"Yunanıstan xalqının mövqeyi Avropa Birliyinin bu ölkəyə qarşı siyasətinə təsir göstərməyəcək. Yəqin ki, Tsipras hökumətinin bu siyasəti daxili auditoriyaya hesablanıb. İnanmıram ki, transmilli şirkətlər və onların əlinə baxan dövlətlər yunanların mövqeyinə hörmətlə yanaşsınlar".
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Zərdüşt Əlizadə iyulun 5-də Yunanıstanda keçirilən referendumun nəticələrinə münasibət bildirərkən qeyd edib. Referendumda yunan seçicilər beynəlxalq kreditorların daha sərt qənaət tədbirləri tələblərini rədd edib.
Z.Əlizadəyə görə, Avropa Birliyi və kreditorlar yunanların bu mövqeyi ilə razılaşmayacaqlar: "Referendumda yunanlaq qarşısında konkret sual qoyulmuşdu. Sual Yunanıstanın borcunun ödənilməsi üçün Avropa Birliyi ölkələrinin, beynəlxalq maliyyə qurumlarının şərtlərinə "Hə", "Yox" deməkdən ibarət idi. Yunanlar şərtlərdən imtina etdi. Yunanınstanın baş naziri Aleksis Tsipras da Qərb dövlətlərinə dedi ki, qərar demokratik, referendum yolu ilə qəbul olunub. Yəni qərarı Tsipras hökuməti deyil, yunanlar verib. Bax, demokratiya ölkələrə, xalqlara belə manevr imkanları verir. Qloballaşma və demokratiya arasında kəskin təzadlar var. Qloballaşma böyük bankların, transmilli şirkətlərin xeyrinə aparılır. Demokratiya isə milli maraqları müdafiə edən qüvvələrin işinə yarayır. Milli qüvvələrlə transmilli şirkətlər hər zaman toqquşacaq. Beynəlxalq Valyuta Fondu, Avropa Yenidənqurma və İnkişaf Bankı kimi iri maliyyə qurumları Yunanıstan hakimiyyətinin iradəsini qırmaq istəyirlər. Tsipras baş nazir olaraq öz xalqının maraqlarını müdafiə etdi və Avropa ölkələrinə göstərdi ki, sizin vəzifəniz iri bankların yox, insanların, xalqların tərəfini saxlamaqdır. Avropa İttifaqının əsas dəyərlərindən biri həmrəylikdir. Avropanın iqtisadiyyatında cəmi 2 faiz paya malik olan Yunanıstanın üzərinə bu qədər gəlmək, ona təzyiq göstərmək hansı dəyərlərə sığır? Yunanıstan xalqının mövqeyi Avropa bürokratlarının maraqlarına xidmət etmir. Çünki onlara xalqların mövqeyi deyil, bankların dəstəyi lazımdır".
Ayxan