Azərbaycanın Bəhreyndəki səfiri Rasim Rzayevin bu ölkənin xarici işlər naziri şeyx Xalid bin Əhməd bin Məhəmməd əl-Xəlifə ilə görüşündə iki ölkə arasında əməkdaşlığın müxtəlif sahələr üzrə inkişafına dair fikir mübadiləsi aparılıb.
Teleqraf.com-un məlumatına görə, Bəhreynin xarici işlər naziri Azərbaycana səfərlərini məmnunluqla xatırlayıb, ölkəmizin gündən-günə inkişaf etdiyini və dünyanın nüfuzlu dövlətlərindən birinə çevrildiyini vurğulayıb.
Bəhreynin Azərbaycanın uğurlarını yaxından izlədiyini bildirib. Nazir yaxın zamanlarda ölkəmizə yenidən səfər etmək arzusunda olduğunu ifadə edib.
Səfir Rasim Rzayev Bəhreynin xarici işlər nazirini Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və işğalçı dövlətin son günlərdə qoşunların təmas xəttində vəziyyəti gərginləşdirməsi barədə məlumatlandırıb. Diplomat Azərbaycanın haqlı mövqeyini dəstəklədiyinə görə, Bəhreyn Krallığının rəhbərliyinə minnətdarlığını bildirib.
Görüşdə iki ölkə arasında siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə əlaqələrin inkişafına dair fikir mübadiləsi aparılıb, istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın möhkəmləndirilməsi yolları müzakirə olunub. Bəhreynli turistlərin Azərbaycana böyük maraq göstərdiyi vurğulanıb, turizm sahəsində əlaqələrin inkişafı, habelə Bəhreynin Azərbaycan vətəndaşları üçün viza rejimini sadələşdirməsi və iki ölkə arasında birbaşa hava əlaqəsinin yaradılması ilə bağlı məsələlərə toxunulub. Hər iki ölkə parlamentləri arasında əməkdaşlığın möhkəmləndirilməsinin əhəmiyyəti vurğulanıb.
Səxavət