28 Fevral 2017 16:21
526
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xədicə İsmayıl və Əli Kərimlinin "facebook" dəstəsi sosial şəbəkələrdə yenidən qarşı-qarşıya gəliblər

Radikal müxalifət düşərgəsində lövbər salmış azsaylı qrupun gündəmi yenə də daxili çəkişmələrə, bir-birini hədəf alan qarşılıqlı atışmalara həsr olunub. Xüsusən ötən ilin oktyabrında "siyasi məhbus" siyahısı məsələsində yaranmış narazılıqlar radikallar arasında "arı pətəyinə çomaq soxmaq" effekti yaradıb. Aradan keçən 4 aydan artıq vaxt isə dağıdıcı düşərgənin problemlərini nəinki həll edib, əksinə, gərginlikləri kulminasiya nöqtəsinə çatdırıb.

Ə.Kərimli Xədicənin çağırışını qulaqardına vurur: medianın və hüquq müdafiəçilərinin işinə qarışmaq həvəsi ötəri deyil…

Radikallar arasında "siyasi məhbus" qovğası hələ yenicə gün işığına çıxanda Xədicə İsmayıl AXCP sədri Əli Kərimli və onun yedək təşkilatı olan qondarma "Milli Şura"nın sədri Cəmil Həsənli haqqında "Ambisiyaları var, ağılları yoxdur" deməklə bu savaşda sona qədər mübarizə aparacağına işarə vurmuşdu. Ardınca isə Kərimliyə xitabən ifadə etdiyi "Siyasətçilər medianın işinə qarışdılar, kor qoydular mətbuatı. İndi də hüquq müdafiəçilərinin işinə qarışıb, onları iflic edirlər" fikri AXCP sədrinin kefinə soğan doğramağa yetmişdi. Amma son zamanlar baş verənlər göstərir ki, Ə.Kərimli heç də keçmiş müttəfiqinin çağırışına qulaq asıb "medianın və hüquq müdafiəçilərinin işinə qarışmaq" mərəzindən əl çəkmək niyyətində deyil. Əksinə, AXCP sədri və ətrafındakı azsaylı dəstə var gücü ilə onların "siyasi məhbus" biznesinə əl uzadan Xədicə İsmayıl və onun başçılıq etdiyi qrupu hədəf taxtasına qoyub. Mübarizə meydanı kimi yenə də sosial şəbəkələr seçilib.

Xədicə İsmayıl da vaxtını boş keçirmək və qarşı cəbhənin ittihamlarını sükutla qarşılamaq fikrindən uzaqdır. O, da ən müxtəlif məsələlərdə Ə.Kərimlinin bostanını daşlamaqla məşğuldur. Özünün sosial şəbəkələrdə etdiyi sonuncu paylaşımları da bu məqsədi ortaya qoyur: "Dəli şeytan deyir, partiyasını və liderini tərifləyənlərin hamısını dostluqdan çıxar ki, gözün bu biabırçılığı görməsin. YAP-çılar yoxdur dostluğumda... İndi, bəlkə, qarşı tərəfi də söndürüm? Dostlar, o mahnıda deyildiyi kimi, bir balaca eşqinizi aşağı salın", paylaşımının altına yazdığı şərhdə bu "status"un konkret hədəfinin hansı şəxslər olduğunu da açıqlayıb. Xədicə İsmayıl "siyasi məhbus" biznesində öz "çörəyinə" şərik çıxan Əli Kərimlini hədəfə alıb: "Bu arada onu da deyim ki, cəbhəçilərin üslubu son vaxtlar xüsusilə aztv-ləşib. Əvvəllər belə deyildilər. Mən həbsdə olanda cəbhədə təbliğat şöbəsinin müdirini dəyişiblər?"

Dəyişən kimdir, X.İsmayıl, ya "cəbhəçilər"?

Təbii ki, Əli Kərimlinin sosial şəbəkələrdəki muzdlu dəstəsi qarşı tərəfdən açılan yaylım atəşini cavabsız qoymayıb və Xədicə İsmayılın bu açıqlamaları "cəbhəçi"lərin "qurşaqdan aşağı" zərbələri ilə qarşılanıb. Özünü "demokrat" adlandıran Ə.Kərimli ən xırda tənqidə belə tab gətirməyərək "facebook" briqadasını Xədicənin üstünə göndərib. "Kərimliçilər" Xədicəni "əmək itirən" kimi qələmə verir, vaxtilə olunan yaxşılıqları danmaqda günahlandırırlar. Məsələn, Elmira Muradalieva adlı Kərimli tərəfdarı bunları yazıb: "Siz son zamanlar öyrətməyə meyillisiniz. Hər kəs yaxşı olar ki, öz bacardığını etsin, bostansız, daşsız, filansız". Burada yazılan şərhlər daha çox Xədicənin son dövrlər böyük "dəyişim yaşaması" ilə bağlıdır. Hər halda "cəbhəçi"lər bu fikirdədirlər. Onlar belə düşünürlər ki, Xədicə İsmayıl həbsdən çıxdıqdan sonra çox dəyişib. Fuad Mastaliyev adlı şəxsin yazdığı şərh də bu mənada xarakterikdir: "AXCP-də hər şey əvvəlki kimidir. Yəqin sizin baxış bucağınız "azacıq" dəyişib. Umid edirəm ki, bu yanaşmanız müvəqqəti olacaq. Əks halda təəssüflənməkdən başqa yol qalmayacaq". Dəyanət Babayevin də Xədicənin qarşı tərəfin ünvanına "dəyişmisiniz" ittihamına cavabı elə onun ritorikasına uyğun olub: "Həyatdır, elə siz də həbs olunmamışdan əvvəlki Xədicə xanım deyilsiz, yəni bu dəyişiklik sizdə də hiss olunur".

Xədicə İsmayıl isə bu kimi şərhlərə cavabında Kərimli tərəfdarlarını qeyri-səmimilikdə ittiham edib, "cəbhəçi"lərin Kərimli sevgisini saxta adlandıraraq burada nəsə başqa təmənnaların olduğuna işarə edib: "Sevgi subyektiv, hörmət isə obyektiv hissdir. Siyasi liderləri seçməliyik. Sevgi isə seçimə kömək eləmir. Onlar bizim hörmətimizi qazanmalıdırlar".

Burada yazılan başqa bir şərhdə isə hədəf yenə də Ə.Kərimlidir. Serdar Hazar adlı şəxs bu paylaşımının altına yazdığı şərhdə bildirib: "Xədicə xanım, lider deməyək, quldar deyək, məncə. Legitimliyi çox böyük şübhə altında olan birisinə lider desək, ona dəstək vermiş kimi çıxırıq".

Zəfər Əhmədov isə belə yazıb: "Yenə oyuncaq üstə dava salmayın. Xədicə xanımın dediyi hamımıza aiddi, qeybəti çayxanaya saxlayın".

İndi belə bir sual kifayət qədər maraqlıdır. Kim haqlıdır, yaxud kim dəyişib - vaxtilə Kərimlinin yanında yer alan, ortaq "bizneslərinə" hiylə qarışdıqdan sonra isə bütün arsenalını ona qarşı yönəldən Xədicə İsmayıl, yoxsa keçmiş "jurnalist dostu"na "siyahı" məsələsində badalaq gələrək Leyla Yunusla birləşən Kərimli və onun muzdlu "facebook" mirzələrimi? Bəlkə, elə ikisi də haqsızdır: ətrafda dəyişən hər şeyə rəğmən, bunlar heç buğda dənəsi boyda da dəyişməyiblər. Və belə olduğu müddətcə hələ bir-biriləri üçün qarın ağrısı olmağa çox davam edəcəklər…


Müəllif:

Oxşar xəbərlər