22 Sentyabr 2016 00:02
624
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Siyasi liderlərin virtual aləmdə xüsusi fəallaşması və söz atışmasına girməsinə yaxşı baxmıram. Siyasətçi bir az ciddi olmalıdır. Hər hansı siyasi liderin qan tökməyə çağırışı demokratiyaya, Konstitusiyaya, din və humanist dəyərlərə ziddir”.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu son günlər ABŞ-da yaşayan esk-spiker Rəsul Quliyev və Müsavat-AXCP rəhbərlərinin sosial şəbəkə üzərindən çağırışlarına münasibət bildirərkən deyib.

ADP sədri vurğulayıb ki, insanlar virtual aləmdə istənilən fikirlərini yayır, ən kiçik şeylərə belə fikir bildirirlər: “Siyasətçi cəmiyyətdə olmalıdır, kompüter içərisində yox! Ona görə bu kompüter davasına son qoymaq lazımdır. Mənə elə gəlir ki, Azərbaycan müxalifəti özü də böhra içindədir və bu böhrandan çıxmaq üçün cəhd eləməli, nəinki dərinləşdirməlidir”.

Onun sözlərinə görə, dünya təcrübəsi göstərdi ki, radikal üsullarla mübarizə aparan müxalifət qarşısına qoyduğu məqsədə çata bilmir, əksinə xalqa daha ağır zərbə vurur: “Biz İraq, Suriya müxalifətinin apardığı siyasi mübarizənin nəticələrini də görürük. Qəti surətdə əminəm ki, xalqa yalnız o zaman xidmət etmək olar ki, dinc və demokratik üsullarla mübarizə aparasan. Engelsin məşhur sözü var, deyir ictimai-siyasi hadisələr haqda həmin hadisələrdə iştirak etməyən heç bir alim düzgün və doğru elmi nəticələr çıxara bilməz. Rəsul Quliyev Azərbaycanda gedən ictimai-siyasi hadisələrdən kənardadır. Bu baxımdan onun ölkədəki proseslərlə bağlı dediyi heç bir fikir Azərbaycan reallıqlarına uyğun deyil. Rəsul Quliyev özünü Azərbaycanın daxilindəki müxalifətin yerinə qoymalıdır. Əgər özü bizdən fərqli nə isə addım ata bilərsə, onda haqlı olar. O özü burada yaşamadığına görə, fikirləri ilə cəmiyyətdə gedən proseslər adekvat deyil. Dünyada 2 elə ölkə və siyasi çevrilmə mümkün deyil ki, eyni olsun. Milli xarakterlər, xalqların tarixi ruhu, siyasi təcrübəsi fərqli olduğundan onların eyni hadisələrdə iştirakı da fərqli olur. Rəsul Quliyev bunu nəzərə ala bilmir. “Filan ölkədə belə oldu” deyib Azərbaycanda tətbiq edəndə yanlış nəticələr ortaya çıxa bilər. Biz burada olduğumuza görə ictimai-siyasi hadisələri yalnız elmi şəkildə təhlil etmirik, həm də onu yaşayırıq. Ona görə bizim fikirlərimiz çox dəqiqdir, nəinki ABŞ ekspertlərinin, ölkədən kənardakı dostlarımızın”.

Rəsul Quliyevlə vaxtilə bir partiyada fəaliyyət göstərən S.Cəlaloğlu qeyd edib ki, onunla bir yerdə olanda da münasibətlər dostluq müstəvisinə qalxmayıb: “Çünki partiyamızda Rəsul Quliyevlə aramı vurmaq üçün bir çox adamlar aktiv iştirak edib yalan məlumatlar çatdırırdılar. Çalışırdılar ki, Rəsul Quliyevlə partiya rəhbərliyi arasında baryer və inamsızlıq yaratsınlar. Buna nail də oldular. Ayrılmağımızın da səbəbi o oldu ki, Rəsul Quliyev o adamların təsirindən çıxa bilmədi. Dəfələrlə Rəsul Quliyevə demişdim ki, o adamlar partiya və Azərbaycandakı məsələləri düzgün çatdırmırlar. Amma çox təəssüf ki, Rəsul Quliyevin xarakterində bir şey var, bir adama inandısa, onun istənilən yalanına sonra da inanacaq, heç vaxt təhlil etməyəcək. Həddən artıq səbirsizdir, adığı informasiyanı praqmatik adamlar kimi dərhal təcrübədən keçirmək istəyir. Halbuki analiz etmək, başqa mənbələrdən onun düzlüyünü yoxlamaq lazımdır. Bir üstün xüsusiyyəti odur ki, dərhal səhvini başa düşüb üzr istəyir, amma gec olur deyə o etiraf nəticəsiz qalır. Bu da ictimai-siyasi fəaliyyətdə olan adam üçün problemlər yaradır”.


Nərgiz


Müəllif:

Oxşar xəbərlər