“ABŞ demokratik və hüquqi dövlətdir. Xalq seçkilərdə istədiyi namizədə səsini verdi. Beləliklə də, Donald Tramp bu ölkənin yeni prezidenti oldu. Hesab edirəm ki, xalqın seçiminə hörmətlə yanaşmaq lazımdır. Əlbəttə, seçkiyə qədər fərqli proqnozlar irəli sürülür, rəy sorğularında Hillari Klintonun irəlidə olduğu deyilirdi. Amma bu proqnozlar səhv çıxdı”.
Bunu Azərbaycan parlamentinin sabiq sədri, professor Yaqub Məmmədov Teleqraf.com-a deyib.
Məmmədov əlavə edib ki, Amerikada seçki sistemi əksər ölkələrdən çox fərqlidir: “ABŞ seçki sistemində xalq öz nümayəndələrini seçir, bu nümayəndələr də prezidenti seçir. Görünən budur ki, seçilmişlər sonda Donald Trampa səs verdi. İndi biz buna nə deyə bilərik ki? Hər halda bundan sonra Amerikaya Donald Tramp rəhbərlik edəcək. Təbi ki, Trampa qarşı etirazlar var və bunu normal qəbul etmək lazımdır. Nəzərə almaq lazımdır ki, əhalinin böyük bir hissəsi Hillari Klintona səs verib. İndi də Klintonun tərəfdarları onu müdafiə edirlər. Bunlar olan şeylərdir və buna seçki prosesi kimi baxmaq lazımdır. Heç kəs əvvəldən deyə bilməzdi ki, kim prezident seçiləcək”.
Donald Trampın siyasətə biznesdən gəlməsi, idarəçilik təcrübəsinin olmadığı haqda fikirlərə gəlincə, Yaqub Məmmədov hesab edir ki, ABŞ-da sistem fərqlidir: “Amerika elə bir dövlətdir ki, orada kimliyindən asılı olmayaraq hər bir şeyi birinci adam təkbaşına həll etmir. Prezidentin komandası, məsləhətçiləri olur. ABŞ-da oturuşmuş bir sistem var və siyasəti həyata keçirən şəxslər var. Onlar da yeni prezidentin ətrafında cəmləşəcək. Açığını deyim ki, çoxlarının düşündüyündən fərqli olaraq mən böyük dəyişikliklərin olacağını gözləmirəm”.
Həmsöhbətimiz hesab edir ki, Rusiya-Amerika münasibətlərinin yaxşılaşması həm dünya, həm də bizim region üçün çox yaxşı olardı: “Ən azından bizim regionumuzda maraqlar toqquşmaz. Hər halda münasibətlərin istiləşməsi həm də dünyadakı proseslərin daha sağlam və müsbət istiqamətdə getməsinə təkan verə bilər. Fikrimcə, Suriyada proseslər hələ davam edəcək. Orada mürəkkəb vəziyyət mövcuddur, üstəlik ciddi maraq toqquşmaları müşahidə edilir. Başqa sözlə, Suriya məsələsi təkcə Donald Trampdan asılı məsələ deyil. Suriya prosesləri dərin proseslərdir, böyük maraqların toqquşmasıdır, üstəlik iqtisadi və geosiyasi amillər mövcuddur. Görünən budur ki, Suriya prosesləri uzun çəkəcək”.
NEMƏT