6 Mart 2017 20:40
455
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan Prezidenti İlham Əliyevin İrana səfərini ümumilikdə yüksək qiymətləndirmək mümkündür. O baxımdan ki, Azərbaycanın balanslaşdırılmış xarici siyasət kursunun əsas elementlərindən birini də qonşularla mümkün qədər normal münasibətlərin olması təşkil edir. Bunu Azərbaycan rəsmiləri də qeyd edir. Rəsmilər bildirirlər ki, Azərbaycan qonşularla mümkün qədər normal münasibətlərə malik olmaq istəyir, əməkdaşlığa meyillidir. Hansı ki, bu əməkdaşlıq təkcə ikitərəfli olmasın, həm də geniş mənada regional olsun və mümkün olsa, qlobal əməkdaşlıq imkanları üçün perspektivlər yaratsın”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyevin martın 5-də İran İslam Respublikasına gerçəkləşən rəsmi səfərini şərh edən “Qafqaz” Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Araz Aslanlı deyib.

Qeyd edək ki, Prezident İlham Əliyev martın 5-də İranda rəsmi səfərdə olub. Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan və İran prezidentlərinin əvvəlcə məhdud, sonra isə geniş tərkibdə görüşü keçirilib. Səfər zamanı iki ölkə arasında iki sənəd imzalanıb. Sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra İran və Azərbaycan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər. Səfər zamanı Prezident İlham Əliyevin və İran İslam Respublikasının Ali Rəhbəri Seyid Əli Xameneinin görüşü olub.

A.Aslanlı qeyd edib ki, Azərbaycanın qonşularla münasibətlərində olan yeganə problemli məqam Ermənistanın təcavüzü ilə bağlıdır. Onun sözlərinə görə, erməni təcavüzü ilə təkcə Ermənistanla Azərbaycan arasındakı münasibətlər kəsilməyib, həm də biz arzulamasaq da, bu, Azərbaycanın digər ölkələrlə münasibətlərinə də yaxşı təsir göstərmir: “Amma ümumilikdə götürdükdə, Azərbaycan digər qonşularla olduğu kimi İranla münasibətlərə də əhəmiyyət verir. Bu çərçivədə Azərbaycanla İran arasında münasibətlərə təsir edən bir çox amil var. Mən onların hamısının üzərində dayanmaq istəmirəm. Ancaq bir çox amillər var ki, Azərbaycan o amillər içərisində hətta problemli olanlara da daha loyal yanaşır, mümkün qədər əməkdaşlıq motivini qabartmağa çalışır, nəinki problem motivini. Məsələn, Azərbaycan İranla müştərək Şimal-Cənub dəhlizi həyata keçirir. Bu dəhlizin bir parçası olmaqda olan Astara-Astara dəmiryolunun inşası ilə bu layihə tamamlanmış olacaq. Yaxud, Azərbaycanın İranla həyata keçiridiyi təbii qaz mübadiləsini götürək. Ümumiyyətlə, enerji əməkdaşlığı bir neçə dəfə gündəmə gətirilib. İranın Azərbaycan və ya Türkiyə vasitəsilə TANAP-a qoşulmasını nəzərdə tuturam. Yəni, ümumilikdə götürdükdə Azərbaycan İranla münasibətlərdə müsbət amillərin ön plana çıxarılmasını, ikitərəfli münasibətlərin inkişaf etdirilməsini arzulayır”.

Analitik bildirib ki, bəzən bununla bağlı problemli məqamlar yaranır: “İki dövlət rəsmiləri ən yüksək səviyyədə olmasa da, orta səviyyədə müəyyən narazılıqlarını, müəyyən tənqidlərini bildirirlər. Amma münasibətlərdə sevindirici hal odur ki, hazırda İran İslam Respublikasında daha az problemli, daha müsbət ab-havaya malik bir siyasi hakimiyyət var. Azərbaycan tərəfdə isə əksər hallarda belə olub. Əvvəlki İran prezidenti ilə indikinin baxışlarını müqayisə etdikdə bəzi hallarda nisbətən daha müsbət yanaşma görürük. Ümid edirik ki, bu müsbət yanaşma, eləcə də Azərbaycan Prezidentinin İrana səfəri anlaşılmazlığa imkan yaradan məqamların ortadan qaldırılmasına imkan verəcək. Biz çox istərdik ki, Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi ilə bağlı məsələdə İranın yanaşmasında müsbət amillər artsın, mənfi amillər aradan qalxsın”.

Səxavət HƏMİD


Müəllif:

Oxşar xəbərlər