2 fərqli "siyasi məhbus" siyahısı hazırlayan "5-ci kolon" təmsilçilərinin sosial şəbəkələrdəki söz duelində müxtəlif mətləblərin üstü açılır
Radikal müxalifət düşərgəsində ötən ayın ortalarından başlayan "siyasi məhbus" qovğası prosesə daha çox iştirakçının qoşulması ilə yeni mərhələyə qədəm qoyub. Bəzi siyasilərin və "hüquq müdafiəçiləri"nin aktiv rol aldığı bu yarışda tərəflər bir-birinə üstün gəlmək üçün bütün arsenallarını səfərbər ediblər. Oktyabrın 17-də özlərinin 94 nəfərlik siyahısını təqdim edərək rəqiblərindən bir addım önə keçən Xədicə İsmayıl və dəstəsinin qarşı tərəfin 166 nəfərlik siyahısı ilə bağlı ittihamlarının ana xəttini bu ikitirəliyin Əli Kərimli tərəfindən salınması təşkil edir. İsmayıl hesab edir ki, bu işlərin başında "ağılsız ambisioz" adlandırdığı Kərimli dayanır. Radikal müxalifət düşərgəsində də ümumi yanaşma məhz bu yöndədir.
AXCP və "Milli şura"nın açıq mətnlə 166 nəfərlik siyahını dəstəkləməsi, Kərimlinin nəzarətində olan "Azadlıq" qəzetində Xədicəgilin 94 nəfərlik siyahısının "iqnor" olunması, eyni zamanda, ötən müddət ərzində hər iki tərəfə yaxın olan adamların dilindən səslənən fikirlər belə qənaətə gəlməyə əsas verir ki, 166 nəfərlik siyahının təbliğatına qollarını çırmalayanlar məhz Ə. Kərimlinin sifarişini yerinə yetirirlər. Eyni zamanda, 94 nəfərlik siyahı müəllifləri Ə.Kərimli və Leyla Yunus tandeminin siyahısının qeyri-peşəkarcasına, əsaslandırılmamış məlumatlar əsasında hazırlanması yönündə ictimai rəy formalaşdırmağa çalışırlar. Təbii ki, qarşı tərəf də boş dayanmaq niyyətində deyil. Onlar bir gün gec açıqladıqları siyahılarına bəraət qazandırmaq üçün Xədicəgilin dəstəsini hakimiyyətə işləməkdə ittiham edirlər. Qarşılıqlı söz duelinin əsas ünvanı qismində isə sosial şəbəkələr çıxış edir. Odur ki, ötən həftə ərzində tərəflərin bir-birlərinə ünvanladıqları "facebook" mesajlarına diqqət yetirməkdə fayda var. Bu, həm də "siyasi məhbus" davasının alt qatında yatan səbəblərə işıq tutmaqda yardımçı olur.
Əvəz Zeynallının qrant etirafı: siyasi məhbus məsələlərinin arxasında böyük pullar var
Spot: "Eşidirəm ki, siyasi məhbus məsələlərinin arxasında böyük pullar var. İddia etmirəm ki, pul yoxdur. Və bunu ölkəyə "vicdan dərsi" keçən adamlar edirsə, əxlaqsızlığın rəngi qıpqırmızı olur"
Ə. Kərimli – L. Yunus cütlüyünün 166 nəfərlik siyahısının ən fəal təbliğatçılarından biri "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallıdır. O, "Yeni Müsavat" qəzetinə müsahibəsində siyahının hazırlanmasında iştirak etmədiyini, sadəcə, təbliğinə qoşulduğunu dilə gətirib. Öz "facebook" səhifəsində açılmış diskussiyalarda X. İsmayılın dəstəsinin ünvanına kəskin ittihamlar səsləndirməsini və qarşı tərəfdə yer almasını Ə. Zeynallının köhnə düşmənçilikdən doğan hesablaşması kimi qiymətləndirənlər də var. Bununla belə, hesab edirik ki, səbəb hər nə olursa olsun, Ə. Zeynallının toxunduğu məsələlər müəyyən qədər aydınlaşdırıcı rol oynaya bilər. Belə ki, "siyasi məhbus" oyununun arxasında sırf maddi maraqların dayandığını bu gün dünyada bilməyən yoxdur. Siyasi proseslərdən az-çox başı çıxan hər kəs bu gün "siyasi məhbus" bazarının yaxşı qazanc vəd etdiyini anlayır. Elə Azərbaycanda da bu biznesin tərəfləri üçün pul qazanmaq istəyi birinci məqsəddir. "94"lüklərlə "166"lıqlar arasında gedən qızğın mübarizəni məhz bu amillə izah etmək heç də əsassız yanaşma deyil. Ə.Zeynallının müsahibəsində səsləndirdiyi fikirləri bu məsələdə etiraf kimi də qəbul etmək olar: "Açığı, bu qrant məsələsi ilə hər yerdə qabaqlaşıram. Bu ölkədə böyük qrant mafiyası var. Özümü bir çox hallarda bu mafiyanın əhatəsində hiss edirəm. Eşidirəm ki, siyasi məhbus məsələlərinin arxasında böyük pullar var. İddia etmirəm ki, pul yoxdur. Və bunu ölkəyə "vicdan dərsi" keçən adamlar edirsə, əxlaqsızlığın rəngi qıpqırmızı olur"...
Zaman tutarsızlığı: kim haqlıdır?
Hər iki tərəfin öz həqiqətlərini müdafiə etmək üçün istinad etdiyi məqamlardan biri də siyahıların elan olunması tarixi ilə bağlıdır. Xədicə İsmayıl, onun dəstə üzvləri Rövşən Hacıbəyli və Xalid Bağırov oktyabrın 17-də öz siyahılarını elan etdiklərini, bir gün sonra isə qarşı tərəfin tələm-tələsik natamam siyahı hazırlamaqla özünü gülünc vəziyyətə qoyduğunu bildiriblər. Əvəz Zeynallı isə adları sadalananların iddialarının doğru olmadığını, əslində, Xədicəgilin siyahısının oktyabrın 20-21-də açıqlanmalı olduğunu bəyan edib: "Əvvəlcədən elan etmişdik ki, oktyabrın 18-də siyasi məhbus siyahısını təqdim edəcəyik. Bizim dostlarımız tələm-tələsik bir gün əvvəl siyahılarını təqdim etdilər. Bu, peşəkarlıq və qaydalara ziddir. Onlar ayın 20-21-də elan etməli idilər".
94 nəfərlik siyahının müəlliflərindən olan vəkil Əsabəli Mustafayev Ə. Zeynallının zaman məsələsi ilə bağlı söylədiklərinə elə "Xural"ın baş redaktorunun "facebook" səhifəsində gedən müzakirələrdə cavab verib: "Əvəz bəyin guya 166 nəfərlik siyahıdan sonra biz siyahı tutmuşuq məlumatı yalandır. Bizim siyahı çoxdan hazır idi, lakin bəzi mübahisəli məqamlar olduğu üçün yekunlaşdırmaq olmurdu".
Rəsul Cəfərov da qarşı tərəfin iddialarını bu fikirlərlə yalana çıxarmağa çalışıb: "Siyasi məhbuslarla bağlı sənəd bir gün və ya bir ayın içərisində hazırlanmış sənəd deyildi. Sənəd oktyabrın 17-də elan olundu. Bu sənədin hazırlanmasına faktiki bir neçə ay əvvəldən başlanılmışdı. Bununla bağlı konkret işçi qrupu olub. Bu qrup görüşlər keçirib, araşdırma aparılıb və yekunda bu siyahı ortaya çıxıb".
Tərəflərin tarix məsələsinin üzərində niyə bu qədər durduqlarının səbəbi bəllidir. Burada auditoriyaya vermək istədikləri mesaj ondan ibarətdir ki, "vahid siyahı kimi bizim siyahımız hazırlanıb, digəri isə onun əsasında meydana çıxıb". Dava yenə, Ə.Zeynallının etiraf etdiyi kimi, qrant davasıdır ki, ona görə də bu cəftədən bərk yapışıblar. Amma cəftə kimin əlində qalacaq, onu az sonra daha aydın müşahidə edəcəyik.
Oktay Gülalıyev məlumat daşıyıb?
Spot: "Yekun siyahının hazırlanmasında Oktay Gülalıyev də son günlərə qədər iştirak edirdi. Bizim heç xəbərimiz yox idi ki, o, bizim qrupda iştirak etməklə yanaşı, ayrıca siyahının üzərində işləyir"
"Siyasi məhbus" vurhavurunun baş qaldırdığı ilk günlərdə Xədicə İsmayılın komandasının hədəfindəki isimlər Ə. Kərimli və Cəmil Həsənli idisə, irəliləyən günlərdə bu siyahının hazırlanmasında iştirak etdiyi iddia olunan "Milli şura"nın Koordinasiya Şurasının üzvü Oktay Gülalıyevi də hədəf taxtasına yazdılar. Çünki onlar belə düşünürlər ki, Ə. Kərimli bu dəfə şahmat taxtasında xarakteri tez-tez dəyişkənliyə məruz qalan Gülalıyevi piyada kimi irəli verib ondan faydalanmaq istəyir. Amma qarşılıqlı atışmalardan aydın olur ki, köhnə KXCP-çi, hazırda isə Kərimliçi olan bu siyasi dəllaldan faydalanmaq həvəsinə düşən təkcə AXCP sədri olmayıb. Sən demə, O. Gülalıyev çox uğurla "kamuflyaj" olunaraq hər iki siyahının hazırlanmasında iştirak edib. Vəkil Əsabəli Mustafayev bununla bağlı belə deyib: "Yekun siyahının hazırlanmasında O. Gülalıyev də son günlərə qədər iştirak edirdi. Bizim heç xəbərimiz yox idi ki, o, bizim qrupda iştirak etməklə yanaşı, ayrıca siyahının üzərində işləyir. Oktay bəyin və bəzi şəxslərin rəyi bu idi ki, Nardaran işi üzrə tutulanların hamısı dərhal siyasi məhbus elan olunmalıdır. Əsasən də vəkillər bunun qəti əleyhinə idi. Çünki bu şəxslər barədə bizdə heç bir məlumat, sənəd yox idi. Siyahı isə hüquqi sənəddir və onun hazırlanmasında sənədlərə istinad olunmalıdır. Bu şəxslərin çoxunun vəkilləri yox idi, hökmdən apellyasiya şikayəti verilməmişdir. Hələ yazmadığım digər məlumatlar da var idi və bütün bunlar haqqında Oqtay bəy məlumatlı idi".
İndi X. İsmayılın dəstəsində belə bir şübhə hakimdir ki, O. Gülalıyev məqsədli şəkildə Kərimli tərəfindən bu qrupun içərisinə daxil edilib və o, həm də məlumat daşımaqla məşğul olub. Əsabəli Mustafayev həm də onu deməyə çalışır ki, 166 nəfərlik siyahı dəqiqləşdirilməmiş və yarımçıq məlumatlara istinad edir.
O.Gülalıyev isə çörəklərinə şərik çıxmaq istəyənlərin qeyri-peşəkarlıqla bağlı iddialarını belə cavablandırıb: "Baş vermiş hadisədən 11 ay ötməsinə baxmayaraq, kimsə Nardaran hadisələri ilə bağlı həbs olunanlar haqqında məlumat toplaya bilməyibsə, bu, həm də onun problemi və qeyri-peşəkarlığı, bu işə məsuliyyətsiz yanaşmasıdır".
"5-ci kolon" təmsilçilərində indi də Türkiyə düşmənçiliyi zühur edib
Spot: "Ömrü boyu siyasi sifarişlə işləyənlər, kimlərəsə xidmət edənlər elə zənn edirlər ki, başqaları da onlar kimi sifarişlə iş görürlər. Necə deyərlər, kar elə bilir hamı kardır"
Bizim üçün O. Gülalıyevin sosial şəbəkələrdəki diskussiyalar zamanı illərdir birgə addımladığı, bütün fəaliyyətlərinə bələd olduğu keçmiş dost və indiki düşmənləri barədə söylədiyi fikirlər yetərincə maraqlıdır: "Ömrü boyu siyasi sifarişlə işləyənlər, kimlərəsə xidmət edənlər elə zənn edirlər ki, başqaları da onlar kimi sifarişlə iş görürlər. Necə deyərlər, kar elə bilir hamı kardır…" Əlbəttə, bu debütant "hüquq müdafiəçisi"nin sözlərində həqiqət payı var. Çünki "siyasi məhbus" alverçilərinin xaricdən gələn konkret sifarişləri icra etməsi şübhə doğurmur. Bu gün O.Gülalıyevin həmin məqamı qabartması, sadəcə, məlumun elanıdır. Əslində, elə buna qədər də sözügedən insanların "beşinci kolon" təmsilçiləri olması ilə bağlı ciddi fikirlər irəli sürülmüş, onların anti-azərbaycançı mərkəzlərlə əməkdaşlığına dair sübutlar ortaya qoyulmuşdu.
Bildiyimiz kimi, bir neçə gün öncə Türkiyədə PKK terror təşkilatının təbliğatını aparmaq, onlarla işbirliyində olmaq, terrorçu təşkilat yaratmaq və ya ona üzv olmaq ittihamları ilə Xalqların Demokratik Partiyasından (HDP) olan bir neçə deputat həbs olundu. Uzun illərdir ki, Türkiyə mediası və siyasi dairələr HDP-nin islamofob imperialist mərkəzlər tərəfindən qardaş ölkəyə təzyiq vasitəsi kimi istifadə olunduğu, bu partiyanın həmin mərkəzlərin sifarişlərini yerinə yetirdiyi barədə əsaslı fikirlər səsləndirib. HDP-li millət vəkillərinin həbsindən sonra həmin imperialist mərkəzlərin Ankara hökumətinə qarşı təzyiqləri daha da artıb. Onlar açıq mətnlə PKK terrorunu dəstəkləyən, əksər siyasi ekspertlər tərəfindən onun siyasi qanadı kimi qəbul olunan partiyanın həbs olunmuş üzvlərini dərhal azadlığa buraxmağa çağırır, hətta Türkiyədə davam edən hüquqi prosesə müdaxilə etmək istəyirlər. O mərkəzlər ki, vaxtilə X.İsmayıla, L. Yunusa və digər "5-ci kolon" təmsilçilərinə müxtəlif adlar altında mükafatlar vermiş, onların bu mərkəzlər qarşısındakı öhdəliklərini uyğurla yerinə yetirməsini qarşılıqsız qoymamışdılar. Bu gün həmin mərkəzlərin qardaş Türkiyə dövlətinə qarşı apardıqları təzyiq kampaniyalarına X. İsmayılın, Anar Məmmədlinin və digərlərinin açıq dəstək verməsi, özlərinin sosial şəbəkələrdəki səhifələrində bununla bağlı çoxlu sayda statuslar paylaşması isə həm də o reallığı ifadə edir ki, adları sadalanan "fəal"lar türk və müsəlman düşmənçiliyi aparan, dünya erməniliyinə xidmət edən mərkəzlərlə işbirliyini davam etdirir, onların istənilən kampaniyalarında canla–başla iştirak edirlər. Ona görə də Oktay Gülalıyevin Xədicə İsmayıl dəstəsinin ünvanına "ömrü boyu siyasi sifarişlə işləyənlər, kimlərəsə xidmət edənlər" ifadəsi işlədərkən nəyi nəzərdə tutduğunu anlamaq elə də çətin deyil. O, özünün də təmsil olunduğu "5-ci kolon" təmsilçilərinin qardaş Türkiyəyə qarşı kininin məhz maddi maraqlara söykəndiyini və bu qara piar kampaniyasının xarici maraq qruplarından alınmış təlimatlara əsaslandığını izah etməyə çalışır. Amma bu diletantın da unutduğu bir məqam var ki, 3-5 nəfər riyakarın hər hansı fikrinin cəmiyyətə heç bir təsiri yoxdur. Azərbaycan vətəndaşları dünyada baş verən hadisələri, islam və türk düşmənçiliyinin kökündə dayanan səbəbləri çox gözəl dərk edir, bu tip oyunlara qarşı istənilən platformada özlərinin mövqeyini ifadə edirlər. Bunu xədicələrin, anarların, rəsulların sosial şəbəkələrdəki səhifələrində yazılan şərhlərdən də aydın görmək mümkündür. Doğrudur, bu şərhlər çox qısa zaman sonra silinir və fikirlərin müəllifləri bloklanır. Görünür, bu adamlara "tərbiyə verənlər"lə "Azadlıq" radiosunu, “Meydan” TV-ni, "Amerikanın səsi"ni təlimatlandıranlar eyni şəxslər və ya mərkəzlərdir.
Amma fakt faktlığında qalır, bir daha təsdiq olunur ki, "5-ci kolon" üzvləri xaricdən aldıqları sifarişlər üzrə fəaliyyət göstərirlər və bunu bəzən quyruğu qapı arasında qalan öz dostları dilə gətirirlər.
Məgər bu siyahıları hakimiyyət hazırlayıb, ya da bununla bağlı hakimiyyət sifariş verib?
Radikal ünsürlərin ikrah doğuran pis bir mərəzi də var: nə zaman işləri düz getmirsə, ayaqları büdrəyib üzüaşağı yumarlanmağa başlayırlarsa, dərhal “xoxan” axtarışına çıxır, günahı onun–bunun üstünə atırlar. "Siyasi məhbus" qalmaqalı da bu sarıdan əlamətdardır. Ortada eyni məqsədlə hazırlanmış iki fərqli siyahı var və bu siyahıların müəlliflərinin təxminən bir aya yaxındır ki, bir-birlərinin ünvanına mətbuat orqanlarında, sosial şəbəkələrdə demədikləri sözlər qalmayıb. İndi düşüblər ki, sən demə, "günah həm hakimiyyətdə, həm də hakimiyyətin trollarında" imiş. Əvvəlcə X. İsmayıl, sonra O. Gülalıyev, Ə. Zeynallı və digərləri olanların səbəblərini hökumətdə axtarmağa başladılar. Onlar sosial şəbəkələrdə yazdıqları statuslarda məhz bu iddia ilə çıxış etdi. İndi isə cəmiyyət üçün maraqlı olan müəyyən suallar meydana çıxır: görəsən, hakimiyyətin bu prosesdə təqsiri nədən ibarətdir? Məgər bu siyahıları hakimiyyət hazırlayıb, ya da bununla bağlı hakimiyyət sifariş verib? Bəlkə, xəbərimiz yoxdur, bu "siyahıpərəstlər" "siyasi məhbus"larını hökumətə sırıyıb ondan qrant alacaqlar? Yoxsa X. İsmayıla Ə. Kərimlinin ünvanına "ağılsız ambisioz" deməyi, O. Gülalıyevə isə qarşı tərəfi "sifarişlə işləyən satqınlar" adlandırmağı hakimiyyət tapşırıb? Əlbəttə, bütün bunların cavabını hamı yaxşı bilir. Radikallar "siyasi məhbus" labirintində bir irəli, iki geri vurnuxmaqdan başlarını itiriblər. Çirkin mübarizələrini kiminsə ayağına yazmağa cəhd edənlərin özləri də dərk edirlər ki, bu absurd iddiaları sabun köpüyündən başqa bir şey deyil və cəmiyyətdə ciddi qəbul olunmur, elə qondarma "siyasi məhbus" siyahıları kimi.