Bakı Ekspo Mərkəzində 27-30 sentyabrda müasir silah və texnikanın nümayişi - “ADEX 2016” 2-ci Azərbaycan Beynəlxalq Müdafiə sərgisi keçiriləcək.
Teleqraf.cum-un məlumatına görə, sərgiyə həsr olunmuş mətbuat konfransında çıxış edən müdafiə sənayesi nazi6rinin müavini Yəhya Musayev bildirib ki, bu ilki sərgiyə dünyanın 34 ölkəsini təmsil edən 216 şirkət, 19 ölkədən 25 rəsmi nümayəndə heyəti qatılacaq:
"Sərgi çərçivəsində Azərbaycanın milli pavilyonunu ölkənin milli müdafiə kompleksini təqdim edəcək.
Nazirliyinin müəssisələri müdafiə və xüsusi təyinatlı məhsulları, eləcə də silah-sursat nümunələrini nümayiş etdirəcək".
Nazir müavini qeyd edib ki, bu ilki sərgidə yerli eksponatların sayı artıb: "Müdafiə Sənayesi Nazirliyi, eləcə də nazirliyin nəzdindəki struktur və zavodlar, o cümlədən Müdafiə Nazirliyi və ANAMA agentliyi sərgidə fəal iştirak edir. Sərgi çərçivəsində Azərbaycanın müdafiə sənayesinin bir sıra yeni məhsullarının təqdimatı planlaşdırılır".
Sərginin təşəbbüskarı Azərbaycan Müdafiə Sənayesi Nazirliyidir. Müdafiə Nazirliyi isə sərgiyə dəstək göstərir.
Bu il sərgini nazir, hərbi idarə rəhbərlərinin başçılıq etdiyi 25 rəsmi nümayəndə heyəti, Türkiyə, Rusiya, İsrail, Pakistan, İran və digər ölkələrin müvafiq strukturlarının nümayəndələri ziyarət edəcəklər. Öz nümayəndə heyətlərini sərgiyə ilk dəfə göndərən ölkələr arasında Bolqarıstan, Bosniya və Herseqovina, həmçinin Serbiya yer alır.
Sərgidə ilk dəfə zirehli texnikalara xidmət və texniki baxış üzrə servis mərkəzi layihəsi təqdim ediləcək.