Bu gün Baş nazirin müavini Əli Əhmədov İraqın ölkəmizdəki müvəqqəti işlər vəkili Fazil Avad əl-Şuveyli ilə görüşüb.
Nazirlər Kabinetinin Mətbuat Xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Azərbaycanla İraq arasında ümumi dəyərlərə əsaslanan tarixi bağların mövcudluğunu xatırladan Baş nazirin müavini müasir dövrdə qarşılıqlı faydalı əlaqələrin inkişaf etdirilməsinin vacibliyini qeyd edib.
Yüksək iqtisadi potensiala malik İraqın öz imkanlarından səmərəli istifadəsi üçün ölkəmizin hər zaman dəstək verməyə hazır olduğunu xatırladan Əli Əhmədov Bağdadda törədilmiş dəhşətli terror aktından kədərləndiyini bildirib, bütün dünyada sülhə və sabitliyə real təhlükə olan beynəlxalq terrorizmlə mübarizədə ümumi səylərin birləşdirilməsinin zəruriliyini vurğulayıb. O, təcavüzkar separatizmdən və terrorizmdən əziyyət çəkən ölkəmizdə terrorun bütün forma və təzahürlərinin qəti şəkildə pislənildiyini söyləyib.
İraqın müvəqqəti işlər vəkili Fazil Avad əl-Şuveyli ölkəsinin Azərbaycanla müxtəlif istiqamətlər üzrə əlaqələrə maraq göstərdiyini deyərək, xüsusən iqtisadi-mədəni sahədə səmərəli əməkdaşlığın genişlənəcəyinə ümidvar olduğunu bildirib. O, əsrlər boyu müxtəlif millətlərin, dinlərin və mədəniyyətlərin əmin-amanlıq şəraitində birgə yaşadığı tolerantlıq məkanı olan güclü Azərbaycan dövlətinin bundan sonra da regionda sülhün və sabitliyin qorunması, multikultural dəyərlərin bərqərar olması və bəşəriyyəti təhdid edən terrorizmlə mübarizə işinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.
Görüşün sonunda Baş nazirin müavini müqəddəs Ramazan bayramı münasibətilə İraq xalqına xoş arzularını və təbriklərini çatdırıb.
Bəkir