Natiq Miri: “ABŞ-ın istədiyi yeni dünya nizamı qurulmadı”
Bu gün Amerika Birləşmiş Ştatlarının Əl-Qaidə terror qruplaşması tərəfindən hücuma məruz qalmasının 14-cü ildönümüdür.
2001-ci il 11 sentyabr tarixində 4 sərnişin təyyarəsini qaçıran terrorçular Nyu-York və Vaşinqton şəhərlərinə hücum etmişdilər. Terrorçulardan ikisi Nyu-York şəhərində yerləşən Dünya Ticarət Mərkəzinin qoşaqülləli binasına hücum etməklə binaların dağılmasına səbəb oldular.
Digər təyyarələrdən biri Pentaqonun binasına dəyərək binanın bir hissəsini uçurmuşdu. Təyyarələrdən biri isə hədəfə çatmadan qəzaya uğramışdı. Rəsmi məlumata görə, hücumlar nəticəsində 19-u terrorçu olmaqla 3 minə yaxın insan öldürüldü. Bu hadisələr Amerika tarixinə ən irimiqyaslı terror aktlarından biri kimi düşdü.
Usama Bin Ladenin başçılığı altında törədilən terror aktına cavab olaraq bir qədər sonra rəsmi Vaşinqton Əfqanıstanda hərbi əməliyyatlara başladı. NATO-nun bu ölkədə uzun müddət çəkən hərbi əməliyyatlarından sonra 2 may, 2011-ci il tarixində Usama Bin Laden 54 yaşında xüsusi əməliyyatlar nəticəsində Pakistanda gizləndiyi evində öldürüldü.
Politoloq Natiq Miri məsələyə münasibət bildirərkən deyib ki, ABŞ-da baş verən 11 sentyabr hadisəsinə hələ də hüquqi qiymət verilməyib. Onun sölərinə görə, bu hadisədən istifadə edən Amerika qoşunları həm Əfqanıstana, həm də İraqa girdi: “Çünki İraq və Əfqanıstan bilavasitə Orta Şərq və Mərkəzi Asiyanın ürəyi hesab olunan strateji ölkələr idi. İraq bir ərəb ölkəsi olmaqla bərabər, Əfqanıstanda ən azından Mərkəzi Asiyanın strateji ölkələrindən biri idi. Ona görə ki, buradan birbaşa Qərb dünyasına enerji daşıyıcı xətləri keçirdi. Eyni zamanda, Əfqanıstan Çin dövlətini mühasirəyə almaq üçün bəlkə də ən bağlayıcı bir faktordur. Məhz Əfqanıstanın vasitəsilə Asiyada kiçik bir NATO yaratmaqla gələcəkdə Çinin böyüməsinin qarşısını almaq hədəflənmişdi”.
N.Miri vurğulayıb ki, 11 sentyabr hadisəsi ABŞ-ın xüsusi xidmət orqanları tərəfindən hazırlandı və həyata keçirildi: “Ancaq bu gün nəticə ondan ibarətdir ki, həm Orta Şərqdə, ərəb dünyasında, həm də Mərkəzi Asiyanın özündə böyük bir xaos var. Əfqanıstan belə hələ də tam oturuşmuş dövlət deyil. Taliban deyilən hərəkat, eyni zamanda, radikal İslam adına orada döyüşən qruplar tamamilə zərərsizləşdirilməyib. Bu gün hələ də Əfqanıstanda müharibə davam edir.
Hazırda İraq bir neçə hissəyə bölünmüş vəziyyətdədir və hələ də bu ölkədə savaş gedir. Əl-Qaidəni zərərsizləşdirən ABŞ yenidən ortaya ondan da radikal İŞİD terror qruplaşmasını meydana çıxarmaqla Orta Şərqdə daha şiddətli savaşa rəvac verib. Eyni zamanda həmin enerji daşıyıcıları mənbələri yenə də böyük güclərin nəzarəti altındadır. Yəni, 11 sentyabr hadisəsi dünyaya müsbət mənada heç nə qazandırmadı. ABŞ-ın istədiyi yeni dünya nizamı qurulmadı və nizamı qurmaq üçün hələ də regionda savaş gedir. Çox təəssüf ki, müsəlman dünyası bu savaşın predmeti olaraq istifadə olunur. Bu savaş Türkiyənin, hətta Azərbaycanın sərhədlərinə qədər gəlib. Ona görə də düşünürəm ki, 11 sentyabr hadisəsi bütün dünya adına baş vermiş humanitar faciəvi bir hadisədir və dünyaya müsbət mənada heç nə qazandırmadı. Dünya dövlətləri bu cür hadisələrin baş verməməsi üçün ən azından iki dəfə düşünməli və baş proseslərə adekvat reaksiyalar verməlidirlər. Sadəcə olaraq, geosiyasi alət olmalı deyillər. Bu, xüsusilə, Afrikanın şimalında, ərəb dünyasında, həm də bizim regionda olan müsəlman dövlətlərinə aiddir".
BƏXTİYAR