27 Fevral 2017 13:53
1 021
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistanın digər təxribatları kimi budəfəki təxribatının da arxasında təbii ki, müəyyən səbəblər dayanır və bunlar real səbəblərdir. Həmin səbəblərin biri ondan ibarətdir ki, Ermənistan bununla sadəcə olaraq, sülh danışıqlarından qaçır. Çünki sülh danışıqları onu qane etmir. Aparıcı dövlətlər İrəvanın nazı ilə hər nə qədər oynasalar, başını sığallasalar da, hər halda hamı başa düşür ki, Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal olunub və bu, reallıqdır”. Bunu Teleqraf.com-a açıqlamasında politoloq Fikrət Sadıxov deyib.

O əlavə edib ki, digər tərəfdən, Xocalı soyqırımının törədilməsində bilavasitə iştirak edən Ermənistanın hazırkı cinayətkar rejimi görünür, soyqırımının 25 illiyi ərəfəsində yenidən özləri haqqında hansısa mif yaratmağa cəhd göstərməyə çalışıblar: “Onlar bununla guya “kiminsə yaddaşını təzələyirik” mesajını verirlər. Sübut etmək istəyirlər ki, guya onu yenidən təkrarlaya bilərik. Demək istəyirlər ki, bizim belə bir niyyətimiz hər halda həmişə var, biz öz gücümüzü nümayiş etdirə bilərik və edirik. Digər tərəfdən, Ermənistan hakimiyyəti yaxınlaşan seçkilər ərəfəsində öz vətəndaşlarına, seçicilərinə sübut etmək istəyir ki, bəs görürsünüz, Türkiyədən, İsraildən, Rusiyadan böyük həcmdə silahlar almış Azərbaycan həmin silahlardan Ermənistana qarşı istifadə edir və biz hakimiyyət olaraq öz maraqlarımızı, torpaqlarımızı müdafiə edirik və Azərbaycana başqa imkanlar verilməyəcək”.

F.Sadıxov daha sonra deyib: “Amma onlar yaddan çıxarırlar ki, Azərbaycan artıq 90-cı illərin əvvəllərindəki Azərbaycan deyil. Biz hər bir təxribata cavab olaraq, on qat artıq zərbə endirməyə qadirik və bunu edirik. Biz yüksək texnologiyalara malik texnikalardan çox böyük peşəkarlıqla istifadə edib sübut edirik ki, onlar hər dəfə təxribat törətdikdə bu cür zərbələrlə üzləşəcəklər. Əgər bu onları qane edirsə və yenidən bu kimi hallarla üzləşmək istəyirlərsə, buyurub, təxribatlara davam etsinlər. Amma iş ondadır ki, onlar artıq söz sahibi deyillər. Hər halda proses Azərbaycan torpaqlarının azad olunması istiqamətində gedir. Ermənistan tərəfi bunu sadəcə olaraq, yaddan çıxarmamlıdır. Bizim kifayət qədər iradəmiz və hərbi potensialımız var. Biz işğal olunmuş torpaqları geri qaytarmaq niyyətindəyik və bu niyyətimizdən heç vaxt əl çəkməyəcəyik”.

Qeyd edək ki, fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələri bütün cəbhə boyu irimiqyaslı təxribatlar törədib. Düşmənin təxribatının qarşısını alarkən hərbi qulluqçularımız Abdullayev Aqşin İsmayıl oğlu, Nəzərov Şahlar Yaşar oğlu, Haşımlı Tural Əbdül oğlu, Qədimov Zülfü Rəhim oğlu və Cəfərov Zakir Nazim oğlu şəhid olub.

Səxavət HƏMİD


Müəllif: