“Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən indiyədək İranın ölkəmizə münasibəti hər zaman ortada olub. İran rejimi Ermənistanla yaxından əməkdaşlıq edib. Ermənistan prezidentləri olmuş şəxslər – həm Ter-Petrosyan, həm də Köçəryan vaxtilə İranı Ermənistan üçün həyat yolu adlandırmışdılar. Bəyan etmişdilər ki, Azərbaycan torpaqlarını işğal etdikləri zaman çərçivəsində İran Ermənistan üçün həyat yolu funksiyasını yerinə yetirib. Bu, həqiqətən belədir”.
Bunu Teleqraf.com-a açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Elçin Mirzəbəyli deyib.
Qeyd edək ki, bu günlərdə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan İranda rəsmi səfərdə olub. Səfər zamanı o, ölkə prezidenti Həsən Ruhani ilə görüşüb. Ermənistanla İran arasında viza rejiminin aradan qaldırılması barədə saziş imzalanıb. Prezident H.Ruhaninin müsəlman torpaqlarını 20 ildən artıqdır işğal altında saxlayan bir ölkəyə səfər etməyə hazırlaşdığı bildirilib.
E.Mirzəbəyli qeyd edib ki, indiki şəraitdə region dövlətlərinin, xüsusilə də, İranın Ermənistana açıq şəkildə dəstək verməsi heç kim üçün sirr deyil: “Baxmayaraq ki, İran hər zaman İslam dövləti olduğunu və İslam təəssübkeşliyini əsas götürdüyünü bəyan edib. Amma indiki şəraitdə Ermənistana, yəni işğalçı dövlətə münasibətdə İslam təəssübkeşliyinə sayğı əlaməti yoxdur. İranın xüsusilə də, son dövrlərdə, yəni aprelin əvvəlində cəbhə xəttində baş verənlərdən sonra Ermənistanı özünün ən yaxın müttəfiqi elan etməsi, bu barədə rəsmi formada bəyanat verməsi nə dini dəyərlərə, nə də ədalət prinsiplərinə qətiyyən uyğun gəlmir.
Bu ölkə faktiki olaraq işğalçı bir rejimi müdafiə edir və İslam mədəniyyətinə, İslam tarixinə məxsus abidələri, Azərbaycan məscidlərini darmadağın, təhqir edən bir dövlətlə yaxından əməkdaşlıq etməkdən çəkinmir. Bu da onu sübut edir ki, İran Azərbaycanın müstəqilliyini heç zaman həzm edə bilmir. Dünyəvi dövlət idarəçilik modeli seçən və bu istiqamətdə inkişaf edən bir ölkənin öz sərhədləri yaxınlığında olmasını arzulamır, İran Azərbaycanı bir modern dövlət kimi özünə təhlükə görür”.
E.Mirzəbəyli bildirib ki, Azərbaycan torpaqlarının işğalı məsələsində İranın indiyədək verdiyi bəyanatlar da reallıqlara uyğun gəlmir: “İranın dini lideri bir tərəfdən bəyan edir ki, Qarabağ uğrunda döyüşən azərbaycanlılar şəhiddir, eyni zamanda Qarabağ İslam torpağıdır və işğaldan azad edilməlidir. Digər tərəfdən isə bu işğalı həyata keçirən, müsəlmanları qətlə yetirən, onlara qarşı soyqırımı törədən işğalçı ölkəyə hərtərəfli dəstək verir”.
Səxavət HƏMİD