Müdafiə Sənayesi Nazirliyinin tabeli müəssisələrində doqquz ayının yekunlarına həsr edilmiş səyyar kollegiya keçirilib.
Tədbirdə çıxış edən nazir Yavər Camalov bildirib ki, dünyada əlverişsiz iqtisadi proseslərin davam etdiyi, regionda silahlı münaqişələrin və qanlı terror aktlarının baş verdiyi bir dövrdə ölkəmizdə sabitlik qorunub saxlanılır: “Hesabat dövründə cari il üçün nəzərdə tutulan tədbirlərin icrası davam etdirilib, respublikanın güc strukturlarının sifarişləri üzrə bağlanmış müqavilələr əsasında müdafiə təyinatlı məmulatlar istehsal edilərək sifarişçilərə təhvil verilib”.
Nazir bildirib ki, bu ilin doqquz ayında nazirliyin müəssisələrində istehsal olunan məhsulların ümumi həcminin 81 faizini müdafiə və xüsusi təyinatlı, 19 faizini isə mülki təyinatlı məhsullar təşkil edib: “İstehsal olunaraq sifarişçilərə təhvil verilən müdafiə təyinatlı məmulatların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,6 faiz, çeşidlərinin sayı isə 2 dəfədən çox artıb. Eləcə də, ötən ilin müvafiq dövrü ilə müqayisədə mülki məhsul istehsalında 8,2 faiz artım əldə olunub.
2016-cı ilin Yaradılma Proqramına uyğun olaraq Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində 115 mövzu üzrə 198 mərhələni əhatə edən təcrübi konstruktor işləri aparılır. Nazirliyin Elmi-Tədqiqat İnstitutunda cari ildə dövlət sifarişi xətti ilə 14 mövzu üzrə elmi-tədqiqat və təcrübi konstruktor işləri davam etdirilib”
Cari ilin 27-30 sentyabrında Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində keçirilən “ADEX-2016” ikinci Azərbaycan Beynəlxalq müdafiə sərgisində dünyanın 44 ölkəsindən 250-yə yaxın şirkət və rəsmi heyət iştirak edib.
Sərgidə ilk dəfə nümayiş etdirilən məmulatlardan mina əleyhinə “İldırım” və “Qasırğa” zirehli maşınları, “AZAD Sistemlər” müəssisəsi tərəfindən hazırlanan pilotsuz uçuş aparatların ən yeni tipli təkmilləşdirilmiş variantları, yeni növ atıcı silahlar, tank əleyhinə idarə olunan raketlə təchiz edilmiş “Gürzə” nəzarət patrul maşını, döyüş sursatları və onların partladıcı başlıqları sərgini ziyarət edənlər tərəfindən böyük maraqla qarşılanıb.
İlhamə ƏBÜLFƏT