Vidadi Mirkamal: “Müxalifət düşərgəsində bütövlükdə durğunluq hökm sürür”
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Vidadi Mirkamal qurumun fəaliyyəti ilə bağlı iddialara münasibət bildirib. V. Mirkamal hazırda Şurada bələdiyyə seçkilərinin müzakirə olunduğunu qeyd edib. Seçkilərlə bağlı dəyirmi masaların təşkil olunacağını bildirən Milli Şura üzvü müxalifət düşərgəsindəki süstlükdən də danışıb:
“Dəyirmi masada Milli Şuraya daxil olan partiyaların bələdiyyə seçkilərində iştirakı imkanları müzakirə olunacaq. Süstlük ancaq Milli Şurada deyil. Prezident seçkilərindən sonra müxalifət düşərgəsində durğunluq əhvalı hökm sürür. İndi beynəlxalq diqqət Ukrayna və Suriya ətrafında cəmləşib. Azərbaycan müxalifət düşərgəsi də son prezident seçkilərində bütün imkanı ilə iştirak edib. Bələdiyyə seçkilərinə qədər bu süstlük aradan qalxacaq”.
Vidadi Mirkamal qeyd edib ki, prezident seçkilərindən sonra müxalifət qüvvələrinin mərkəzdənqaçma meylləri müşahidə olunub: “Bu da süstlüyün davamlı olaraq qalmasında rol oynayıb. Güman edirəm ki, müxalifət düşərgəsi və Milli Şura özündə güc taparaq aktiv fəaliyyəti bərpa etməklə müşahidə olunan süstlüyü aradan qaldıra biləcək”.
Müxalifətin bələdiyyə seçkilərində iştirakını doğru hesab etməyən Milli Şura üzvü imtina üçün iki səbəb göstərib:
“Mən heç bir partiyanı təmsil etmədiyimdən fikirlərimi azad şəkildə deyə bilirəm. Partiya üzvləri isə birmənalı olaraq partiya maraqlarından çıxış edirlər. Çünki siyasi partiyanın əsas məqsədi seçkilərdə iştirak etmək, öz gücünü sınamaq və əhatə dairəsini artırmaqdır. Bir ziyalı kimi hesab edirəm ki, iki səbəbdən bələdiyyələrin resursları qeyri-məqbuldur. Birincisi, bələdiyyələrin statusu geniş deyil. Müxalifət nümayəndələri bələdiyyə üzvləri olsalar belə, onun fəaliyyətində rol oynaya bilməyəcək. İkincisi, Seçki Məcəlləsi dəyişməyib. Digər tərəfdən, bələdiyyə seçkiləri beynəlxalq güclərin marağı daxilində deyil”.
V. Mirkamal həmçinin Milli Şuranın Müsavat Partiyası ilə heç bir əlaqəsi olmadığını bildirib:
“Biz yoldaş kimi bir-birimizi görəndə hal-əhval tuturuq. Amma Müsavat Milli Şuranın tədbirlərində iştirak etmir. Təsəvvür edin ki, aksiyalara görə həbs edilən və maliyyə cəriməsinə məruz qalan gənclərlə bağlı tədbir keçirdik. Hərçənd ki, cərimə olunan şəxslər sırasında Müsavatın da üzvləri var idi. Amma Müsavat Partiyası Milli Şuranın bu tədbirinə qoşulmadı. Müsavat Milli Şuradan çıxandan sonra bu partiyanın elə bir tədbiri olmayıb ki, biz dəvət olunaq və ya iştirak edək. Bu mənada kontaktlar yoxdur. Yalnız şəxsi müstəvidə kontaktlar var. Şəxsi məsələlərdə yalnız şəxsi məsələlər müzakirə olunur. Biz Milli Şurada toparlanmışıq. Müsavat istəyirsə gəlsin”.
CAVİDAN