ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu Gürcüstanda parlament seçkilərinin yaxşı təşkil edildiyini təsdiqləyib.
Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatında deyilir.
Bildirilib ki, ATƏT/DTİHB-nin bu gün dərc olunan yekun rəyində seçki prosesinin gedişi seçki məntəqələrinin mütləq əksəriyyətində müsbət qiymətləndirilib.
Hesabatda səsvermə avadanlıqlarının 99%-nin düzgün işlədiyi, səs hesablama aparatlarının nəticələrinin əl ilə hesablanmış nəticələrlə üst-üstə düşdüyü vurğulanıb.
“ATƏT/DTİHB-nin hesabatında seçki prosesi ilə bağlı bir sıra məsələlər üzrə bəzi narahatlıqlar və diqqətəlayiq tövsiyələr ifadə olunub. Seçki administrasiyası bütün tövsiyələrlə ətraflı tanış olacaq və öz səlahiyyətləri daxilində bu və ya digər tövsiyələrlə bağlı rəylər hazırlayacaq”, - MSK-dan bildirilib.
Xatırladaq ki, qonşu ölkədə parlament seçkiləri oktyabrın 26-da baş tutub. Nəticələrə əsasən, hakim “Gürcü Arzusu” partiyası səs çoxluğu ilə qələbə qazanıb. Müxalifət və prezident seçkilərin nəticələrini tanımayıb. Tbilisidə və digər iri şəhərlərdə keçirilən etiraz aksiyalarının əsas tələblərindən biri yeni parlament seçkilərinin keçirilməsidir.