12 İyul 2014 20:55
1 067
12 Punto 14 Punto 16 Punto 18 Punto

Valeh Hacıyev: "İlk mərkəzlər Berlin, Paris və Vaşinqtonda açılacaq"

"Azərbaycan diasporunun məqsəd və vəzifələrinin əsas hədəfi Qarabağ münaqişəsinə və azərbaycanlıların tarix boyunca erməni təcavüzünə uğramasına ədalətli beynəlxalq qiymətin verilməsinə hesablanıb.

Hədəflərimizə çatmaq üçün isə ardıcıl olaraq ermənilərin Qarabağ müharibəsində törətdiyi vəhşiliklərin, xüsusən Xocalı soyqırımının və əsrlərdir erməni millətçilərinin apardığı etnik təmizləmə siyasətinin mahiyyətini dünya ictimaiyyətinə çatdırmağa çalışırıq".

Bunu Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev deyib.

Komitə sədrinin müavini əlavə edib ki, türkdilli ölkələrlə münasibətlərin inkişafı hər zaman Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biri olub: "Bu siyasətin nəticəsidir ki, Bakı indiyəcən türkdilli ölkələrin diaspor qurumları və təşkilat rəhbərlərini bir araya gətirən bir neçə toplantıya ev sahibliyi edib. Bakıda ötən il iki böyük tədbir: Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına üzv dövlətlərin diaspor qurumlarının rəhbərlərinin toplantısı və diaspor təşkilatları rəhbərlərinin forumu keçirilib. Bu tədbirlər türkdilli xalqların diasporunun birgə fəaliyyəti, xüsusilə də türkdilli xalqları narahat edən məsələlərin dünya ictimaiyyətinə çatdırılması və müəyyən məsələlərin həlli baxımından əhəmiyyətli olub. Bu istiqamətdə Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstan diasporunun birgə fəaliyyətini təmin etmək məqsədilə ortaq fəaliyyət strategiyası qəbul olunub. Xocalı soyqırımının tanıdılması məqsədilə Avropa ölkələrində, Amerikada keçirdiyimiz tədbirlərin bir çoxunda türk diasporunun dəstəyini görürük. Hazırda Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına daxil olan ölkələrin diasporunun beynəlxalq arenada mövqeyini daha da gücləndirmək və yaşadıqları ölkələrdə təsir dairəsini artırmaq üçün koordinasiya mərkəzlərinin qurulması prosesinə başlanılıb. İlk mərkəzlərin Berlin, Paris və Vaşinqtonda açılması planlaşdırılıb, sonra isə daha səkkiz ölkədə belə mərkəzin qurulması gözlənilir".

Valeh Hacıyev daha sonra bildirib ki, Gürcüstanda yaşayan azərbaycanlılarla bağlı məsələ hər zaman ölkə rəhbərliyinin və komitənin diqqətindədir. Gürcüstan hökuməti də bu problemlərin həlli istiqamətində addımlar atıb: "Gürcüstanın azərbaycanlılar yaşayan regionlarında məhz bizim soydaşlarımız üçün "Gürcü dili" kursları açılıb və bir neçə ildir ki, fəaliyyət göstərir. Hər cür dərs vəsaiti, lüğət və digər zəruri materiallarla təmin olunan bu kursların açılması ilə Gürcüstanın ali məktəblərinə qəbul olunan azərbaycanlıların sayında nəzərə çarpacaq artım müşahidə olunmağa başladı. Təkcə 2010-2011-ci tədris ilində Gürcüstan ali məktəblərinə qəbul olmuş 458 tələbənin 350-dən çoxu "Gürcü dili" kurslarının dinləyiciləri idi. Müqayisə üçün deyim ki, əvvəlki illərdə bu rəqəm cəmi 20 nəfər olurdu.

Hazırda Gürcüstanın ali məktəblərində 1600-dən çox tələbə təhsil alır. Diqqət yetirdiyimiz əsas məsələ Gürcüstan azərbaycanlılarının yerli cəmiyyətə inteqrasiyasına nail olmaqdır".

NEMƏT


Müəllif:

Oxşar xəbərlər