Amerikanın Suriyada Bəşər Əsəd rejiminə məxsus olan hərbi hava bazasına raket zərbələri endirməsi dıqqəti yenidən prezident Trampın xarici siyasət kursuna cəmləyir. Prezident seçkilərində qalib gəldikdən sonra Tramp bəyan etmişdi ki, Rusiya ilə soyuq münasibətləri yoluna qoymaq, faydalı əməkdaşlıq etməyə üstünlük verəcək. Həmçinin Suriya məsələsinə ciddi müdaxilə etməyəcək, bu suriyalıların problemidir. Ancaq Traampın Suriyanı bombalaması, Şimali Koreya istiqamətinə hərbi donanma göndərməsi, Rusiya ilə münasibətlərin bir qədər də kəskinləşməsi tam fərqli reallıq ortaya qoyub. Görünən budur ki, Amerika prezidenti liberal deyil, son dərəcə radikal və bəzən hərbi əsaslara söykənə biləcək xarici siyasət kursu apara bilər.
REAL Hərəkatının nümayəndəsi, ekspert Erkin Qədirli ABŞ prezidentinin dəyişən xarici siyasət kursunu Teleqraf.com-a şərh edib.
Mütəxəssis qeyd edib ki, ABŞ prezidentinin son addımları onun üçün gözlənilməz deyil. O, xatırladıb ki, hələ ABŞ-da seçki kampaniyası zamanı Tramp açıq bəyan etmişdi ki, İranla bağlı nüvə razılığını qüvvədən salacaq, bu ölkəyə sanksiyaları gücləndirəcək: “Bundan başqa, Tramp prezident Obamanın xarici siyasətini ciddi tənqid edirdi. Mən hesab edirəm ki, prezident Trampın əmri ilə Suriyada hərbi hava bazasının vurulması əslində ABŞ-ın Rusiyanın bu bölgədə etdiyinə bir cavabdır. Yəni bu addım xüsusi olaraq ABŞ-ın Suriya ilə bağlı siyasəti deyil. Sadəcə gördülər ki, Rusiya Suriyada hərbi kontingentini genişləndirir, Əsədin arxasında durur, bombalama zamanı hərbi obyektlərlə mülkü obyektləri seçmir və bütün bunları İranla birgə həyata keçirir. Bu da Amerikanı ciddi narahat edir. Həmçinin bölgədə olan ABŞ-ın müttəfiqləri Rusiya və İranın bu addımlarından narazıdır”.
“Nəzərə alın ki, bölgədə ABŞ-ın əsas 3 müttəfiqi var. NATO çərçivəsində Türkiyə, Səudiyyə Ərəbistanı və İsrail. Səudiyyə də ABŞ hərbi bazalarını saxlayır. İsrail isə ABŞ tərəfindən daim qorunur. Suriyada məsələlərin böyüməsi həm də bölgədə İranın imkanlarını genişləndiridi. Həmçinin İraq faktiki İranın əlinə keçmişdi. Suriyada isə iranlı hərbçilər Bəşər Əsədə hər cür kömək ediblər. ABŞ-ın son addımı isə Rusiya və İrana bir cavabdır. Strateji hədəf isə bu ölkələri Suriyadan sıxışdırmaqdır”, deyə Qədirli söyləyib.
Erkin Qədirli deyib ki, ABŞ-ın Şimali Koreya istiqamətində hərbi donanmasını səfərbər etməsi anlaşılandır: “Şimali Koreya raket təcrübələri həyata keçirir, bölgəni bu şəkildə təhdid edir. Burada isə ABŞ-ın iki yaxın müttəfiqi var. Cənubi Koreya və Yaponiya. Cənubi Koreya Vaşinqtonla müttəfiq olmaqla yanaşı, burada ABŞ-ın 30 min əsgəri heyəti var. Yaponiyada isə ABŞ-ın 54 min əsgəri var. Söhbət həm də ABŞ-ın öz canlı qüvvəsini qorumaqdan gedir. Çinin rəhbəri ilə görüşdə Tramp eyni strategiya ilə hərəkət etməyi təklif etmişdi. Amma Çinin öz plan, qayğı və niyyətləri var. Əlbəttə, Çin Şimali Koreyanın addımları ilə razı deyil. Çin əslində Şimali Koreya ilə sərhəddə öz ordusunu yerləşdirib, müəyyən tədbirlər görür. Rusiya isə Şimali Koreyaya müəyyən mənada dəstək göstərir. Hər halda hazırda prezident Tramp donanmanın bir hissəsini Şimali Koreya yaxınlığına göndərib. Nəzərə alın ki, buradan həm də çox önəmli dəniz ticarət yolu keçir, həssas bölgədir, bəzən dəniz sərhədləri məsələsində mübahisələr olur. Burada Cənub Çin dənizi və Sarı dəniz var. Çin inkişaf etdikcə Cənub Şərqi Asiya ölkələri ilə mübahisələr böyüyür. Çünki Çin burada süni adalar tikir və öz sərhədlərini genişləndirmək istəyir, eyni zamanda süni adalarda hava hücumu qüvvələrini yerləşdirir. Bu da Yaponiya, Cənubi Koreya və digər ölkələri narahat edir. Odur ki, burada olan təbii ehtiyatları, dəniz ticarət yollarını qorumaq, müttəfiqlərinə dəstək məqsədilə ABŞ öz hərbi kontingentini saxlayır. İndi isə əlavə dəniz qüvvələrini bu bölgəyə yönəldir. Fikrimcə, əslində məsələ göründüyündən daha böyükdür, çünki Şimali Koreya durmaq istəmir. Onu dayandırmaq artıq məcburiyyətdən doğur”.
E. Qədrili qeyd edib ki, Suriya və Şimali Koreya ilə bağlı addımlarda məsələnin humanitar tərəfi də var: “Suriyada insan fəlakəti baş verir, milyonlarla insan qaçqın düşüb, yüz minlərlə insan həyatını itirib. Bəşər Əsəd və ona qarşı savaşanlar xüsusilə qəddardırlar. Bəzən hərbi hədəflərlə mülkü hədəfləri ayırmadan insanları bombalayırlar. Bu kimi halların da qarşısını kimsə almalı idi. Prezident Trampda hesablamalarını buna görə aparır. Əlbəttə, ABŞ prezidenti bəyan etmişdi ki, daha çox ABŞ-ın iç problemləri ilə məşğul olacaq, ölkənin mənasız xarici xərclərini kəsəcək və s. Amma görünür ki, hətta ABŞ-ın iqtisadi maraqları və daxili təhlükəsizliyi o qədər qloballaşıb ki, Vaşinqton başqa qitələrdə də öz maraqlarını qorumalı olur. Mənim fikrimcə, ABŞ-da Trampın xarici siyasətində koordinal dəyişikliklər yoxdur. Amma həm də görünən odur ki, bunlar məcburiyyətdən doğan addımlardır, başqa ölkələrin etdiklərinə cavabdır, Amerikanın öz niyyətindən irəli gələn məsələ deyil”.
CAVAD