Dekabrın 21-də Tatarıstanın (Rusiya) Kazan şəhərində PUA hücumuna məruz qalan 37 mərtəbəli binada çox sayda azərbaycanlının yaşadığı bildirilir.
Teleqraf.com-un xəbərinə görə, bunu sosial şəbəkə istifadəçiləri iddia ediblər.
Şəbəkə istifadəçilərinin məlumatına görə, çoxmərtəbəli binada yaşayanlar arasında xeyli sayda azərbaycanlı var.
Onlar iddiasına əsasən, yalnız binada yox, o cümlədən həmin ərazidə çox sayda azərbaycanlı məskunlaşıb.
“Tatarıstan Respublikasının Azərbaycan Milli-Mədəni Muxtariyyəti” regional ictimai təşkilatının sədri Bəhram Mustafayev Teleqraf.com-a bildirib ki, həmin binada soydaşlarımızın yaşaması ilə bağlı hər hansı bir məlumat yoxdur:
"O bina elit yaşayış kompleksi sayılır. Orada həmvətənlərimizin yaşamasına dair məlumat yoxdur, belə bir xəbər daxil olmayıb. Mənim fikrimcə, bu hücum insanları kütləvi şəkildə məhv etmək məqsədilə həyata keçirilməyib. Hadisədən sonra Kazanda yaşayan soydaşlarla zəng və votsap vasitəsilə əlaqə saxlanılıb"
Bəhram Mustafayev onu da vurğulayıb ki, hazırda Kazanda sakitçilikdir, məsələ ilə bağlı hadisə bölgəsində operativ qərargah yaradılıb:
"İstər azərbaycanlılar, istərsə də digər ölkə vətəndaşları arasında itki və təşviş yoxdur. Həyat öz axarında davam edir, dövlət qurumları ərazidə işləyir."
Xatırladaq ki, səhər saatlarında Tatarıstanın Kazan şəhərinə Ukrayna Silahlı Qüvvələrinə məxsus 8 PUA ilə hücum edilib.
Hadisə nəticəsində şəhərin 3 rayonunda yanğın qeydə alınıb.
Tatarıstan hökumətinin qərarı ilə qarşıdakı iki gün ərzində respublika ərazisində bütün kütləvi tədbirlər ləğv olunub.