15 Fevral 2017 16:35
532
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev “Amnesty İnternational” təşkilatının Aleksandr Lapşinin işi ilə əlaqədar açıqlamasına münasibət bildirib.

Teleqraf.com-un məlumatına görə, H.Hacıyev deyib: “Amnesty İnternational”ın Aleksandr Lapşinin işi ilə əlaqədar verdiyi bəyanat ikili standartların ifrat nümunəsidir. Görəsən niyə “Amnesty İnternational” beynəlxalq humanitar hüququ pozaraq Ermənistan tərəfindən Çingiz Qurbanovun cəsədinin bir aydan artıq müddətdə qaytarılmaması və ya ata-analarının qəbrlərini ziyarət edərkən, girov götürülmüş, fiziki və psixoloji isgəncələrlə üzləşən soydaşlarımız Dilqəm Əsgərovla Şahbaz Quliyevin azad edilməsi məsələsində susqunluq və görməməzliyə üstünlük verir? Hər fürsətdə Azərbaycanı əsassız olaraq tənqid etməyə aludə olan “Amnesty İnternational” Ermənistanın işğalı nəticəsində Azərbaycanlı qaçqın və məcburi köçkünlərin pozulmuş hüquqlarına münasibətdə indiyə qədər mövqe ortaya qoymayıb”.

H.Hacıyev qeyd edib ki, sırf hüquqi müstəvidə olan A.Lapşin məsələsinə “Amnesty İnternational”ın siyasi don geyindirmək cəhdləri tamamilə əsassızdır: “Rusiya və İsrail səfirliklərinin konsulluq xidmətləri, Aleksandr Lapşinin vəkili onun saxlanma şəraitindən məmnun olduqları halda, “Amnesty İnternational”ın Lapşinin işgəncələrlə üzləşə biləcəyi barədə cəfəng açıqlaması yalnız gülüş doğurur.

“Amnesty İnternational” Azərbaycana qarşı bu kimi ikili və yalan əsaslı siyasəti ilə NGO (QHT) deyil, artıq siyasi leksikona geniş sirayət etmiş “GONGO” təsiri bağışlayır”.

Səxavət


Müəllif:

Oxşar xəbərlər