Oktyabrın 14-də məhdud tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Nəvaz Şərif ilə geniş tərkibdə danışıqları olub.
Pakistanın Baş naziri Məhəmməd Nəvaz Şərif deyib: “Cənab Prezident, təşəkkür edirəm. İlk növbədə, gözəl ölkənizə səfər etməyin bizim üçün şərəf olduğunu demək istərdim. Biz Bakını görməyə çox şadıq. Son 10-15 ildə Bakı belə gözəl bir şəhərə çevrilib. On beş ildən az müddətdə bu işlərin görülməsi çox heyrətamizdir. Artıq qeyd etdiyim kimi, mən 1998-ci ildə Bakıda olmuşam. Burada rəsmi səfərdə olmaq şəxsən mənim üçün şərəfdir. Bu gözəl şəhərdə mənə və nümayəndə heyətinin üzvlərinə göstərilən olduqca səmimi münasibətə görə Sizdən minnətdarlığımı qəbul etməyinizi xahiş edirəm. İlk növbədə, icazə verin, 18 oktyabr - milli bayramınız münasibətilə Sizə və Azərbaycan xalqına səmimi təbrikimi və ən xoş arzularımı çatdırım.
Cənab Prezident, deməliyəm ki, Pakistan xalqı Sizin dahi atanız mərhum Prezident Heydər Əliyevin uzaqgörənliyini, qardaş Azərbaycanın irəliləyişini, inkişafını və Sizin müdrik, mahir rəhbərliyinizi yüksək qiymətləndirir. Son 25 ildə Azərbaycanın əldə etdiyi irəliləyiş diqqətəlayiqdir”.
Baş nazir qeyd edib ki, Azərbaycanın inkişafı və uğuru bütün müsəlman ölkələri üçün qürur mənbəyi və bir çox inkişaf etməkdə olan ölkələr üçün idarəçilik nümunəsidir: “Deməliyəm ki, biz dünəndən çox təsirlənmişik. Cənab Prezidentə dedim ki, mən dünyada bu qədər təmiz şəhər görməmişəm. Bəlkə də Bakı kimi təmiz şəhər gördüyümü unutmuşam. Lakin şübhəsiz ki, bu, mənim indiyədək olduğum ən təmiz şəhərlərdən biridir. Şəhərin planlaşdırılması, dünən və bu gün gördüyümüz gözəlliklər bizi məftun etdi. Bir daha Sizə təşəkkür edirəm”.