21 Oktyabr 2016 20:08
7 144
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerika Birləşmiş Ştatlarında (ABŞ) keçiriləcək prezident seçkilərinə üç həftədən az müddət qalıb.

Demokratlar partiyasının namizədi Hillari Klintonla Respublikaçılar partiyasının namizədi Donald Tramp arasında artıq üç debat keçirilib. Seçkiqabağı kampaniya və debatlardan çıxan nəticələrlə bağlı “ADA” Universitetinin İctimai və Beynəlxalq Münasibətlər İnstitutunun dosenti, hazırda Cons Hopkins Universitetində Aparıcı Beynəlxalq Araşdırmalar Məktəbi nəzdində tədqiqat aparan Anar Vəliyevlə söhbət etdik. Onunla “ADA” Universitetindən “Skayp” vasitəsilə əlaqə qurduq. Anar Vəliyevin Teleqraf.com-a müsahibəsini təqdim edirik.

- Anar müəllim, Vaşinqtonda olduğunuz üçün ABŞ-da seçkiqabağı prosesin canlı şahidisiniz. İstərdik əvvəla, prezidentliyə namizədlərin seçkiqabağı kampaniyasını qiymətləndirəsiniz. Namizədlər arasında 3-cü debat yekunlaşıb. Opponentlərin çıxışları barədə ümumi təhliliniz necədir?
- Keçirilən üç debatın gedişatında onun şahidi olduq ki, Respublikaçılar partiyasının prezidentliyə namizədi Donald Tramp rəqibi Hillari Klintondan çox geridə qalıb. Nəticəyə əsasən onu qeyd etmək olar ki, debatlar Trampa deyil, Klintona kömək etdi. Klinton debatlarda çıxışı zamanı bütün mövzularda ekspert kimi danışırdı- siyasi məsələlər üzrə təcrübəsini göstəriridi. Çünki Dövlət Katibi vəzifəsində çalışıb, Nyu-York ştatından senator seçilib, eyni zamanda Amerikanın birinci xanımı olub. Vergilərdən tutmuş xarici siyasət mövzusuna qədər verilən sualların hamısına hazırlıqlı idi. Donald Tramp isə seçkiqabağı kampaniyada populist mövqedən çıxış edirdi, təxribatçı ideyalarla irəli çıxırdı. Bununla da cəmiyyətin ona inanacağını düşünürdü. Bir çox hallarda insanlar ona inanırdı. Amerikanı böyük Amerika kimi xarakterizə edirik, ancaq Birləşmiş Ştatlar təkcə Nyu-York, Vaşinqton, Los-Anceles, San-Fransisko şəhərlərindən ibarət deyil. ABŞ deyəndə dindar amerikalıları da nəzərə almalıyıq. Orta statistik amerikalıları beynəlxalq əlaqələr bir o qədər maraqlandırmır. Onlar üçün Amerikanın özündə baş verənlər daha vacibdir. Sadəcə istəyirlər ki, Mosul, Hələbdə baş verən əməliyyatlarda övladlarına heç nə olmasın, həmin bölgələrdən hər hansı terror təhlükəsi gəlməsin. Bildiyiniz kimi, debatlarda ailə planlaşdırması, homoseksuallıq məsələsi geniş müzakirəyə səbəb oldu. Donald Tramp uşaqsaldırmaya qarşı olduğunu açıqladı. Amerikada dindarlar böyük qüvvədir, dindarlar üçün bu məsələlər Mosul və Hələbdə baş verənlərdən daha vacibdir. Tramp başa düşürdü ki, populist ideyalarla adamların etimadını qazanmaq asandır. Buna görə də bu kartdan istifadə etməyə başladı. Demokratlar isə daha geniş şəkildə beynəlxalq münasibətlərdən danışırlar. Rusiya prezidenti Vladimir Putinin adı keçəndə Hillari çox yaxşı şəkildə bu kartdan istifadə elədi, dedi ki, Tramp Putinin dostudur. Ancaq amerikalı seçici üçün ölkə daxilində baş verənlər xarici siyasətdən daha mühümdür.

- Vurğuladınız ki, amerikalıların böyük əksəriyyətinin diqqətini xarici siyasətdə baş verənlər cəlb etmir. Seçkilərə az müddət qalan bir vaxtda ABŞ-ın Mosul əməliyyatlarına başlamasını necə dəyərləndirirsiniz?
- ABŞ-dakı prezident seçkilərinə qədər Mosul əməliyyatına başlamasını seçkilərə görə düşünülmüş addım olduğunu zənn etmirəm. Ola bilsin seçkilərə qədər Mosul heç terrorçulardan geri alınmayacaq. Sadə amerikalıları Mosulda baş verənlər maraqlandırmır.

- Bəs Prezident Barak Obamanın Donald Trampı kəskin tənqid etməsi və açıq şəkildə Klintona dəstək verməsinin seçkiqabağı kampaniyanın gedişatına təsiri oldu?
- Amerikada çox adam Barak Obamanı sevir və ona inanır. Qaradərililər, gənclər, homoseksuallar kimi təbəqələr ona çox dəstək verir. Bir sözlə, Amerikanın liberal hissəsi Barak Obamaya etibar edir. Obamanın Klintona dəstək verməsi onun reytinqinə çox kömək elədi. Sorğulara nəzər yetirəndə aydın olur ki, bu təbəqələrə aid seçicilər Klintona səs verəcək. Paralel olaraq Trampı mərkəzdən uzaq bölgələrdə, konservativ qruplar dəstəkləyəcək. Respublikaçılar partiyasının bir çox nümayəndələri Trampa bəlkə heç səs vermədi. Onun son vaxtlar populist çıxışları respublikaçılara xoş təsir etmədi. Kondoliza Rays, Makkeyn kimi nüfuzlu respublikaçılar Trampın əleyhinə çağırış etdilər.

- Respublikaçılar partiyasının məşhur simaları təşkilatın nüfuzundan dolayı açıq şəkildə Trampı tənqid etməsə də, ondan çox narazıdırlar. Belə versiyalar səslənir ki, respublikaçıların namizədi Tramp deyil, bir başqası olsaydı Klintona qalib gələrdi. Bu yanaşma ilə razılaşırsınız?
- Respublikaçılar partiyası hər bir ştatda praymeriz - ilkin seçkilər keçirdi. Tramp bütün namizədləri uddu və prezidentliyə namizəd oldu. Ola bilsin, onun kampaniyaya çox pul xərcləməsinin təsiri vardı. Həmçinin bir neçə nüfuzlu respublikaçı, o cümlədən Corc Buşun qardaşı Ceb Buş kənara çəkildi və bu prosesdə iştirak etmək istəmədi. Bu vakuum Trampın qabağa keçməsinə icazə verdi. Nəzərə alaq ki, onun rəqibləri güclü deyildi. Bir çox ölkələrdə populist prezidentlər hakimiyyətə gəlir. Populizmin də birinci problemi qorxudur. İşsizlikdən qorxu yarana bilər. Yeni prezidentin hər hansı dəyişikliyi mühafizəkarlara pis təsir edə bilər. Ona görə də onlar istəyir ki, həyat necə idisə, eləcə də qalsın, ciddi dəyişiklik olmasın. Bu mənada mühafizəkarların seçimi Trampdır. Donald Tramp da seçki kampaniyasında məxsusi olaraq amerikanların böyük əksəriyyətinin qorxduğu məqamları qabardırdı. Amerikalılar meksikalılardan qorxurdular, çünki düşünürdülər ki, onlar gəlib iş yerlərini amerikalıların əlindən alacaqlar. Ohayo, yaxud Pensilvaniyada hansısa zavod bağlandığı üçün işini itirən amerikalı da günahkar axtarır. Fikirləşir ki, işindən Barak Obamanın prezidentliyi dövründə ayrılıb, meksikalıların axınına görə ölkədə işsizlik artıb və s. Və bu ehtimallardan nəticə çıxarır. Tramp isə bəyan edir ki, mən prezident seçiləndə bütün meksikalıları ölkədən qovacağam və sizə iş verəcəyəm. Belə açıqlamadan sona seçici istər - istəməz ona səs vermək istəyir.

- Psixoloji məqamlardan bacarıqla istifadə edir.
- Bəli, psixoloji məqamları çox nəzərə alır. Dünya bəzən Amerikanın ancaq kinolardakı Hollivud, Vaşinqton, Nyu-York kimi qəşəng şəhərlərin həyatından ibarət olduğunu təsəvvür edir. Amma Amerikanın mərkəzindən uzaqlaşdıqca görürsən ki, Azərbaycanın ən ucqar kəndindəki insanlar belə amerikalı mühafizəkardan daha liberaldır.

- Respublikaçıların prezidentliyə namizədini psixoloji problemləri olan insan kimi xarakterizə edirlər. Siyasi fəaliyyəti olmayan bir biznesmen birdən-birə gəlib prezidentliyə namizəd oldu və dünyanın diqqətini özünə çəkdi. Tramp necə oldu ortaya çıxdı?
- Klintona diqqət edək, hansı insanlar onu özünə bənzədir? Şəhər əhalisi, orta və yüksək təbəqənin nümayəndələri, ali təhsillilər, xaricə səyahət etməyi sevənlər. ABŞ-ın əyalət bölgəsində yaşayan amerikalı isə özünü Hillari Klinton kimi görmür. Sadə amerikalılara onlara yaxın olan, öz dilində danışan prezident lazımdır. 2000-ci ildə Albert Qor-Corc Buş mübarizəsində niyə Buş prezident seçildi? O zaman hələ Qor Nobel mükafatına layiq görülməmişdi, amma çox gözəl natiqlik qabiliyyətinə malik idi, mütaliəli insan idi, lakin Buşa uduzdu. Halbuki Buş Pakistanın paytaxtının hansı şəhər olduğunu bilmirdi. Corc Buş sadə danışırdı, onun mesajları orta təbəqəli amerikalının ürəyinə yatırdı

.
- Yüksək natiqlik qabiliyyəti prezident olmağa kömək eləmir...
- Bəli, kömək eləmir. Klinton Mosuldan, Kərkükdən danışanda, Rusiyanın qabağını almaq üçün planları açıqlayanda, amerikalılar düşünürlər ki, bu, mənim nəyimə lazımdır, ondan necə faydalanacağam? Ancaq Tramp deyir ki, niyə biz NATO-ya görə avropalıların pulunu ödəməliyik, özləri ödəsinlər. Amerikalı da düşünür ki, xeyirdirmi mənim ödədiyim vergi hesabına Polşada tank yerləşdirib bu ölkəni müdafiə edirsiniz? Trampın bu mesajı orta təbəqəli amerikalıya ünvanlanıb. İnsanlar düşünür ki, Tramp hansısa bölgədən çıxıb - onlara yaxındır. Halbuki onun atası zəngin olub. Tramp isə insanları inandırır ki, mən sizin adamınızam.

- Bununla belə reytinqlər Klintonun öndə və prezidentliyin bir addımlığında olduğunu göstərir.
- Respublikaçıların böyük hissəsi Trampa səs verməyəcək. Amerikalılar çox şeyi bağışlaya bilərlər, ancaq Trampın qadınlarla bağlı audio səs yazısı amerikalıları məyus etdi, onların üzü Trampdan döndü. Mühafizəkarlar onun üç dəfə ailə qurduğunu bağışlaya bilər, ancaq başqa birisinin həyat yoldaşı ilə o tonda danışığını qəbul etmirlər. Bu, ailə modelinə ziddidir. Vaxtilə bəlkə də mühafizəkarlar Barak Obamaya ona görə səs verdilər ki, onun iki qızı vardı, bir dəfə ailə qrumuşdur, nümunəvi ailə başçısı idi. Klinton haqda isə düşünürlər ki, Bill Klintonun prezidentliyi dövründə, yaxud indi barəsində neqativ informasiyalar yayılmayıb, qızı ailə qurub. Yəni insanların gözünün qarşısında gözəl ailə modeli canlanır. Düşünürlər ki, öz ailəsi ilə bacaran insan, dövlətin idarəçiliyini də bacaracaq. Trampın öz qızı, həyat yoldaşı haqda danışıqları, evli qadınlarla yayılan səs yazısı onlar üçün qəbuledilməzdir.

- Seriallarda tamam fərqli bir Amerikanın şahidi olmuşuq, zənn edirik ki, amerikalılarda güclü ailə modeli yoxdur...
- Azərbaycanda Amerikanı kinolardan tanıyırıq. “Sex and the city”, “Lost” serialları Nyu-York, Vaşinqton, Kaliforniya, Çikaqoda çəkilib, orada insanlar liberaldır. Onlarda ailə modeli güclü şəkildə vurğulanmayıb. Amma Amerika cəmiyyəti bu deyil. Dindar ştatlara, bölgələrə getsəniz görəcəksiniz ki, Amerika cəmiyyəti Azərbaycan cəmiyyətindən qat-qat mühafizəkardır. Müasir İpadları, avtomobilləri onları bizdən modern etmir. Orta təbəqəli Amerika ailəsi hər həftə kilsəyə gedir. Azərbaycanda çox az sayda ailələr hər həftə məscidə gedər. Birləşmiş Ştatlarda isə din böyük rol oynayır.

- Dünyanın bir çox nüfuzlu media orqanları Rusiyanın ABŞ seçkilərinə təsir edəcəyi barədə yazır. Elə debatlarda da müzakirə mövzularından biri Rusiya idi. Rusiyanın ABŞ seçkilərinə təsiri hansı formada ola bilər?
- Rusiya məsələsinin debatlarda çox hallanması qorxu məsələsindən irəli gəlirdi. Amerikada Rusiyaya "soyuq müharibə" dövründə olduğu kimi opponent kimi baxırlar. Əvvəllər "ruslar", "Rusiya" sözlərindən istifadə edirdilərsə, indi leksikonda ancaq Putinin adı səslənir. Onların gözündə Putin çətin prezident nümunəsi kimi görünür. Kim onunla əl-ələ verib dostluq edirsə, avtomatik olaraq həmin şəxs tənqid olunur. Klintonun Trampa qarşı ən böyük ittihamı o idi ki, Putinlə dostsunuz və o, Amerikanı zəiflətmək üçün sizin prezident olmağınızı istəyir. Klinton amerikalıların qorxusundan istifadə etmək istədi. Deyirdi ki, Tramp prezident olsa, ABŞ zəifləyəcək, ruslar bizdən önə keçəcək. Yalnız son debatda Tramp çıxışında Klintona dedi ki, Putinə nifrət etdiyiniz üçün o, sizi aldatdı, onunla dost deyiləm.

- Yeri gəlmişkən Rusiya prezidenti Vladimir Putin “Hər kəs sakit olsun, ABŞ-dakı seçki prosesinə müdaxilə etmək planımız yoxdur” bəyanatı verdi, ancaq belə bir müdaxilənin olacağı istisna edilmir.
- Seçkinin nəticələri yalnız Amerika seçicisindən asılıdır. Tramp və Klintonun tərəfdarlarının mövqeyi bəllidir, hərə öz namizədinə səs verəcək. Ancaq bitərəf mövqedə qalan insanlar var, onlar kimə səsə verəcəyini dəqiqləşdirməyiblər, evdə oturub səsverməyə getməsələr, Klinton udacaq, Trampa səs versələr, səs faizləri dəyişə bilər. Güclü bir şey olmalıdır ki, hansısa dövlət ondan istifadə edib seçkiyə təsir etsin. Məsələn, terror aktı və yaxud namizədin həyatında, ölkə daxilində nə isə baş verərsə, seçkinin taleyi dəyişə bilər. Beynəlxalq aləmdə hər hansı böhranın seçkiyə təsir etmək gücü azdır. Ancaq tutalım, Klintonun rüşvətxor olması barədə fakt üzə çıxarsa, dəyişiklik ola bilər. Gördünüzmü, Trampın səs yazısı ortaya çıxanda ona çox ziyan dəydi, ancaq Klinton onu Putinin dostu olmaqda ittiham edəndə ictimai rəyə təsir etmədi. Amerikanın daxilində baş verən hər hansı hadisə seçicilər üçün dünya miqyasında baş verən hansısa qlobal məsələdən daha maraqlıdır.

- Hillari Klinton seçki kampaniyasında anti-rus ovqatına köklənmişdi, reytinqlər Demokratların namizədinin qalib gələcəyini proqnozlaşdırır. Klinton prezident seçilərsə, 2 böyük gücün –ABŞ-la Rusiyanın münasibətləri hansı formada inkişaf edəcək?
- Mənim fikrimcə, münasibətlər indiki kimi davam edəcək, bəlkə də daha da sərtləşəcək. 2008-ci ildə Gürcüstanla müharibədən sonra amerikalılarla rusların münasibəti soyuqlaşdı. Ancaq Klinton dövlət katibi olandan sonra bəyan etdi ki, bu hadisənin üzərindən keçirik, bu, sizin strateji məsələniz idi, gəlin münasibətlərdə yenilənmə edək, təzədən dostlaşaq. Amma bir neçə ildən sonra başa düşdülər ki, ruslar səmimi deyillər. Ukrayna və Suriya hadisələrindən sonra ABŞ anlardı ki, ruslarla yalnız güc yolu ilə danışmaq lazımdır, Putinlə birgə çalışmaq alınmır. Barak Obama Administrasiyası bunu gec anladı. Klinton artıq ruslara inanmır. Tramp prezident seçilərsə, ola bilsin, münasibətləri sıfırdan başlayardı. Klinton Rusiya ilə münasibətdə sərt olacaq, əlaqələri pisləşdirməsə də, olduğu kimi saxlayacaq.

- Barak Obamanın prezidentliyi dövründə Cənubi Qafqaz regionunda dondurulmuş münaqişələrin həlli ilə bağlı hərəkətlənmə olmadı. Rusiya tərəfindən ciddi nəticəsi olmasa belə prezidentlər səviyyəsində görüşlər təşkil edildi, ancaq ABŞ ATƏT-in Minsk qrupunun həmsədri dövləti kimi hər hansı təşəbbüslə çıxış etmədi. Sizcə, Tramp yoxsa Klinton Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün töhfə verə bilər?
- Hələlik ABŞ-ın Qafqazda fəal rol oynayacağını düşünmürəm. Amerikalıların bir xüsusiyyəti var, hansısa xəstəlik əziyyət vermirsə, həkimə müraciət etmirlər. Düşünürlər ki, dərhal antibiotik içmək lazım deyil, bəlkə də bədən xəstəliklə mübarizə aparacaq. Siyasi yanaşmalarda da belədirlər. Hesab edirlər ki, Dağlıq Qarabağ münaqişəsi hazırda nə ABŞ-ın maraqlarına, nə də bütünlükdə regiona böyük problem yaradır. Cəbhə xəttində atışmadan xəbərdardırlar, amma bunu böyük problem saymırlar. Onlar fikirləşirlər ki, Suriya, İŞİD daha ciddi problemdir, İran və Rusiya ilə münasibətlər fonunda Qarabağ onlar üçün əhəmiyyətsiz olduğuna görə, ona qarışmaq istəmirlər. Digər tərəfdən, gözəl başa düşürlər ki, onlar Cənubi Qafqaz regionuna aktiv şəkildə qayıtsalar, Rusiya bu addıma "soyuq müharibə"nin davamı kimi baxacaq. Bizim ən böyük problemimiz ondadır ki, bölgəmiz Rusiya ilə ABŞ-ın maraqlarının toqquşduğu bölgədə yerləşir. Burada ABŞ hansı addımı atsa, Rusiya buna qarşı çıxış edəcək və ya əksinə .

- Maraqlar toqquşur.
- Bəli, məsələn, ABŞ tərəfə meyillənsək, Rusiya bizimlə münasibətləri sərtləşdirə bilər. Rusiya planına uyğun hərəkət etsək, Birləşmiş Ştatlar sabotaja başlaya bilər. Klinton prezident olacaqsa, inanmıram ki, hakimiyyətinin 2 və 3-cü ilində bu münaqişəyə hansısa töhfə versin. Düzdür, bəyanatlar səsləndirəcəklər, ola bilsin, Azərbaycan və Ermənistan prezidentlərini Amerikaya dəvət edib müzakirələr aparacaqlar, ancaq, elə də əsaslı dəyişiklik gözləmirəm.

Nərgiz Ehlamqızı


Müəllif:

Oxşar xəbərlər