İtaliyanın “Dazebaonews” analitik-informasiya portalı iyunun 24-də italyan jurnalist Marko İakonettinin Bakıda keçirilmiş “Formula-1” yarışlarına həsr edilmiş “Bakı, Formula-1”-in sonuncu həddi. Çətinlik aşılıb” adlı məqaləsini dərc edib.
Azərbaycanın İtaliyadakı səfirliyindən Teleqraf.com-a verilən məlumata görə, müəllif Azərbaycanın “Formula-1” yarışlarını keçirməsi və “SOCAR”ın 2016-cı il Avropa Çempionatına sponsorluq etməsinin ölkəmizin dünyada tanıdılmasının əhəmiyyəti baxımından “Azərbaycan effekti” ifadəsinin yaranmasına səbəb olduğunu qeyd edərək, ölkəmizin zəngin tarixi-mədəni irsə malik, Qafqaz və Mərkəzi Asiya bölgəsinin iqtisadiyyatı və turizmi üçün cazibə mərkəzi olduğunu bildirib.
Yarışın yüksək səviyyədə təşkil edilməsi məsələsinə toxunan M.İakonetti, “Formula-1”in prezidenti Berni Ekklestounun fikirlərindən sitat gətirərək yazır: “Formula-1”I keçirən hər bir ölkənin Azərbaycan kimi çalışması fantastik olardı, Bakı inanılmaz iş həyata keçirdi”.
Məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin fikirlərinə də yer verilərək bildirilib ki, Azərbaycan paytaxtının gözəlliklərini və ölkənin əldə etdiyi inkişafı dünyaya tanıtmaqda “Formula -1” yarışı əhəmiyyətlidir və son dövrlərdə turistlərin sayında artım müşahidə edilir, bu yarış turistlərin sayının daha da artmasına töhfə verəcək.
Daha sonra qeyd olunur ki, Azərbaycan artıq “Eurovision-2012” mahnı müsabiqəsi, ilk Avropa Oyunları kimi tədbirlər də təşkil edib. 2016-cı il Şahmat üzrə Olimpiada, 2020-ci il Avropa Futbol Çempionatının 4 oyunu da Azərbaycanda keçiriləcək, habelə ən böyük məqsəd 2028-ci ildə Yay Olimpiadasına ev sahiblik etmək ola bilər ki, bütün bunlarla da dünya “Azərbaycan effekti” barədə danışmaqda davam edəcək.
Yazıda, habelə Azərbaycanın yalnız idman tədbirləri ilə deyil, gözəl təbiəti, zəngin mədəniyyəti və müxtəlif dinlərin birgə yaşayışı xüsusiyyətinə görə də maraq kəsb etdiyi bildirilir.
Səxavət