"Ukraynadakı vəziyyətin sahmana salınmasını özündə ehtiva edən Minsk razılaşmasının müddəalarına əməl olunmayıb. Ölkənin Şərqində silah səsləri sussa da, ərazi bütövlüyünün təmin edilməsindən söhbət gedə bilməz".
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli Ukraynanın şərqindəki vəziyyəti müzakirə etmək üçün "Normand dördlüyü" (Almaniya, Fransa, Ukrayna və Rusiya) üzvlərinin oktyabrın 2-də Parisdə keçiriləcək görüşünə münasibət bildirərkən qeyd edib.
Q.Hüseynlinin sözlərinə görə, Paris görüşündə qoşunların geri çəkilməsi və sərhədlərin möhkəmləndirilməsi məsələsi müzakirə olunacaq: "Mənə elə gəlir ki, bu dəfə də kompramis əldə olunmayacaq. Çünki Rusiya Luqans və Donetskdə qoşunlarının olmasını inkar edir. Amma Amerika kəşfiyyatının məlumatına görə, hər iki rayonda Rusiyanın 10-12 minlik hərbi kontingenti var və orada olan bütün qarşıdurmalar Rusiyanın iştirakı ilə həyata keçirilir. Əgər Rusiya sanksiyaların yumuşaldılmasını istəyirsə, öz qoşunlarını Ukrayna ərazisindən çıxarmalıdır. Rusiyanın iqtisadi durumu ağırdır, bunu Putin də etiraf edib. O, bildirib ki, büdcəni doldurmaq üçün müxtəliv variantlardan istifadə olunacaq. Maliyyə naziri açıqlamasında büdcə kəsinin 3-10 faiz arasında ola biləcəyini deyib. Sanksiyaların aradan qaldırılması üçün Rusiya müəyyən addımlar ata bilər. Amma tam güzəştə getməyəcək. Ən azından Krım məsələsində geri addım atmayacaq. Rusiya Ukraynanı təhdid altında saxlamaqla işğal etdiyi Krımı tam özününküləşdirmək istəyir. Ümumiyyətlə, Putin Krımın müzakirə olunmasını istəmir və bu məsələni uzatmaq istəyir".
Q.Hüseynli qeyt etdi ki, prezidentlərin Paris görüşündə heç bir nəticə əldə olunmayacaq: "Rusiya ilə Qərb, xüsusilə də, ABŞ arasında qarşıdurma bundan sonra da davam edəcək. Putin dünyanın qütblərə bölünməsi siyasətini dəstəkləyir. O, BMT-nin sessiyasının açılışına qatılmamaqla bunu təsdiq etdi".
Ayxan