“İsrail dövləti illərdir fələstinlilərə zülm etsə də, haqsız qırğınlar törətsə də, insanlıqdan kənar hərəkətlər etsə də, yarandığı gündən indiyənədək Fələstinin ən böyük donorudur. İsrail tərəfindən Fələstinə elektrik enerjisi, su, qaz pulsuz verilir, Fələstin dövlətinin məmurlarının maaşları İsrail tərəfindən ödənilir, tibbi xidmət və təhsil pulsuz təklif edilir, İsrail parlamentində fələstinli deputatların seçilməsinə manə olmurlar”.
Teleqraf.com xəbər verir ki, bunu REAL Hərəkatının icraçı katibi Natiq Cəfərli bildirib.
N.Cəfərli əlavə edib ki, Hamas Qazzədə hakimiyyətə gələndə bu bölgəyə birbaşa giriş yasaqlandı, Qazzə limanı bağlandı, bütün yüklər İsrailin nəzarətində olan Aşdod limanından bu bölgəyə çatdırılmağa başlandı və bu gün də belə davam edir:
“Türkiyə-İsrail anlaşmasında nə var: 1) Türkiyənin TOKİ'si Qazzədə evlər, su və elektrik stansiyaları tikəcək, 2) Türkiyə və digər ölkələr Aşdod limanından Fələstinə yardım aparacaq (İsrailin tam nəzarətində), 3) Fələstinə maliyyə yardımı İsrail nəzarətində çatdırılacaq.
Bunun əvəzində İsrail üzr istədi, Mavi Marmarada ölənlərin ailələrinə 22 mln. dollar ödəyəcək.
Yəni, cəmi 22 mln. dollara Fələstində görməli olduğu yüz milyon dollarla işi Türkiyəyə və dünyaya yüklədi.
Aykidoda rəqibin gücünü özünə qarşı istifadə etməklə üstünlük saxlanılır. İsrail məhz "aykido siyasəti" yürüdür, üzərinə gələn kobud gücü, öz lehinə çevirməyi bacarır. Bu ölkədən öyrəniləsi çox şey var...”
Bəkir