1 Mart 2017 22:12
582
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Biz bir daha erməni təxribatının qurbanı olduq. Ermənistan tərəfi bu işğalçı siyasətindən geri çəkilmək niyyətində deyil. Düşünürəm ki, Azərbaycan ordusu həmin vaxt cəbhədə erməni qüvvələrinə kifayət qədər ciddi zərbələr vurub. Daha yaxşı olardı ki, ATƏT-in Minsk Qrupu çərçivəsində olan ölkələrin prezidentləri, həmsədr ölkələr öz mövqelərini daha ciddi şəkildə ortaya qoysunlar. Amma əfsuslar olsun ki, biz bunu görmürük. Azərbaycan Silahlı Qüvvələri cəbhənin bütün istiqamətlərində düşmənin təxribatlarının qarşısını ala bilir. Hesab edirəm ki, dünyada, xüsusilə bizim Qarabağ problemimizə münasibətdə ikili standartlar olmasaydı Azərbaycan öz problemlərini çoxdan həll etmiş olardı”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin deputatı, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının nümayəndəsi Rövşən Rzayev deyib.

Deputat əlavə edib ki, əgər dünyanın aparıcı dövlətləri, regionda böyük marağı olan həmsədr dövlət Rusiya beynəlxalq hüquq prinsipinə söykənərək ölçülər götürməsələr heç də yaxşı olmayacaq: “Yəni yaxşı olmaya bilər. Nəzərə almaq lazımdır ki, Azərbaycan öz ərazilərində antiterror əməliyyatı keçirmək hüququna malikdir. Lazım gəldikdə də Azərbaycan bunu edəcək. Odur ki, vəziyyətin gərginləşməməsi, habelə onun həllinə nail olmaq üçün beynəlxalq güclər, həmsədr dövlətlər vəziyyətə dəqiq və ədalətli qiymət verməlidir Bir həqiqət də ondan ibarətdir ki, Ermənistanda qarşıdan seçkilər var. Fikrimcə, prezident Sarkisyan bu seçkilərdə partiyasının qələbəsini təmin etmək üçün bütün imkanlardan istifadə edəcək. Hətta Dağlıq Qarabağ kartından da maksimum yararlanmağa çalışacaq. Ola bilsin ki, bu hazırlıq da onunla bağlı olsun. Prezident Sarksiyan seçkidə qələbəsini təmin etmək üçün xoşagəlməz yollara ayaq basa bilər. Yəni belə halların baş verməsi mümkündür. Ciddi ölçülər götürülməli və bu problem nəhayətdə öz həllini tapmalıdır. Əks halda Azərbaycan Silahlı Qüvvələri bütün imkanlarından istifadə edərək öz ərazi bütövlüyünün təmin edilməsinə nail olacaq. Bu ağır fəsadlara səbəb olsa belə, ərazi bütövlüyümüzü təmin edəcək, işğal altındakı torpaqlarımızı azad edəcəyik. Buna mənim qəti şübhəm yoxdur”.

Cavad


Müəllif:

Oxşar xəbərlər