Teleqraf.com Milli Məclisin üzvü, politoloq Rasim Musabəyovla müsahibəni təqdim edir.
- Rasim müəllim, həmsədrlərin regiona səfəri başa çatıb. Real durumu, aparılan müzakirələri necə qiymətləndirirsiniz?
- Həmsədrlər birinci dəfə deyil ki, bölgəyə səfər edirlər. Dəqiq informasiyam olmasa da, Amerikadan olan həmsədrin dilindən səslənib ki, ortalıqda yeni bir həll təklifi var. Bu, əvvəlki bütün təklifləri özündə ehtiva edir və üç mərhələli həll planıdır. Fərz edirəm ki, həmsədrlər bu plan əsasında danışıqların bərpa edilib-edilməyəcəyi imkanlarını dəqiqləşdirməyə çalışırlar.
- Mətbuatda prezidentlərin Parisdə görüşünün təşkil edilməsi haqda xəbərlərə rast gəlinir. Belə bir görüşün keçirilməsi realdırmı?
- Yox. Ortalıqda müzakirə üçün sənəd varsa, bunun üçün ilk olaraq xarici işlər nazirləri görüşməlidir. Bundan sonra prezidentlərin görüşü hazırlanmalıdır. Prezidentlərin görüşməsi üçün gərək ortalıqda gündəlik olsun və tərəflər də bunu qəbul etsin.
- Həmsədrlər bəyan edib ki, cəbhə xəttində atəşkəs rejiminə əməl olunması gələcəkdə danışıqların davam etdirilməsi üçün gərəkən etimad mühitinin yaradılması baxımından mühüm əhəmiyyət daşıyır. Bunu necə şərh etmək olar?
- Əgər danışıqlar varsa, tərəflərə maraqlı olan gündəlik təklif edilibsə, təbii ki, bu zaman həmsədrlər çalışacaq ki, etimad mühiti yaratsınlar. Konkret olaraq, mən həmsədrlərin səfərindən heç nə gözləmirəm. Həmsədrlər böyük imkanlara da malik deyil. Söhbət ondan getməlidir ki, danışıqları bərpa etmək üçün erməniləri ağıllandırmaq lazımdır. Bunun ümün onlara müəyyən təsirlər var, ya yox? Əgər erməni tərəfi əvvəlki iddialarında qalmaqda davam edirsə, bu halda mən yeni heç nə gözləmirəm. Üstəlik nəzərə alın ki, Ermənistanda parlament seçkiləri keçiriləcək. Aprelin əvvəllərinə qədər heç nə olmayacaq. Seçkinin nəticələri bəlli olmayana qədər, yeni hökumət formalaşmayana, hakim partiyanın səs çoxluğunu saxlayıb-saxlamayacağı bilinməyənə qədər danışıqlarda xüsusi yenilik gözləmirəm. Üstəlik sabiq prezident Levon Ter-Petrosiyan bu seçkilərə “Qarabağda sülh” şüarı ilə başlayıb, habelə Azərbaycanın işğal edilən Dağlıq Qarabağ ətrafı rayonlarından geri çəkilməyi təklif edir. Fikrimcə, bütün bunlar danışıqlar prosesinin bərpa olunub-olunmayacağına, əgər olunacaqsa, hansı müstəvidə bərpa olunacağı kimi məsələlərə təsir göstərəcək.
- Erməni tərəfi həmsədrlərin səfəri zamanı Ağdamda hərbi təlimlər keçirdi. Bununla İrəvan hansı mesaj vermək istəyib?
- Hər dəfə onlar belə qələtlər edirlər. Sözsüz ki, bu dəfə də ediblər. İndi orada heç də sülhə doğru meyl yoxdur. Ermənilər gic iddialarla çıxış edirlər ki, biz buranı işğal etmişik və geri çəkilən deyilik. Bir daha qeyd edim ki, biz bu təlimlərə göz yummuruq, lakin bu təlimlər həlledici deyil.
- Ermənistanda seçkilər, onun nəticələri və baş verə biləcək siyasi proseslərlə bağlı proqnozunuz nədən ibarətdir?
- Mən proqnoz vermək istəməzdim, çünki birbaşa o ölkədə yoxam və kənardan konkret fikir söyləmək çətindir. Amma bütün hallarda hiss olunur ki, indiyə kimi hakim partiya saxtakarlıq nəticəsində səs çoxluğunu saxlayıb və bu seçkilərdə də saxtakarlığa gedəcək. Lakin bəlli olan odur ki, Serj Sərksiyan hakimiyyətdən, yəni prezidentlikdən çəkilir. Bundan sonra prezident vəzifəsində olmayacaq. Onun yerinə kimin prezident olacağı məlum deyil. İstisna etmirəm ki, bu hal adətən saxtakarlığı təmin edən insanlarda tərəddüd yarada bilər. Bu tərəddüd də ona gətirib çıxara bilər ki, indiki hakim partiya parlamentdə çoxluğu itirsin. Ancaq prosesin hansı istiqamətdə gedəcəyini seçkilərdən sonra daha dəqiq görə biləcəyik.
Nemət