MDB Dövlət Başçıları Şurasının növbəti iclası 2017-ci ildə Moskvada keçiriləcək.
Teleqraf xəbər verir ki, bu barədə qərar MDB Dövlət Başçıları Şurasının Bişkekdə keçirilən geniş tərkibdə iclasında qəbul olunub.
Dövlət Başçıları Şurasının iclasına gəldiklərinə görə tədbir iştirakçılarına təşəkkürünü bildirən Qırğızıstan Prezidenti Almazbek Atambayev MDB-nin 25 illiyi münasibətilə təbriklərini çatdırıb.
İclasda sentyabrın əvvəlində dünyasını dəyişən Özbəkistan Prezidenti İslam Kərimovun xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bütün ölkələrə MDB-də islahatlarla bağlı keçirilən müzakirələrdə əldə edilən kompromisə görə minnətdarlığını ifadə edən Prezident Almazbek Atambayev bu gün dünyada hökm sürən və heç də asan olmayan vəziyyətdə dialoq üçün istənilən genişmiqyaslı meydançanın qorunub saxlanılmasının vacibliyini bildirib. O, qeyd edib ki, bütün məsələlər yalnız kompromislər vasitəsilə öz həllini tapa bilər. Almazbek Atambayev 2017-ci il yanvarın 1-dən MDB Dövlət Başçıları Şurasına sədrliyin Rusiya Federasiyasına keçəcəyini diqqətə çatdırıb.
MDB-nin İcraiyyə Komitəsinin sədri Sergey Lebedev məhdud tərkibli iclasda Birliyin 25 illiyi ilə bağlı dövlət başçılarının Bəyanatının qəbul olunduğunu bildirib. O, diqqətə çatdırıb ki, iclasda, həmçinin MDB-nin müasir reallıqlara uyğunlaşdırılmasına dair qərar qəbul edilib, Birliyin fəaliyyəti ilə bağlı aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Daha sonra iclasda sənədlərin imzalanması mərasimi olub.
MDB Dövlət Başçıları Şurasının budəfəki iclasında siyasi sahədə qarşılıqlı fəaliyyət, humanitar əməkdaşlıq və təhlükəsizliyin təmin edilməsi sahələrində bir çox sənəd layihəsi nəzərdən keçirilərək qəbul olunub. İştirakçı ölkələrin təmsilçiləri Müstəqil Dövlətlər Birliyinin 25 illiyi ilə bağlı dövlət başçılarının Bəyanatını qəbul edərək təşkilatın müasir reallıqlara uyğunlaşdırılması məsələlərini Birliyin nizamnamə və müvafiq sahə orqanlarının fəaliyyətinin səmərəsinin artırılması kontekstində müzakirə ediblər. Bundan əlavə, iqtisadi əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi məqsədilə MDB ölkələrində 2020-ci ildə əhalinin siyahıyaalma raundunun keçirilməsi və regionlararası əməkdaşlığın inkişafı məsələlərinə baxılması da müzakirə mövzusu olub. Qərara alınıb ki, MDB Dövlət Başçıları Şurasının növbəti iclası 2017-ci ildə Moskvada keçirilsin.