2 Noyabr 2016 16:17
815
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə gündür qoşunların təmas xəttində gərginlik artıb. Bu gecə erməni silahlıları cəbhə xəttindəki mövqeləriimizi 60 millimetrlik minaatanlardan, qumbaraatanlardan və iriçaplı pulemyotlardan yenə də intensiv atəşə tutub. Azərbaycan Müdafiə Nazirliyi buildirib ki, erməni tərəfi cəbhədə vəziyyəti məqsədyönlü şəkildə gərginləşdirir.

122 saylı Xankəndi seçki dairəsindən deputat olan Flora Qasımova cəbhə xəttindəki gərginliyin səbəblərini Teleqraf.com-a şərh edib.

Onun fikrincə, Ermənistan rəhbərliyi narazı əhalinin fikirini yayındırmaq, aprel döyüşlərinin uğursuz nəticələrini aradan qaldırmaq, bəlkə də bir az da irəli gedərək azad olunan torpaqları qaytarmaq niyyətilə belə provokasiyaya əl atır: “Ermənistanda daxili vəziyyət çox pisdir, əhali çox narazıdır, tez-tez mitinqlər keçirir. Danışıqlar getdiyi bir vaxtda bir bəhanə tapıb bu danışıqlara mane olmağa çalışırlar. Ancaq başa düşmürlər ki, aprel döyüşlərində Azərbaycan ordusunun çox cüzi hissəsi iştirak edirdi. Ermənistan sülh istəmir, ölkəmizi provokasiyaya çəkir. 25 ildir xalqımızın səbri tükənib, insanlar öz evinə, torpağına qayıtmaq istəyir. Onlar bizim əsəblərimizlə oynayırlar, bizi qıcıqlandırırlar, yenidən hücum olmasını istəyirlər. İnsanların fikrini ölkənin daxilindəki siyasi vəziyyətdən yayındırmaq üçün cəbhə xəttində təxribatlar törədirlər”.

Deputat hesab edir ki, münaqişənin sülh yolu ilə həlli istiqamətində danışıqlarda iştirak edən beynəlxalq qurumlar ikili standartlara yol verir: “Bakıda bir söz, İrəvanda başqa söz deyirlər. Ermənilər də arxayın olduğundan Dağlıq Qarabağın ətrafındakı rayonların belə adlarını dəyişib erməni adları qoyurlar, qeyri-qanuni məskunlaşma həyata keçirirlər, ev tikib qəsəbələr salırlar. Fikirləşirlər ki, Azərbaycan xalqı bu proseslə barışacaq. Ancaq xalq getdikcə torpaqlarımızın qaytarılmasına daha çox can atır. Aprel döyüşləri zamanı gənclərimiz müraciət etdi ki, gedib döyüşək və məsələni birdəfəlik həll edək. Humanist prezidentimiz var, qan tökülməsini istəmir. Amma ermənilər bunu başa düşmür, belə görünür ki, heç başa düşməyəcəklər də. Bizim son əlacımız elə müharibədir. Ermənilər Qarabağdan elə gedəcək ki, izi-tozu da qalmayacaq. Axı biz niyə ermənilərə güzəşt etməliyik? Ermənistanda bir azərbaycanlı belə qalmayıb, Azərbaycan şəhərləri, kəndləri yerlə yeksan olunub. 1 milyon azərbaycanlı məhz milliyətinə görə evindən-eşiyindən didərgin salınıb. Bunlar nə istəyir? Əgər sülh istəyirsə, Laçın, Zəngilan, Cəbrayıl, Qubadlı bəyəm onların torpağıdır, niyə orada tikinti aparıb məskunlaşma həyata keçirirlər. Onlar bir qarış torpağı belə geri vermək istəmirlər. Bizim bircə yolumuz var – müharibə edib, erməniləri torpaqlarımızdan çıxarmaq. Çünki nə sülh istəyirlər, nə də güzəştə razıdırlar. Bundan artıq nə edə bilərik?”

Nərgiz Ehlamqızı


Müəllif:

Oxşar xəbərlər