AXCP ilə Müsavat Partiyası arasındakı münasibətlər düzəlmək bilmir.
Xatırladaq ki, həbsdən çıxdıqdan sonra Müsavat başqanının müavini Tofiq Yaqublu elan etmişdi ki, bu iki partiya arasındakı əlaqələrin yoluna qoyulması, məsələlərə münasibətdə eyni mövqenin sərgilənməsi üçün əlindən gələni edəcək.
T.Yaqublu həm də Milli Şuranın üzvü olduğu üçün AXCP ilə müəyyən təmaslarda oldu, əməkdaşlıq və digər mövzularda müzakirələr apardı.
Müsavat Partiyası başqanının digər müavini Yadigar Sadıqov isə bəyan edib ki, artıq AXCP-Müsavat danışıqlarına nöqtə qoyulub. O, bildirib ki, AXCP Müsavat Partiyasının əməkdaşlıq təklifini rədd edib.
“Müsavat Partiyası mayın 28-də Məhəmməd Əmin Rəsulzadənin abidəsini birgə ziyarət etməklə bağlı təklif irəli sürüb, lakin AXCP bu təklifi də qəbul etməyib. Burada təşəbbüs göstərən Müsavat Partiyasıdırsa, deməli, münasibətlərin qurulmasında maraqlıyıq. Qarşı tərəf isə imtina edir. AXCP və digər təşkilatların təmsil olunduğu Milli Şura hesab edir ki, qurum, artıq formalaşıb, uğurlu variantdır, birlik istəyənlər də bu təşkilatda fəaliyyət göstərməlidir. Müsavat Partiyası isə belə hesab etmir”, deyə Y.Sadıqov bildirib.
Teleqraf.com-a danışan Tofiq Yaqublu isə həmkarı Yadigar Sadıqovun fikirlərini qəbul etmir: “Məsələ başqa cürdür. Bizim 28 mayı birgə keçirmək təklifimiz olub. Həmin vaxt AXCP ilə kontaktlar yenicə yaranmışdı və biz də dedik ki, bu tədbiri birgə keçirmək mümkün ola bilər. AXCP qeyd etdi ki, birgə əməkdaşlığın tərəfdarıdırlar, münasibətlər normallaşmalıdır. Sadəcə olaraq 28 maya az qalıb, biz bunu başqa cür planlaşdırmışıq. Ancaq növbəti 28 mayda birgə tədbir keçirə bilərik. AXCP-nin bizə cavabı bu formada olub. Yəni AXCP bizə deməyib ki, sizinlə əməkdaşlıq mümkün deyil. AXCP-nin əməkdaşlıqdan qəti imtina mövqeyi yoxdur”.
T.Yaqublu daha sonra qeyd edib ki, müxalifət bir-birini ittiham etməməlidir: “Bir-birimizə hücumlar ümumilikdə enerjimizi alır, işimizə yaramır. Nəticədə hakimiyyət güclənir, biz hörmətdən düşürük. Odur ki, partiyalar arasında münasibətlər normal olmalıdır. Biz bu istiqamətdə qarşı tərəflə söhbət etmişik və müzakirə uğurlu olub. Hədəfimiz ondan ibarətdir ki, zərurət yarananda müxalifət təşkilatları ayrı-ayrı səngərdə deyil, bir səngərdə olsun. Əminəm ki, zamanla münasibətlər yaxşılaşacaq və partiyalar arasında psixoloji problem olmayacaq. Bu təşəbbüslə çıxış etdiyim üçün peşman deyiləm. Düşünürəm ki, nələrəsə nail olmuşuq və hazırda proses gedir. Onsuz da bu təşəbbüsü irəli sürərkən yenidən hər şeyin üzərindən xətt çəkərək barışmaq və bir blokda təmsil olunmaq hədəfimiz olmayıb. Odur ki, zaman göstərəcək ki, bu proses dərinləşir və yaxşı yerlərə gəlib çıxacaq”.
Tofiq Yaqublu hesab edir ki, AXCP və Müsavat daxilində bu təşkilatların bir arada olmasını istəməyən şəxslərin olması haqda iddialar əsassızdır. Onun fikrincə, heç kəs məqsədyönlü formada səhv etmir: “Mən Müsavatda və AXCP-də belə halla rastlaşmamışam ki, insanlar bilərəkdən səhv qərar versin. Nəticə etibarı ilə hansısa addım səhv ola bilər. Amma bilərəkdən və məqsədyönlü səhv ola bilməz. Belə də partiyaları insanlar idarə edir və zamanında optimal qərarlar qəbul edəcəklər. Mən hazırda missiyama davam edirəm. Əlbəttə, hər gün iki partiya arasında danışıqlar və hər gün təkliflərlə çıxış etmək kimi böyük məsələlər yoxdur. Zamanla arada görüşürük, internet üzərindən müzakirə aparırıq. Mən bu vəziyyətdən məmnunam”.
Cavad