın belə mövqeyinə görə Vatikandan izahat tələb edib. Türkiyə həm Vatikandakı səfirini məsləhətləşmələr üçün geri çağırıb, həm də Vatikanın Türkiyədəki elçisini ölkənin Xarici İşlər Nazirliyinə dəvət edərək, ona narazılığını çatdırıb. Uydurma soyqırımının qeyd olunduğu tarix ərəfəsində baş verən hadisələr, ASALA erməni terror təşkilatının Türkiyənin ünvanına hədələyici bəyanatı, Roma Papasının ermənipərəst mövqeyi, Çanaqqala savaşının yüzilliyi və sair proseslərlə bağlı “Kaspi”nin suallarını AMEA-nın Dünya Siyasəti İnstitutunun direktoru, millət vəkili Musa Qasımlı cavablandırır.
- Musa müəllim, hər il aprelin 24-nü ermənilər uydurma soyqırımının ildönümü kimi qeyd edirlər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə cari il aprelin 24-də Çanaqqala savaşının yüz illik anım mərasimi və yürüş keçiriləcək. Rəsmi Ankara tərəfindən belə bir qərarın qəbul edilməsi tarixi və siyasi baxımdan nə dərəcədə əhəmiyyətlidir?
- Tarixdə erməni soyqırımı adlanan hadisə olmayıb. Bu, ermənilərin özlərinin uydurmasıdır. XX əsrdə ilk terror aktlarını, soyqırımını erməni təşkilatları, erməni silahlı dəstələri və daşnak Ermənistanı törədib. Özlərinin cinayət əməllərinin üstünü ört-basdır etmək üçün uydurma soyqırımı yalanlarını “istehsal etməyə” başlayıblar. Ermənilərin uydurma soyqırımına cavab olaraq, Türkiyə hökumətinin Çanaqqala zəfərinin yüz illiyinin qeyd edilməsi barədə qərarı təqdirəlayiqdir. Türk hökuməti bununla dünyaya barış, əməkdaşlıq, mehriban qonşuluq mesajlarını verir.
- ASALA erməni terror təşkilatı Çanaqqala zəfərinin 100-cü ildönümü tədbirlərində iştirak etmək üçün dəvət alan ölkələri təhdid edib. Müxtəlif ölkələrdə fəaliyyət göstərən türk diplomatlarının elektron ünvanına bu təşkilatdan hədə dolu məktublar daxil olub. Sizcə, bu cür terror hədəsi ilə Türkiyədəki mərasimə hər hansı maneə törətmək mümkündürmü?
- Ümumiyyətlə, Cənubi Qafqaza terroru ilk dəfə erməni təşkilatları gətirib. Hətta çarizm sənədlərinin birində qeyd olunur ki, erməni cəmiyyəti terrorçudan başqa bir şey hazırlamayıb, erməni tipi dedikdə terrorçu göz önünə gəlir. ASALA-nın dövlət başçılarını terrorla hədələməsi yeni hadisə deyil. Bu günə qədər ASALA-nın 110-a yaxın terror hadisəsi törətdiyi məlumdur. Həmin terror təşkilatının cinayətlərinin üçdə birindən çoxu müxtəlif dünya ölkələrinin aeroportlarına qarşı yönəldilib. ASALA tərəfindən törədilən terror aktlarının 50 faizdən çoxuna müxtəlif diplomatik missiya əməkdaşları, o cümlədən 42 nəfər Türkiyə diplomatı da məruz qalıb. Bu təşkilat tərəfindən müxtəlif din xadimləri və KİV nümayəndələrinə qarşı da cinayətlər törədilib. Lakin türk diplomatlarına qarşı da yönələn bu terror aktlarının heç biri Türkiyəni öz yolundan döndərməyib. Bununla onlar indi də heç nəyə nail ola bilməyəcəklər. Mərasimdə iştirakla bağlı artıq 50-dən artıq dövlət rəsmisinə dəvət göndərilib və onların əksəriyyəti bu dəvəti qəbul ediblər. ASALA-nın Türkiyənin ünvanına hədələyici bəyanatla çıxış etməsi xarici dövlət başçılarının Çanaqqala savaşının yüzillik anım mərasiminə getməsini əngəlləyə bilməyəcək. Sadəcə, ASALA-nın yenidən zühur edərək, terror hədəsi ilə çıxış etməsi bir daha onu göstərir ki, terror bu gün də Ermənistan Respublikasının dövlət siyasətinin tərkib hissəsi olaraq qalmaqdadır. ASALA terrorçuları Ermənistan hakimiyyətinə sığınıblar və onlar bu hakimiyyətin işarəsi ilə hərəkət edirlər.
- Roma Papası I Fransiskin din xadimi olmasına rəğmən tarixi proses barədə yanlış rəy yaratması, daha çox erməni mövqeyindən çıxış etməsi nəyin göstəricisidir?
- Roma Papası I Fransiskin bu hərəkəti təəssüf doğurur. Hər şeydən öncə ona görə ki, din xadimləri sülh, xoşgörü, mehriban qonşuluq naminə çağırışlar etməlidirlər. Onlar milli münasibətləri kəskinləşdirməməli, tarixdən siyasət düzəltməməlidirlər. Roma Papası I Fransisk son mövqeyi ilə ilk növbədə bu normaları pozub. Yəni din adamı olaraq, xalqları düşmənçiliyə çağırdı, sülhü, əmin-amanlığı, mehriban qonşuluğu arxa plana keçirdi. Roma Papası dinlər arasında dialoqa, sülhə, barışa çağırış etməli idi. Lakin təəssüf ki, belə olmadı. Digər tərəfdən, din xadimi tarixi məsələləri şərh etməli deyil. Din xadimi mənəviyyat adamıdır. Çox təəssüf ki, bu dəfə də Roma Papasından belə yanaşmanı görmədik. O, tarixdə olmayan bir hadisəni dilinə gətirməklə, əslində təəssübkeşliyini ortaya qoydu. Bu, olduqca yanlış təəssübkeşlikdir. Tamamilə sözdə uydurma soyqırımının tərəfini saxlamaqdır. Bununla Roma Papası I Fransisk xalqlar və dinlərarası dialoqa böyük zərbə vurmuş oldu. Onun bu addımı ya tarixi bilməməkdən, yaxud da saxta məlumatları həqiqət kimi qəbul etməsindən, hansısa təəssübkeşliyin təsiri altında olmasından irəli gəlir.
- Roma Papasının son açıqlamasına Türkiyə rəsmi şəkildə münasibət bildirib və zəruri diplomatik addımlar atıb. Bəs belə vəziyyətdə Azərbaycan hansı mövqeyi sərgiləməlidir?
- Ermənilərin fəaliyyət taktikasını təhlil etsək, görərik ki, onlar daim uydurma soyqırımını qabardıb, bu yöndə geniş təbliğat aparıblar. Bununla Türkiyədən böyük ərazilər qopartmaq istəyiblər. Son nəticədə isə bununla tarixdə olmayan “Böyük Ermənistan”ı yaratmağa cəhd ediblər. “Erməni soyqırımı” bu günə kimi mövcud olmayan “Böyük Ermənistan”ı yaratmaq üçün, sadəcə, bir vasitədir. Ermənilərin xəyallarında “Böyük Ermənistan” Türkiyə ilə yanaşı, Azərbaycanın da ərazilərinin böyük bir hissəsini əhatə etməlidir. Bu, qonşu ölkələrin ərazi bütövlüyünü tanımamaq, ona əsassız iddia irəli sürmək, işğalçılıq niyyəti güdmək deməkdir. Ermənilər tarix boyu Türkiyədən ala bilmədiklərini azərbaycanlılardan qoparmağa çalışıblar. Ona görə də Roma Papasının bəyanatından sonra Azərbaycan da öz mövqeyini ortaya qoymalıdır. Əgər Roma Papası dediklərindən imtina etməzsə, onun sözləri xristian dünyasına çox ciddi təsir edəcək. Bu isə mənfi nəticələrə gətirib çıxara bilər ki, bunun acı zərbəsi bizə də dəyər.
- Musa müəllim, Siz tədqiqatçı, tarixçi alimsiniz və bir çox xarici ölkə arxivlərində araşdırmalar aparmısınız. Xarici ölkələrin, xüsusən də Rusiyanın arxivlərində uydurma soyqırımının olmadığını sübut edən sənədlər varmı?
- Mən bir neçə ölkənin arxivində araşdırma aparmışam. Uydurma soyqırımına dair irihəcmli monoqrafiya yazmışam. Bir tədqiqatçı olaraq deyə bilərəm ki, “erməni soyqırımı” adlı hadisə tarixdə baş verməyib və bu, yalnız ermənilərin uydurmasıdır. Ən mötəbər arxiv mənbələri, rəsmi yazışmalar göstərir ki, kütləvi qırğınları ilk dəfə olaraq erməni silahlı dəstələri törədiblər. Sonra isə bu qırğınları türklərin üzərinə atıblar. Ermənilərin “əsaslandıqları” xatirələrdir. Onların əlində uydurma soyqırımının baş verdiyini təsdiq edən heç bir rəsmi sənəd yoxdur. Bizim əldə etdiyimiz rəsmi sənədlər isə Rusiya Xarici İşlər Nazirliyinin sənədləri, rəsmi-diplomatik yazışmalardır. Bunlar ən mötəbər mənbələrdir. Uydurma soyqırımı siyasi məqsədlər üçün yaradılıb və Türkiyəyə təzyiq əhəmiyyəti daşıyır. Hesab edirəm ki, Türkiyə tədqiqatçıları Rusiya və Gürcüstan arxivlərində daha çox işləməlidirlər. Türkiyə öz arxivlərini açıb və erməni tarixçiləri Osmanlı dönəmində belə bir hadisənin baş verib-vermədiyini dəqiqləşdirmək üçün həmin arxivlərdə tədqiqat apara bilərlər. Əgər ermənilərin əlində hər hansı sənəd varsa, onlar da Ermənistan arxivlərini açsınlar. Reallıq bundan ibarətdir ki, ermənilərin əlində uydurma soyqırımının baş verməsi barədə heç bir sənəd yoxdur.
- Bəzən Türkiyə cəmiyyətində Ermənistanla sərhədlərin açılması məsələsi gündəmə gətirilir və iddia olunur ki, sərhədlər açılarsa, münasibətlər yaxşılaşarsa, “erməni soyqırımı” və sair problemlər də həllini tapa bilər. Bu, nə dərəcədə əsaslı iddiadır?
- Türkiyə cəmiyyətində ortaya atılan belə fikirlər kökündən yanlışdır. 1990-cı illərin əvvəllərində Türkiyə öz hava məkanını Ermənistan üçün açdı. Bu ölkəyə Türkiyədən humanitar yardımlar getdi. O dövrdə bəzi Türkiyə rəhbərləri düşünürdülər ki, bununla Ermənistan yumşalacaq, işğalçılıqdan, ərazi iddialarından əl çəkəcək, Azərbaycan ərazilərindən qoşunlarını çıxaracaq. Lakin bunun əksinə olaraq, Ermənistan Azərbaycan ərazilərinin işğalını davam etdirdi. Bu gün də Ermənistan beynəlxalq hüquq normalarını heçə sayır. BMT Təhlükəsizlik Şurasının Azərbaycan ərazilərinin qeyd-şərtsiz boşaldılması, işğala son qoyulması barədə 4 qətnaməsini, həmçinin digər beynəlxalq təşkilatların çağırışlarını yerinə yetirmir. Belə olan halda, Türkiyə Ermənistanla sərhədləri açsa, köksünü yarıb erməniləri ürəyində yerləşdirsə belə, onlar torpaq, təzminat, uydurma soyqırımını tanıtma iddialarından əl çəkməyəcəklər. Çünki uydurma soyqırımı Ermənistan Respublikasını və xaricdəki erməni diasporunu ayaqda tutan, bir araya gətirən vasitədir. Türkiyə Ermənistana, ermənilərə nə qədər xoş münasibət bəsləsə də, Ermənistan düşmənçilikdən heç zaman imtina etməyəcək.
- Azərbaycan ilə Türkiyənin dünyada erməni yalanlarına qarşı apardığı birgə mübarizə öz effektini verirmi?
- Erməni uydurmalarının bu səviyyəyə gəlib çıxmasının bir səbəbi də Türkiyənin uzun illər boyu bu məsələlərə laqeyd qalması olub. Türklər fikirləşiblər ki, dünya ədalətlidir və etmədikləri bir əməli kimsə onların boynuna qoya bilməz. Lakin dünya ədalətli deyil. Tarix göstərdi ki, ermənilər yalan üzərində qurduqları təbliğatla dünyanı özlərinə inandırmağı bacardılar və türklərin etmədikləri əməlləri onların boynuna qoymağa çalışdılar. Türkiyədən fərqli olaraq, Azərbaycan uzun illər müstəqil olmayıb. 1920-ci ildə ruslar tərəfindən işğal edilən və 70 il müddətində Sovetlər Birliyində mövcudluğunu qoruyan Azərbaycanın belə məsələləri araşdırmaq, əks təbliğat aparmaq imkanları olmayıb. Ancaq 1923-cü ildən cümhuriyyət olaraq müstəqil siyasət yürüdən Türkiyənin bu məsələlər ətrafında ciddi araşdırma aparmaq, müəyyən tədbirlər görmək imkanları olub. Amma Türkiyə bu imkanlardan lazımınca istifadə etməyib. 1991-ci ildə ikinci dəfə müstəqilliyini bərpa edən Azərbaycan isə bir neçə il sonra həyata keçirdiyi fəaliyyət nəticəsində ermənilərin 300 illik yalanlarını ifşa edəcək çox ciddi materiallar ortaya qoya, bu yöndə mühüm təbliğat apara bildi. Xüsusən də ölkə başçısı İlham Əliyevin “hücum diplomatiyası”nı müəyyənləşdirməsindən sonra erməni yalanlarına qarşı geniş təbliğat işlərinə start verildi. Dünya yüz il bundan öncə olub-olmadığı bilinməyən, uydurma soyqırımından danışmaq əvəzinə, gözümüzün önündə baş verən reallıqlardan danışmalıdır. Bu reallıqlar 1918-ci ilin martında Bakıda və Azərbaycanın digər ərazilərində azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilən soyqırımıdır, həmin hadisələri özündə əks etdirən arxiv sənədləri, fotoşəkillərdir. Qubada aşkar edilən və hazırda memorial kompleks kimi fəaliyyət göstərən kütləvi məzarlıqlardır. Eləcə də Cənubi Qafqazda mövcud olan digər kütləvi məzarlıqlardır. Ermənilərin müasir dövrdə dövlət səviyyəsində törətdiyi soyqırımının daha bir nümunəsi 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Xocalı şəhərində baş verən kütləvi qətliamdır. Bu hadisənin canlı şahidləri, foto və video görüntüləri var. Bəşəriyyət əleyhinə yönəlmiş bu cinayətin törədilməsində indiki Ermənistan siyasi rəhbərliyi bilavasitə iştirak edib. Dünya ermənilərin uydurduğu “soyqırımı”nı bir kənara atıb, Xocalıdakı soyqırımından danışmalıdır. Ancaq təəssüf ki, böyük ölkələr ədalətli deyillər və onlar üçün maraqlar, təəssübkeşlik daha önəmlidir. Onlar bu təəssübkeşliyin təsiri altında da hərəkət edirlər.