18 Aprel 2015 13:06
793
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Parlamentinin qəbul etdiyi “sənəd” Qarabağ münaqişəsinə necə təsir edəcək?

Avropa Parlamentinin aprelin 15-də qəbul etdiyi qətnamə Azərbaycan cəmiyyətində də ciddi etiraz doğurub. Qətnaməyə Azərbaycan Xarici İşlər Nazirliyi, millət vəkilləri, qeyri-hökumət təşkilatları etirazlarını bildiriblər. Bəs, bu qətnamə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə hansı zərbəni vuracaq?

“Avropa Parlamenti erməni maraqlarına istinad edərək belə bir qətnamə qəbul edib”

Bu istiqamətdə sualları cavablandıran Milli Məclis sədrinin müavini, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Bahar Muradova bildirib ki, Avropa Parlamenti kimi mötəbər və nüfuzlu qurumun belə qeyri-ciddi qətnamə qəbul etməsi təəssüf doğurur. Çünki bu qurum yalnız Avropanın maraqlarına uyğun qərarların qəbulu və yaxud da onların doğru hesab etdikləri məsələlərə münasibət ortaya qoymaq üçün deyil: “Orada oturanlar daha məsuliyyətli davranaraq dünyada gedən proseslərə obyektiv qiymət verməyə çalışmalıdırlar. Hər bir qurum özünün səlahiyyətinə aid məsələlərə baxmalıdır. Bu qurumun üzvü olmayan dövlətlərdə baş verən hadisələr haqqında qərarlar qəbul edərkən də obyektiv olmaq, tərəf tutmamaq və bu ölkələrlə Avropa Parlamenti arasındakı münasibətləri daha da yaxınlaşdırmağa xidmət edəcək addımlar atmaq lazımdır. İndi görünən odur ki, Avropa Parlamenti erməni maraqlarına istinad edərək belə bir qətnamə qəbul edib. Avroparlamentarilər Ermənistanın 200 il əvvələ gedib çıxan siyasətinin son məqamlarına diqqət edərdilər. Heç bir sübuta, dəlilə ehtiyacı olmayan hadisələrə də nəzər yetirərdilər.

Bizim bu tipli beynəlxalq qurumlardan gözlədiyimiz Avropanın özünün də qarşı çıxdığı təcavüz faktlarına münasibət bildirməkdir. Amma Ermənistanla, bu işğalçı ölkənin Azərbaycana yönəlik təcavüzkar siyasəti ilə bağlı konkret mövqe sərgiləmədən və təcavüzkarı dayandırmağa xidmət edən addım atmadan ermənilərin stimullaşdırılmasına xidmət edən belə qərarların qəbulu doğru deyil. Hesab edirəm ki, bu qətnamənin qəbulu məqsədli şəkildə həyata keçirilib. Bu, yalnız insani nöqteyi-nəzərdən qəbul edilən qərar deyil. 100 il bundan əvvəl baş verən hadisələr haqda danışarkən o zaman türk millətinin, Osmanlıda yaşayan başqa xalqların da yaşadığı faciələrdən söhbət açılmalı, ən azı ona da münasibət bildirilməli idi. Bütün bunlar olmadığı təqdirdə belə bir qətnamənin qəbulu belə deməyə əsas verir ki, Avropa Parlamenti özünün subyektiv mülahizələrinə və erməni iddialarına əsaslanan addım atıb. Bu addım dinlər, millətlər və xalqlararası münasibətlərə zərər vura bilər. Belə bir qətnamə qəbul etmək, Türkiyəni öz tarixinə yenidən baxmağa, qondarma “soyqırımı” tanımağa, Ermənistanla münasibətləri düzəltməyə çağırmaq absurddur.

Hesab edirəm, bu qərar Ermənistan-Türkiyə münasibətlərinin gərginləşməsinə səbəb olacaq".

“Bu qərarla Ermənistanın təcavüzkar siyasətinə haqq qazandırmış olurlar”

B.Muradova deyib ki, bu qətnamənin Dağlıq Qarabağ münaqişəsinə birbaşa və dolayısı ilə aidiyyəti var. Onun sözlərinə görə, baxmayaraq ki, bu qətnamənin hüquqi qüvvəsi yoxdur və heç bir dövlətin üzərinə konkret öhdəlik qoymur, yalnız tövsiyə xarakteri daşıyır. Amma Avropa Parlamentinin addımının erməniləri ruhlandıracağını heç kəs inkar edə bilməz: “Bu qərarla onlar Ermənistanın təcavüzkar siyasətinə haqq qazandırmış olurlar, dəstək verirlər, onların yanında dayanırlar. Deməli, təcavüzə məruz qalmış insanların məhrumiyyətlərinə göz yumurlar, erməni təcavüzü nəticəsində doğma torpağından didərgin düşmüş bir milyondan artıq azərbaycanlının faciəsini, kədərini görməzliyə vururlar. Onlar Ermənistanın siyasətinə dəstək verirlər. Ermənistan da bundan ruhlanaraq, Dağlıq Qarabağ məsələsində daha kəskin mövqe tutacaq, təxribatlara əl atacaq. Buna heç bir şübhə yoxdur. Bu, Ermənistanın mövqeyində mütləq öz əksini tapacaq”.

“Avropa Parlamenti bu qətnamə ilə sivilizasiyalararası dialoqun əhəmiyyətini heçə endirdi”
Politoloq Qabil Hüseynli isə bildirib ki, Avropa Parlamenti Avropada qütbləşməni, sivilizasiyalararası qarşıdurmanı dərinləşdirən bir qətnamə qəul edib. Özü də heç bir dəlilə, tarixi fakta arxalanmadan millətlərarası etimadsızlığı dərinləşdirən hörmətsiz bir qərar qəbul etdi: “Onsuz da dünənədək zəif Ermənistan danışıqlar masası ətrafında kifayət qədər qeyri-konstruktiv bir mövqe sərgiləyirdi. İndi Roma papasının məlum bəyanatından, Avropa Birliyinin qətnaməsindən, 24 aprelədək Fransua Olland tipli siyasətçilərin Yerevana gəlişini də bura əlavə etsək, ermənilərin özünə güvəni xeyli artacaq. Ermənilər qondarma ”soyqırımı" dünyaya necə bərbəzəkli tonda təqdim etməyi bacardılarsa, Azərbaycan ərazilərinin işğalını da “Artsax milli azadlıq hərəkatı” adı altında dünyaya təqdim etməyə cəhd edəcəklər. Bu fonda Ermənistan Azərbaycan ərazilərinin 20 faizini işğal edib, bu ərazilərdən 1 milyondan artıq insanın didərgin düşməsi, Azərbaycana 350 milyard dollaradək maddi ziyan dəyməsi kimi məsələlər deyəsən, avropalıların heç vecinə də deyil. Yəni, onlar yaxın dövrün bu hadisələri barədə məlumatlı olsaydılar yəqin ki, qondarma erməni soyqırımı məsələsində bir qədər ehtiyatlı danışardılar. “Erməni soyqırımı”ndan danışaydılar belə, həmin dövrün şərtlərini də göz önünə gətirməli idilər. Avropa Parlamenti bu qətnamə ilə sivilizasiyalararası dialoqun əhəmiyyətini heçə endirdi".

Səxavət HƏMİD


Müəllif:

Oxşar xəbərlər