29 İyun 2016 12:15
4 029
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İstanbulda törədilmiş terror aktını Türkiyə-Rusiya münasibətlərinin tənzimlənməsi ilə bilavasitə bağlamaq düzgün deyil. Çünki Türkiyə artıq elə bir dövlətə, elə bir məkana çevrilib ki, orada mütəmadi olaraq terror aktları baş verir”.

Bunu Teleqraf.com-a açıqlamasında siyasi şərhçi Zərdüşt Əlizadə deyib.

Z.Əlizadə bildirib ki, terror aktlarının baş verməsinin 3 səbəbi var: “Birinci səbəb dövlətin, daha doğrusu, Ərdoğan hökumətinin yürütdüyü iqtisadi, siyasi, ictimai, milli siyasətin qüsurları ilə bağlıdır. Yəni, terrorçular danışıq, dinc və sövdələşmə yolu ilə əldə edə bilmədiklərini terror yolu ilə əldə etmək istəyirlər. İkinci səbəb xarici dövlətlərin Türkiyəni parçalamaq, məhv etmək istəyidir. Baxmayaraq ki, Türkiyə NATO-nun üzvüdür, güclü ordusu, güclü iqtisadiyyatı var. Amma əsrlər boyu davam edən türk dövlətinin parçalanması və məhvi siyasəti Rusiyanın geosiyasi məqsədlərindən biridir və davam edir.

Üçüncüsü də onunla bağlıdır ki, Türkiyənin hüquq-mühafizə orqanları kifayət qədər səmərəli işləmir. Baxmayaraq ki, Türkiyə Daxili İşlər Nazirliyi, jandarmeriya və təhlükəsizlik xidməti çox güclüdür. Amma görünür, terrorun qarşısını almağı bacarmırlar. Türkiyədə törədilən terror aktları bu üç səbəbdən qidalanır”.

Politoloqun sözlərinə görə, İstanbulda törədilən terror aktının hansısa hadisələrlə əlaqələndirilməsi – konspirologiya üçün sözsüz ki, müəyyən əsaslar da var: “Amma daha mühüm amil ölkənin daxili ictimai-siyasi, sosial-iqtisadi vəziyyətidir”.

Bu terror aktının son günlər baş verən hadisələrlə üst-üstə düşməsinə dair sualımızı cavablandıran ekspert qeyd edib ki, terror aktları mütəmadi baş verirsə və onunla yanaşı hansısa başqa bir siyasi proses gedirsə, onlar üst-üstə düşməyə bilməz: “Odur ki, mən bilavasitə bağlılıq görmürəm”.

Terror aktının motivlərinə gəldikdə isə, müsahibimiz qeyd edib ki, Türkiyə dövlətini məhv etmək istəyirlər:

“Turizm sektoruna ağır zərbələr vurmaq, xaricdə Türkiyənin sabit, əmin-amanlığın hökm sürdüyü dövlət imicini dağıtmaq, vətəndaşlarda dövlətin gücünə olan inama şübhə toxumu səpmək, insanları qorxutmaq, Türkiyəni hansısa güzəştlərə məcbur etmək istəyirlər. Məlum məsələdir. Burda nəyisə ixtira etmək lazım deyil”.

“Kim istəyir” sualına cavab olaraq Z.Əlizadə deyib: “Əgər Türkiyə mənə 100 milyard dollar verməyə hazır olsa, mən o adı onlara verərəm. Amma əgər vermək istəmirsə, mən bu sirri aça bilmərəm. Əlbəttə, bunlar Türkiyənin bədxahları, Türkiyəni, onun dövlətini sevməyən qüvvələrdir. Axtarmaqla deyil ki... Hər şey gözlə görünür”.

Səxavət HƏMİD


Müəllif:

Oxşar xəbərlər