“Gürcüstan demokratiyasına qarşı xarici hücumları dayandırmağın və gürcü xalqının seçkilər vasitəsilə ifadə olunmuş iradəsini tanımağın vaxtı çatıb”.
Teleqraf.com xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, ATƏT/DTİHB-nin hesabatı ilə radikal partiyaların, QHT-lərin, Salome Zurabişvili və onların xarici təhrikçilərinin yalanları darmadağın edildi.
“Onlar Gürcüstan demokratiyasını sarsıtmağa və bir milyondan çox seçicinin səsini əlindən almağa çalışdılar. ATƏT/DTİHB-nin rəyindən sonra seçkilərin ədalətli keçirilməsi ilə bağlı bütün dağıdıcı spekulyasiyalara son qoyulmalıdır. Müxalifət gürcü xalqının lazım bildiyi qədər mandat alıb”, - spiker söyləyib.
Ş.Papuaşvili ATƏT/DTİHB-nin nümayəndə heyətinə fəaliyyətinə və seçkilərlə bağlı yekun hesabatın dərcinə görə təşəkkür edib.
“Əlbəttə ki, Gürcüstan hökuməti bütün tövsiyyələrlə tanış olacaq və ATƏT/DTİHB ilə əməkdaşlığı davam etdirəcək”, - o qeyd edib.