Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu modern.az saytına müsahibə verərək həkim kimi bir sıra məsələlərə münasibətini bildirib.
Uzun illər tibb sahəsində çalışan ADP sədri Azərbaycan siyasətçiləri ilə bağlı diaqnozunu da açıqlayıb: “Ad çəkmək istəmirəm. Amma ümumi danışacağam. Bəzi adamların ağzı yumrudur. Bu cür adamlara şizofrenik tiplər deyirlər. Sonra almacıqların xüsusi şəkildə qabarıq olması ruhi xəstəliyin əlamətidir. Bütün insanların ruhu onların üzündə ifadə olunub. Məsələn, filosofların əksəriyyəti çatma qaşlı olurlar. Azərbaycan siyasətçilərinə gəlincə, açığını deyim ki, Azərbaycanda siyasətçilərin çoxu ağır şizofrenikdir”.
ADP sədrinin siyasətçilər haqqında irəli sürdüyü diaqnozuna fərqli siyasətçilər münasibət bildirib.
Teleqraf.com-a danışan Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, VHP Ali Məclisinin sədri Rafiq Manaflı Cəlaloğlunun siyasətçilər haqda bu fikirlərinə kəskin münasibət bildirib: “Psixiatrik xəstələrlə işləyən həkimlər zaman keçdikcə və yaşlaşdıqca psixoloji pozuntulara məruz qalırlar. Hesab edirəm ki, bu, təbiidir. Mən anlayıram ki, Sərdar Cəlaloğlu şizofrenik xəstə dedikdə siyasətçiləri ayırmayıb, bildirib ki, çoxu bu xəstəliyin daşıyıcısıdır. Hesab edirəm ki, Cəlaloğlu mənim yaxın ətrafımı da bu əhatəsinə aid edib. Sərdar Cəlaloğlu özü qəribə adamdır, gah deyir ki, Qurani Kərimi dəyişib yenisini yaradıram, gah deyir ki, nəsə kəşf etmişəm, gah da deyir ki, qanunlara yeni yanaşma tərzi ortaya qoyuram və s. Hesab edirəm ki, bütün bunlar onun özündə gedən şizofrenik xəstələyin birbaşa nəticəsidir. Yəni hər şeyə öz eynəyindən baxıb hər kəsi şizofrenik xəstə hesab edir. Bu da, başa düşüləndir”.
Müsavat Partiyası Məclisinin sədri Nüşabə Sadıxlı da Sərdar Cəlaloğlunun bu fikirlərini rədd edib: “Hesab edirəm ki, belə yanaşma ancaq anormal adamın anormal fikridir: “Başqa cür qiymət vermək mümkün deyil. Azərbaycan siyasətçiləri niyə şizofrenik olmalıdır ki? Bu, anormal münasibətdir və bunu normal adam deyə bilməz”.
Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadənin şərhi isə qısa və lakonik olub: “Mən Sərdar Cəlaloğlunun özü haqqında dediyi fikirləri təkzib etmək niyyətində deyiləm. Psixiatriya elmində belə bir məqam da var ki, dəli düşünür ki, özü sağlamdır, yerdə qalanlar isə dəlidir”.
REAL Hərəkatının icraçı katibi Natiq Cəfərli bildirib ki, Cəlaloğlu bu fikirlərini əsaslandırsa və nə üçün belə qənaətə gəldiyini izah etsə yaxşı olardı: “Mən Cəlaloğlunu fizik bilirdim. Fikrini nəyə əsasən dediyini izah etsə, gözəl olardı. Çünki belə fikirlərin arxasında əsaslandırılan arqumentlər olmalıdır. Siyasətçilər arasında şizofreniyanın hansı simptomlarını gördüyünü desəydi, görərdik ki, bunun daşıyıcıları kimdir. Cəlaloğlu ölkəsini sevirsə, fikrini detallı izah etsin. Biz də siyasətdə yeni olan şəxslər kimi ona minnətdar olardıq”.
CAVAD