Millət vəkili Qənirə Paşayevanın adından Tvitter üzərindən saxta bəyanat yayılıb.
Teleqraf.com xəbər verir ki, Türkiyədə keçiriləcək referendumla bağlı Q.Paşayeva adından edilən saxtakarlığa millət vəkili sərt etiraz edib. Qənirə Paşayeva yaydığı müraciətdə bildirib:
"Əziz dostlar, "DW Azərbaycan" (dwazeri) adlı Tvitter səhifəsi mənim adımdan saxta bəyanat verərək, "Qənirə Paşayeva türk xalqı, millətin gələcəyi üçün yox deməli", - yazmışdı. Təəssüf ki, bu saxtakarlar tək deyil. Bəzi fərqli adamlar da mənim adımdan belə saxta məlumatlar yayır.
Qardaş Türkiyədən bəzi dostlar da əlaqə saxladı. Onlara da dedim. Adımdan belə saxtakarlıqlar edənlərin hamısını pisləyirəm. Mənim belə bir bəyanatım olmayıb və bütün dostları bu saxtakarlara etirazlarını bildirməyə çağırıram. Mən qardaş Türkiyə dövlətinin daxili siyasəti ilə bağlı heç bir zaman açıqlama vermədim və bundan sonra da verməyəcəyəm.
Mən Azərbaycan-Türkiyə qardaşlığının və Türk dünyasının daha da möhkəmlənməsi üçün hər zaman çalışmışam və bundan sonra da çalışacağam. Amma hər bir türk dövlətinin daxili siyasəti ilə bağlı qərarı o ölkənin vətəndaşları verir və biz də hər zaman buna hörmət etməliyik".