İrəvandan sonra digər şəhərlər də ayağa qalxdı
Ermənistanın paytaxtı İrəvanın mərkəzində iyunun 23-ü axşam yenidən etiraz aksiyası başlayıb. Elektrik enerjisi tariflərinin artmasına etiraz edən aksiya iştirakçıları prezident sarayına yürüş edərək dövlət başçısından tariflərin artırılması barədə qərarın ləğv edilməsini tələb etmək niyyətində olublar.
Etirazçılar Tumanyan küçəsi ilə yürüş edərək Baqramyan prospektinə çıxmağı planlaşdırıblar. Lakin Baqramyan prospektində dərhal polis qüvvələri toplaşmağa başlayıb. Vəziyyəti belə görən aksiya iştirakçıları yenidən mərkəzi Baqramyan prospektində oturaq piket keçirmək qərarına gəliblər.
Etirazçılar Ermənistan Yazıçılar İttifaqının binası qarşısında toplaşıblar. Polis onlara irəli hərəkət etməyə imkan verməyib. Polis aksiya iştirakçılarının 5 nümayəndəsinə prezident Serj Sərkisyanla görüşməyi təklif edib. Aksiya təşkilatçıları bu təklifi ümumi müzakirəyə çıxarmaq niyyətində olduqlarını bildiriblər. Etirazçılar polislə özləri arasında zibil qutularından sədd yaradaraq onları döyəcləyiblər.
ABŞ və Böyük Britaniyadan, nəhayət səs çıxdı
ABŞ-ın və Böyük Britaniyanın Ermənistandakı səfirlikləri İrəvanda etiraz aksiyasının dağıdılması zamanı polisin güc tətbiq etməsindən narahat olduqlarını bildiriblər. Bu barədə ABŞ-ın və Böyük Britaniyanın Ermənistandakı səfirliklərinin bəyanatında bildirilir.
“Söz və mitinq keçirmək azadlığı demokratiyanın əsas prinsiplərindən biridir və biz şadıq ki tərəflər bu prinsiplərə hörmətlə yanaşaraq gərginliyin artmasına yol verməyiblər. Lakin biz aksiya dağıdılarkən qeyri proporsional gücdən istifadə olunmasından və polis bölmələrində zorakılığa yol verilməsindən narahatıq”, deyə ABŞ səfirliyinin bəyanatında bildirilir. Səfirlik həmçinin hakimiyyəti polisin gücdən qeyri proporsional istifadə hallarını tam və şəffaf araşdırmağa çağırıb.
Analoji bəyanatla Böyük Britaniya səfirliyi də çıxış edib. “İrəvanda dinc aksiya iyunun 23-ü səhər saatlarında zorakılıqla yekunlaşıb. Çoxlu sayda aksiya iştirakçısı və jurnalist saxlanılıb. Çoxları düşünür ki, bunlar baş verməyə də bilərdi. Biz, əsasən, jurnalistlərə qarşı zor tətbiq edilmə, mülki geyimli şəxslərin aksiya iştirakçılarına qarşı gücdən istifadə faktlarından çox narahatıq”, deyə Britaniya səfirliyi qeyd edərək hökuməti dərhal müvafiq addımlar atmağa çağırıb.
Avropa Şurasının insan haqları üzrə komissarı Nils Muijnieks isə dinc aksiyanın dağıdılması zamanı güc tətbiqindən narahatlığını ifadə edib. O, Ermənistan hakimiyyətini insan haqları ilə bağlı beynəlxalq öhdəlikləri yerinə yetirməyə çağırıb. “Jurnalistlərə qarşı zorakılıq halları ilə bağlı aldığım məlumatlar narahatlıq doğurur. Mətbuat nümayəndələri təhlükəsiz və sərbəst şəraitdə işləməlidirlər”, - deyə o vurğulayıb.
Aksiyaçılar Sərkisyanla görüşməkdən imtina etdilər
Bu arada elektrik enerjisi tariflərinin qaldırılmasına etiraz edən aksiya iştirakçıları Ermənistan prezidenti Serj Sarkisyanla görüşməkdən imtina ediblər. Qeyd edək ki, bundan əvvəl polis aksiya iştirakçılarının 5 nümayəndəsinə problemləri müzakirə etmək üçün prezident Serj Sərkisyanla görüşməyi təklif edib.
Əlaqələndirmə qrupu Serj Sərkisyanla görüşməkdən imtina etdiklərini bildirərək, ölkə prezidentinə birbaşa yayımda elektrik enerjisi tariflərinin qaldırılması barədə qərarın qüvvədən düşməsini elan etməyi təklif edib.
Polis rəisi üzr istədi
Ermənistanın polis rəisi Vladimir Qasparyan etiraz aksiyasının dağıdılması zamanı KİV nümayəndələrinə qarşı güc istifadə olunduğuna görə jurnalistlərdən üzr istəyib. “Mən baş verənlərə görə üzr istəyirəm, xidməti araşdırma qısa müddət ərzində insidentin təfərrüatlarını müəyyənləşdirəcək”, deyə Qasparyan bildirib. O həmçinin polisin aksiyanın dağıdılması zamanı jurnalistlərə dəyən maddi ziyanı ödəyəcəyini bildirib.
Kremlin mətbuat katibi: “Rusiya Ermənistandakı hadisələri diqqətlə izləyir”
“Rusiya Ermənistandakı hadisələri diqqətlə izləyir. Ümid edirik ki, tez bir zamanda vəziyyət qanuna uyğun olaraq tənzimlənəcək”.
Bunu isə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. “Ermənistan bizin ən yaxın tərəfdaşımızdır. Bizi Ermənistanla, erməni xalqı ilə tarixi bağlar birləşdirir. Əlbəttə ki, biz orada baş verən hadisələri çox diqqətlə izləyirik. Ümid edirik ki, tez bir zamanda bu vəziyyət qanuna uyğun olaraq tənzimlənəcək və heç bir qanun pozuntusu olmayacaq”, deyə Kremlin mətbuat katibi qeyd edib.
Əraziyə əlavə polis qüvvələri cəlb edilib
İrəvanın mərkəzində aksiya keçirilən əraziyə əlavə polis qüvvələri cəlb edilib. Polis əməkdaşlarının əllərində dəyənək və alüminium qalxanlar olub. Gecə vaxtı aksiya keçirilən ərazidə işıqlar söndürülüb. Aksiyaya müxalifətdən olan bir qrup deputat və hakim partiyanın nümayəndəsi, təhsil naziri Armen Aşotyan qatılıb. Bir neçə deputat, mədəniyyət və şou-biznes nümayəndələri polis və etirazçılar arasında “canlı sədd” yaradıblar.
“Azad demokratlar” partiyasının sədri Xaçatur Kokobelyan bildirib ki, onların aksiya təşkilatçılarının taktikasına müdaxilə etmək niyyəti yoxdur, onların əraziyə gəlməsinin səbəbi baş verə biləcək hər hansı insidentin qarşısını almaqdır. Bundan əvvəl polis cərgələrində hərəkət müşahidə edilib. Polis rəisinin müavini Unan Poqosyanın bildirdiyinə görə, bu sadəcə növbə dəyişməsidir.
Digər şəhərlər də ayağa qalxdı
Etiraz aksiyasına Ermənistanın bir çox şəhər və cəmiyyətləri də qoşulub. Dünən Vanadzor və Gümrü şəhərlərində oturaq etiraz aksiyasının keçirildiyi məlum olub. “Oğurluğa yox!” təşəbbüs qrupunun üzvü Vaqinak Şuşanyan iştirakçılara qeyd edib ki, iyunun 24-ü saat 18:00-da Araqasotnedə də mitinqin baş tutacağı gözlənilir.
Şuşanyan, həmçinin vurğulayıb ki, elektrik enerjisi tariflərinin artırılmasına qarşı etiraz aksiyasına Los Anceles, Strasburq, Fransa və Almaniyanın bir neçə şəhəri daxil olmaqla, xaricdə fəaliyyət göstərən erməni icmaları da qoşulublar.
Ermənistan polisinin rəis müavini: “Aksiya iştirakçılarında soyuq silah aşkarlanıb”
“İrəvanda keçirilən etiraz aksiyası iştirakçılarında soyuq silah aşkarlanıb”. Bunu Ermənistan polisinin rəisinin müavini Unan Poqosyan deyib. Onun sözlərinə görə, polis sadə vətəndaşların görmədiyi işlər görür. “Dünən aparılmış işlər nəticəsində vətəndaşlarda xeyli sayda bıçaq və biz aşkarlanıb. Onlardan polis əməkdaşlarına qarşı istifadə oluna bilərdi”, - deyə o vurğulayıb.
Kardaşyan Sarkisyana qarşı - “Ermənistan təhlükədədir”
Erməni əsilli amerikalı fotomodel Kim Kardaşyan və “System of a Down” qrupunun lideri Serj Tankyan İrəvanda etiraz edən nümayişçiləri dəstəkləyiblər. Bu barədə Rusiya KİV-ləri məlumat yayıb. “Aman tanrım, Ermənistanda nələr baş verir... Dəhşət. Mənim vətənim təhlükədədir”, - deyə Kardaşyan “Facebook” sosial şəbəkəsində yazıb.
“System of a Down” qrupunun lideri Serj Tankyan da İrəvan və başqa şəhərlərdə baş verən aksiyaları dəstəkləyərək erməni polisinin zorakılığını pisləyib. Tankyan qeyd edib ki, kommunal xidmətlər sahəsində xarici şirkətlər tərəfindən idarə olunan inhisarçılar milliləşdirilməlidir.
Hökumət geri çəkilmədi
Bu arada Ermənistanın İctimai xidmətlərin tənzimləməsi üzrə Dövlət Komissiyasının avqustun 1-dən ölkədə elektrik enerjisi tariflərinin artırılması ilə bağlı daha əvvəl qəbul etdiyi qərara yenidən baxmayacağı açıqlanıb. Bunu komissiyanın mətbuat katibi Mariam Stepanyan bildirib. Onun sözlərinə görə, komissiya əhalinin kütləvi narazılığına və etiraz aksiyaları keçirməsinə baxmayaraq, öz qərarını dəyişmək niyyətində deyil. “Biz korrektəyə ehtiyacı olan qərar qəbul etməmişik”, - deyə M.Stepanyan bildirib. O əlavə edib ki, təmsil etdiyi qurum uzunmüddətli müzakirələr nəticəsində iqtisadi baxımdan əsaslandırılmış qərarlar qəbul edən müstəqil orqandır: “Məsələnin sosial tərəfi bizə aid deyil. İqtisadi balansı qorumaq lazımdır. Yəni etibarlı və keyfiyyətə xidmətə görə, həmin miqdarda ödəniş etmək lazımdır”.
Rusiyanın “İnter RAO” ASC-yə məxsus “Ermənistan Elektrik Xətləri” QSC-dən isə bildiriblər ki, şirkət elektrik enerjisi tariflərinin qaldırılması ilə bağlı müraciətini geri çağırmaq niyyətində deyil.
Xatırladaq ki, İctimai xidmətlərin tənzimləməsi üzrə dövlət komissiyası iyunun 17-də Ermənistanda elektrik enerjisinə ikiqat artımla yeni tarifi təsdiqləyib. Elektrik enerjisinin gündüz tarifi 16,65 faiz, gecə tarifi isə 21,8 faiz artıb. Mütləq ölçüdə hər iki tarif eyni səviyyədə bahalaşıb - 1 KV/saat üçün 6,93 dram.
“İrəvanda rəngli inqilab başlayır”
Rusiya Federasiyası Federasiya Şurasının beynəlxalq əlaqələr komitəsinin sədri Konstantin Kosaçev Ermənistanda baş verən hadisələrdə “rəngli inqilab”ın elementlərini görür. “Hələlik zahirən vəziyyət sosial-iqtisadi durumdan narazı olan insanların münaqişəsi kimi görünür. Lakin burada aldanmaq lazım deyil. Bütün ”rəngli inqilablar" bu cür ssenari ilə başlayıb. Ermənistan da bu cür yoldan sığortalanmayıb “, - deyə Kosaçev bildirib.
Sergey Markov: “İrəvanda dövlət çevrilişinə cəhd başlanıb”
Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi, Dövlət Dumasının keçmiş deputatı, politoloq Sergey Markov isə bildirib ki, İrəvanda dövlət çevrilişinə hazırlıq gedir və aksiyaçılar arasında Ukrayandan gəlmiş döyüşçülər var. S.Markov İrəvanda baş verənləri dövlət çevrilişinə hazırlıq adlandırıb.
“Enerji tariflərinə qarşı etiraz ilkin bəhanədir. Bu, müxalifətin rəngli inqilablar yolu ilə hakimiyyəti tutması üçün səbəbdir. Müxalifət buna çoxdan hazırlaşırdı. Mitinqçilər arasında çoxlu Avropa Birliyinin bayrağını tutanlar var. Əvvəlcədən təlim keçmiş xeyli döyüşçü polis kardonunu yarmaq üçün cəhd edir. Avropa Birliyi ilə assosiasiya sazişindən imtina edəndən sonra bu aksiyaların başlanacağı gözlənilən idi. İrəvanda spontan xalq mitinqinin başlanması barədə danışmaqdan söhbət gedə bilməz. Qərb texnoloqranın indi əsas məqsədi qan axıdılmasına nail olmaqdır”.
Səxavət HƏMİD