Milli Məclisin deputatı, Azərbaycan-Misir parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Qənirə Paşayeva Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində olub.
Teleqraf.com-un məlumatına görə, Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydi qonağa mərkəzin yaranma tarixindən, fəaliyyətindən, Misir və Azərbaycan arasında olan tarixi dostluq münasibətlərindən, mədəniyyət və elm sahəsindəki əməkdaşlıqdan bəhs edib.
Dəfələrlə Misirdə səfərdə olduğunu deyən Q.Paşayeva Misirlə Azərbaycan arasında bütün istiqamətlərdə əməkdaşlığın genişləndiyini vurğulayaraq, o cümlədən mədəniyyət sahəsində əlaqələrin gələcəkdə daha da genişlənməsi üçün lazımi səylərin göstərilməsinin vacib olduğunu bildirib, Misir və Azərbaycan əlaqələrindən bəhs edən müştərək tədbirlərin keçirilməsinə dair təkliflər irəli sürüb. Millət vəkili Q.Paşayeva Misirlə bağlı yazdığı “Qənirə Paşayeva ilə addım-addım Misir” kitabını başa çatdırdığını və sentyabr ayında oxucuların ixtiyarına veriləcəyini deyib.
Q.Paşayevanın Misirlə bağlı kitab yazmasını yüksək qiymətləndirdiklərini deyən Əhməd Sami Elaydi millət vəkilinə təşəkkürünü bildirib və kitabın Azərbaycan oxucuları üçün maraqlı olacağına inandığını deyib.
Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin işi ilə tanış olan millət vəkili Q.Paşayeva məmnunluğunu ifadə edib.
Səxavət