Adil Əliyev: “Minsk qrupunun fəaliyyətsizliyi Azərbaycanın başqa vasitələrə əl atmasını tezləşdirir”
Zahid Oruc: “Biz hazırda düşmən üzərində qələbə üçün bütün lazımi əsaslara malikik”
Azərbaycanla Ermənistan arasında atəşkəs elan edilməsinin 21 ili tamam olub. Ötən müddət ərzində cəbhə xəttində atışmalar olsa da, ümumilikdə hərbi əməliyyatlar geniş xarakter almayıb.
Ötən ilin avqustunda Ermənistan silahlı birləşmələrinin Azərbaycan Ordusunun Tərtər istiqamətindən etdiyi hücumlar nəticəsiz qaldı, bunun ardınca isə noyabr ayında düşmən hərbi helikopteri Silahlı Qüvvələrimiz tərəfindən vuruldu. Bu isə öz növbəsində atəşkəsin imzalandığı gündən indiyədək Azərbaycan Ordusunun regionda öz sözünü deməyə qadir olduğunu göstərdi.
Atəşkəsin xronologiyası
1994-cü il mayın 8-də tərəflər arasında atəşkəsin əldə edilməsi barədə imzalanmış “Bişkek protokolu” mayın 12-də qüvvəyə minib və cəbhə xəttində aktiv hərbi əməliyyatlar həmin gündən dayandırılıb.
Azərbaycan və Ermənistan arasında atəşkəsin imzalanması ilə bağlı təkliflə 1994-cü il mayın 4-də Rusiya çıxış edib. Qırğızıstanın paytaxtı Bişkekdə MDB Parlamentlərarası Assambleyasının (MDB PA) iclasında Rusiya atəşkəs haqqında sazişin layihəsini tərəflərə təqdim etsə də, Ermənistan-Azərbaycan danışıqları nəticə verməyib. Əsas fikir ayrılığı protokolda Azərbaycan və Ermənistanla yanaşı, Dağlıq Qarabağın erməni icmasına da bərabər tərəf kimi yer ayrılması olub.
Mayın 8-də ATƏT-in Minsk qrupunun Rusiyadan olan həmsədri Vladimir Kazimirovun iştirakı ilə sənədi Azərbaycan Milli Məclisinin o vaxtkı sədri Rəsul Quliyev və Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Nizami Bəhmənov imzalayıb. Rusiyanın layihəsinə görə, Ermənistan və Azərbaycanın birinci şəxsləri atəşkəs sazişinin ardınca hazırlanacaq “Böyük sülh sazişi”nə imza atmalı idilər.
Mayın 19-da isə atəşkəs müqaviləsinin həyata keçirilməsinə nəzarət məqsədilə ATƏT-in Dağlıq Qarabağ üzrə daimi komitəsi yaradılıb.
Qeyd edək ki, 1993-cü ilin dekabr ayından etibarən Azərbaycan Silahlı Qüvvələri cəbhə xəttində uğurlu hücum əməliyyatları keçirməyə başlayıb. Cəbhə xəttinin cənub istiqamətində hücum edən Azərbaycan Silahlı Qüvvələri Horadiz qəsəbəsi daxil olmaqla, Füzuli rayonunun 20-yə yaxın yaşayış məntəqəsini azad edib. Lakin Azərbaycan Ordusunun 1994-cü ilin fevral-mart aylarında Ağdam-Tərtər və Murovdağ istiqamətində hücumları istənilən nəticəni verməyib. Ermənistan Ordusu bütün ehtiyat qüvvələrini cəbhənin adıçəkilən istiqamətinə və şimalına yönəltməklə, Azərbaycan Ordusunun hücumunu dayandırmağa müvəffəq olub. Azərbaycan hərbi aviasiyasının fevral-mart aylarında Ağdam və Tərtər istiqamətində həyata keçirdiyi hava dəstəyi nəticəsində Ermənistan Ordusunun əsas ehtiyat qüvvələri məhv edilib. Məhz bundan sonra Rusiyanın işə qarışması ilə atəşkəsin imzalanmasına dair danışıqlara start verilib.
“Bu illər ərzində Azərbaycan gücləndi”
Millət vəkili Adil Əliyev bildirib ki, atəşkəsin imzalanması Azərbaycana yenidən güclənməsi üçün əlavə vaxt qazandırdı: “Həmin dönəmdə Ulu Öndər Heydər Əliyev hakimiyyətə yeni gəlmişdi və vəziyyəti düzgün analiz edərək, sazişin imzalanmasına nail oldu. Çünki keçmiş hakimiyyət yeni iqtidara xaos, qeyri-stabil vəziyyət və dağınıq ordu, dağılmış iqtisadiyyatı miras qoymuşdu. Bununla hansısa uğurlu nəticə əldə etmək mümkün deyildi. Ona görə Heydər Əliyevə vaxt lazım idi ki, Azərbaycanı bugünkü vəziyyətə gətirib çıxa bilsin. Baş verənlər bir daha onu göstərir ki, Heydər Əliyev uzaqgörən siyasətçi idi”.
A.Əliyev bildirib ki, bu illər ərzində Azərbaycan gücləndi və dünyada mövqeyini daha da möhkəmləndirdi: “İqtisadi və enerji layihələrini gerçəkləşdirməklə, Ermənistanı böglədən təcrid edə bildi. Nəticədə bu gün Ermənistan səfalət içindədir və insanlar ölkəni tərk edirlər. Çünki Ermənistan özü bu yolu seçib. Rəsmi İrəvanın Azərbaycan və Türkiyəyə qarşı düşmənçilik siyasəti ona heç nə qazandırmadı. Azəbaycan ölkəyə daxil olan böyük maliyyə hesabına güclü ordusunu qurdu və bölgənin lider dövlətinə çevrildi”.
Millət vəkili beynəlxalq təşkilatları tənqid edərək deyib ki, atəşkəs dönəmində onlar Ermənistanın təcavüzkar siyasətindən imtina etməsi üçün hansısa ciddi iş ortaya qoymadılar: “ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi və həmsədrlərin turist səfərləri bu qurumu əhəmiyyətsiz vəziyyətə gətirib. Onların nəticəsiz fəaliyyətləri Azərbaycanın başqa vasitələrə əl atmasını tezləşdirir. Sabah bölgədə müharibə baş verəcəksə, məsuliyyət Ermənistanın və onun işğalçılıq siyasətini qınamayan beynəlxalq güclərin üzərinə düşəcək”.
“Azərbaycan atəşkəsdən düzgün istifadə edib”
Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Zahid Oruc deyib ki, 1994-cü ilin 12 mayında imzalanan atəşkəs ilk növbədə Azərbaycana düşmənin harada yerləşdiyini dəqiq təyin etməyə imkan verdi: “Çünki ona qədərki zamanda ölkə daxilində yaranmış şərait, xüsusilə etnik-milli separatizm tendensiyalarının daha da stimullaşdırılması ermənilərə hədsiz güc verirdi. Həmçinin Azərbaycanda dövlətçiliyin oturuşmasına, onun konkret olaraq beynəlxalq aləmə vahid bir rəhbərin vasitəsilə təqdimatına zərbə vururdu. Ulu Öndər Heydər Əliyev atəşkəs sazişinin imzalanmasına getməklə, ilk növbədə ölkəyə olan təhlükələri müəyyən mənada neytrallaşdırmaq imkanı əldə elədi. Eyni zamanda, müharibə üçün önəmli olan ordunun quruculuğu ilə bağlı ilk addımlar atıla bildi. Nə üçün ilk? Çünki etiraf eləmək lazımdır ki, silaha sarılan və könüllü olraq müharibəyə gedən, Azərbaycan torpaqları uğrunda savaşda iştirak edən o insanların böyük əksəriyyəti vahid ordu olmadığından müxtəlif siyasi qüvvələrin və ayrı-ayrı siyasi şəxslərin ətrafında qərarlaşmağa məcbur olmuşdular. Onların hamısını Azərbaycanın silahlı qüvvələrinə çevirmək, vahid nizamnamə əsasında hərəkət etdirmək üçün mütləq imkanlar lazım idi.
İkincisi, iqtisadi şərait hədsiz dərəcədə ağır idi, müharibə isə bütün hallarda məhz böyük maliyyə imkanlarının üzərində aparılır. Digər tərəfdən Azərbaycan beynəlxalq aləmdən təcrid olunmuşdu. Bu isə bizim təklənməyimizə və ən yaxın müttəfiqimiz olan Türkiyənin belə həmin dövrlərə qədər bizə normal diqqət və yardım göstərməsinə imkan vermirdi. Bir sözlə, atəşkəs 1990-cı illərdən başlayan məğlubiyyət və faciələrin dayandırılması üçün bizə taym-aut kimi gərək oldu. Amma ondan sonrakı dövrdə Azərbaycan müharibənin nəticələrini ortadan qaldırmaq, vurulmuş humanitar ziyanları dəf eləmək, köçkünü, qaçqını yerləşdirmək, daha sonra isə toparlanaraq daha güclü səviyyədə meydana çıxmaq üçün addımlar atdı".
Z.Orucun fikrincə, Ulu Öndərin qurduğu ordu hələ ki vuruşmayıb: “Ona görə də cənab Prezident çıxış edəndə söyləyir ki, birinci Qarabağ müharibəsinin nəticələrində uğursuzluqla üz-üzə qalmışıq, torpaqlarımız təcavüz altına düşüb, lakin ikinci Qarabağ savaşı da olacaq. Bununla bərabər Azərbaycan həmin müharibəni öz iradəsindən kənarda deyil, məhz qalibiyyəti təmin edəcək ən mühüm anda həyata keçiriləcək bir addım kimi atmalıdır. Yəni, bu, bəzən müxtəlif ölkələr arasındakı savaşlar və daxildə törənən vətəndaş toqquşmaları kimi deyil, məhz planlı, sistemli, dəqiq ssenariləşdirilmiş bütün qüvvələri hərbi və digər taktiki cəhətdən tam hazır olan bir proses və ya qərar kimi olmalıdır. Müharibə sözünü ifadə eləmək çox asandır, lakin onun həyata keçirilməsi isə özünməxsus qanunlara malikdir. Ona görə də Azərbaycan atəşkəsdən maksimum dərəcədə düzgün istifadə edib. Əvəzində düşmən bu dövrdə kifayət qədər zəifləyib və indi artıq biz düşmən üzərində qələbə üçün bütün lazımi əsaslara malikik”.
Atəşkəsin 21-ci ildönümü ilə bağlı ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib ki, ABŞ uzun müddət ərzində həll edilməyən Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllini tapması üçün ATƏT-in Minsk qrupundakı roluna sadiqdir. Onun sözlərinə görə, həmsədrlər tərəfləri bir araya gətirmək üçün hər cür səy göstərir: “Lakin diplomat Ceyms Uorlikin dediyi kimi, münaqişənin həlli istiqamətində irəliləyiş əldə etmək üçün Azərbaycan və Ermənistan prezidentləri Paris sammitində dialoqların sürətləndirilməsi barədə üzərilərinə götürdükləri öhdəliklərinə sadiq qalmalı və atəşkəsə ciddi şəkildə əməl etməlidir”.
Səfir əlavə edib ki, onlar həmçinin sülh müqaviləsinə gətirib çıxara biləcək danışıqlar prosesinə daxil olmaq barədə razılığa gəlməlidirlər.
BƏXTİYAR