Avqustun 8-də Bakıda yeni regional əməkdaşlıq formatının – Azərbaycan, Rusiya və İran əməkdaşlıq formatının əsası qoyuldu. Dövlətlərarası münasibətlərdə mehriban qonşuluq, bir-birinin daxili işlərinə qarışmama, ərazi bütövlüyü və suverenliyə hörmət kimi beynəlxalq hüququn əsas prinsiplərindən çıxış edən Azərbaycan Respublikası indiyədək bir sıra əməkdaşlıq formatlarının aktiv iştirakçısı idi.
Bu sıraya Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-İran, Azərbaycan-Türkiyə-Türkmənistan əməkdaşlıq formatlarını aid etmək olar. Çox mühüm haldır ki, indi də yeni bir əməkdaşlıq formatı – Azərbaycan-Rusiya-İran əməkdaşlıq formatı yaranır. Azərbaycan bundan əvvəlki əməkdaşlıq formatlarının olduğu kimi yeni formatın da əsas təşəbbüskarı və mərkəzi fiqurudur.
Ümumiyyətlə, dünyanın müxtəlif regionlarında kataklizmlərin yaşandığı, terror aktlarının tüğyan etdiyi bir zamanda, çeşidli təhdidlərin yaşandığı bir zamanda yaşadığımız regiondakı dövlətlərin yeni əməkdaşlıq formatları tapmaları bu dövlətlərin və xalqlarının uğurudur. Bu baxımdan əvvəlki əməkdaşlıq formatlarının mövcudluğu və yeni formatların tapılması bu region dövlətlərinin rəhbərlərinin müdrik, uzaqgörən siyasət yürütmələrinin nəticəsidir. Azərbaycan Prezidenti İlham Əliyev də daxil olmaqla məhz region dövlətlərinin rəhbərlərinin yürütdükləri siyasət bölgəmizdə sülh və əmin-amanlığı təmin edib.
Yalnız bu regionda yerləşən Ermənistanın yürütdüyü aqressiv siyasət tammiqyaslı əməkdaşlıq formatının qurulmasına, Qafqaz və Xəzər dənizi regionunun sülh və sabitlik adasına çevrilməsinə imkan vermir. Ermənistan istisna olmaqla qonşularla yaxın əlaqələr Azərbaycanın milli maraqlarına tam cavab verir.
Mövzu üzrə fikirlərini öyrəndiyimiz “Qafqaz” Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) rəhbəri, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İqtisadiyyat və işlətmə kafedrasının müəllimi Araz Aslanlı bildirib ki, həqiqətən də Azərbaycan çox maraqlı əməkdaşlıq formatlarının bir parçasıdır. Onun sözlərinə görə, əvvəllər də bu formatda müzakirələr aparılırdı, amma konkret sahələr, məsələn, dəmiryolu, enerji sahəsi üzrə məsləhətləşmələr gedirdi.
“Regional əməkdaşlıqlar üçün əlavə imkanlar yaranacaq”
Ancaq Araz Aslanlı deyir ki, son olaraq dövlət başçıları səviyyəsində bu görüşün keçirilməsi üçtərəfli formatın əhəmiyyətini, bunun hər üç ölkəyə və digər ölkələrə verə biləcəyi töhfənin potensialını artırdı: “Əgər diqqət yetirdinizsə, Bakı görüşündə bu formatdan hansı dövlətlərin yararlana biləcəyinə dair açıqlama verildi. Burda xeyli sayda ölkənin adı keçir. Yəni, çox sayda Cənubi Asiya ölkəsinin mallarının İranın cənub sahillərinə qədər gəlməsi və bu layihə vasitəsilə Rusiyaya, oradan da yeni bazarlara çıxarılması, eyni zamanda əks-istiqamətdə malların daşınması imkanları var.
Bundan başqa, Rəcəb Tayyib Ərdoğanın avqustun 9-da Sankt-Peterburqda səsləndirdiyi Azərbaycan-Türkiyə-Rusiya əməkdaşlıq formatı reallaşarsa, bu o demək olacaq ki, Azərbaycan öz coğrafi mövqeyini böyük siyasi layihələrin bir parçasına çevirə bilib. Bu çox əhəmiyyətli bir məsələdir. Yəni, keçid yolunda olan tək dövlət biz deyilik. Bizimlə bənzər coğrafi göstəricilərə sahib olan ölkələr var. Zatən, Azərbaycanın üstünlüyü budur ki, rəsmi Bakı bu coğrafi mövqeyi rəqabət amili kimi yox, əməkdaşlıq faktoru kimi dəyərləndirməyə çalışır. Bunun üçün daxili siyasi sabitliyi, iqtisadi resurslarını istifadə etməyə çalışır və nə yaxşı ki, bunu uğurla davam etdirir.
Azərbaycan-Rusiya-İran və ehtimal olunan Azərbaycan-Türkiyə-Rusiya əməkdaşlıq formatları Azərbaycanın mövqeyini həddindən artıq gücləndirəcək, eyni zamanda müxtəlif regional əməkdaşlıqlar üçün əlavə imkanlar yaradacaq. Şübhəsiz ki, bundan narahatlıq keçirən xarici ölkələr də olacaq. Yəni, əgər müəyyən layihələr müəyyən dövlətlərin marağındadırsa, demək, başqa dövlətlərin də marağına ziddir. Ancaq Azərbaycan indiki kursunu uğurla davam etdirsə, o narahatlıqlar bu layihələrə mane ola bilməyəcək. Xüsusən, Azərbaycanın xarici siyasət kursu, Prezident İlham Əliyevin apardığı təhlükəsizlik siyasəti imkan verir ki, rəsmi Bakı başladığı və düşündüyü layihələri uğurla reallaşdıra biləcək”.
“Azərbaycan bu istiqamətdə töhfə verərkən özü də faydalanmış olacaq”
Bəs bu əməkdaşlıq formatının, xüsusən Şimal-Cənub dəhlizinin maddi planda üç dövlətə və onun xalqlarına verəcəyi mənfəət nədən ibarətdir?
Araz Aslanlı deyir ki, Xəzər dənizinin statusunun həll olunmamış qalması Xəzərdə əməkdaşlıqla bağlı müəyyən imkanları məhdudlaşdırıcı məqam kimi çıxış edir: “Eyni zamanda, dəniz vasitəsilə əməkdaşlıq imkanları da quru ilə bağlı olduğu kimi deyil, müəyyən fərqlər var. Qurunun imkanları daha genişdir, hava sahəsinin imkanları var. Bu baxımdan, yəni Azərbaycanın Rusiya və İranın arasında yerləşməsi və iki ölkənin qlobal maraqlarına baxdıqda onların ikitərəfli əməkdaşlığı hər iki ölkə üçün əhəmiyyətlidir.
Azərbaycan vasitəsilə əməkdaşlıq sadəcə üçtərəfli formatda deyil, ikitərəfli formatda da onlar üçün əhəmiyyətlidir. Azərbaycan bu istiqamətdə də töhfə vermiş olacaq. Amma Azərbaycan özü də tranzit mövqeyindən istər iqtisadi, istər təhlükəsizlik baxımından, bəlkə gələcəkdə turizm, azad iqtisadi zonaların yaradılması baxımından da faydalanmış olacaq”.
“Üçtərəfli format Azərbaycanın problemlərinin həllinə də töhfə verəcək”
Ekspert bildirib ki, Rusiyanın və İranın Azərbaycanda, eləcə də Azərbaycanın bu iki dövlətdə sərmayə qoyuluşları ilə bağlı yeni fürsətlər ortaya çıxa bilər: “İran prezidenti üçtərəfli görüşdən bir gün öncə gəlmişdi, onun iştirakı ilə bəzi layihələrin təməlqoyma mərasimi keçirildi. Eləcə də düşünürəm ki, bu üçtərəfli formatda atılan addımlar Azərbaycanın müəyyən problemlərinin həllinə də töhfə verəcək.
Bizim xarici siyasətdə əhəmiyyətli saydığımız iki əsas məsələ var. Biri ərazi bütövlüyümüzün təmini – erməni işğalının aradan qaldırılması, digəri Xəzərin statusunun həllini tapmasıdır. Üçtərəfli əməkdaşlıq formatı hər iki istiqamətdə töhfə verəcək. Yəni, heç birinin mütləq həllinə yol açmayacaq. Amma hər ikisi ilə bağlı Azərbaycanın mövqeyinin güclənməsinə səbəb olacaq”.
Araz Aslanlı qeyd edib ki, Azərbaycanın qoşulduğu layihələrdə ən uzaq Asiya, ən kənar Qərb ölkəsinə qədər bir çox dövlətlər faydalanır: “İndi bu format güclənsə, yeni imkanlar yaransa ən şimaldakı dövlətlərlə ən cənubdakı dövlətlər də faydalana biləcək. Bu, təbii ki, Azərbaycanın gücünü, imkanlarını artıracaq. Digər dövlətlər üçün də faydalı olacaq”.
Səxavət HƏMİD