“Türkiyədə hərbi çevriliş cəhdi Ankaranın iki addım atmasını sürətləndirəcək. Birincisi, Ankara-Moskva yaxınlaşması gözlənildiyindən də sürətlə gedəcək”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.
Politoloq qeyd edib ki, hazırda Türkiyədən rəsmi nümayəndə heyəti Moskvada görüşlər keçirir: “Hər iki ölkə “Türk axını” layihəsinə yenidən qayıdırlar, vizasız səfərlər də gündəmdədir. Kreml Ankara-Vaşinqton münasibətlərinin soyumasından məharətlə istifadə edəcək. Təsadüfi deyil ki, Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarını avqustun 9-da Rusiyaya dəvət edib.
Ən maraqlısı odur ki, Putin Bakıda İlham Əliyevlə görüşdən bir gün sonra Sankt-Peterburqda Ərdoğanla görüşəcək. Ümumi mövzular (Dağlıq Qarabağ münaqişəsinin həlli, Ermənistanla sərhədin açılması) ətrafında fikir mübadiləsinin aparılması mümkündür. İkincisi, Ərdoğanın yaxın aylarda Türkiyədə “Avropa İttifaqına üzv olaq, olmayaq?” sualı ətrafında referendum keçirəcəyi istisna deyil. Çünki Türkiyədə həbslərin miqyası artdıqca, Brüsselin Ankaranı tənqidləri artacaq, bu isə Ərdoğanın xoşuna gəlməyəcək”.
Bəkir