2 May 2017 12:19
1 191
12 Punto 14 Punto 16 Punto 18 Punto

O, 1958-ci ildə Şamaxıda dünyaya gəlib. Mətbuata gəlişi isə fransızcadan tərcümələri sayəsində olub. O vaxt hələ altıncı sinifdə oxuyurdu. Şamaxıda çap olunan “Yeni Şirvan” qəzetində fransızcadan çevirib verdiyi lətifələrin altında öz imzasını görmək balaca oğlanı daha da həvəsləndirirdi.

İlk təhsilini Şamaxı Pedoqoji Texnikumda aldı, ardınca Xilmilli kəndində müəllim işlədi. Amma bu da çox çəkmədi, üç ildən artıq orda duruş gətirə bilməyib, peşə məktəbində qarovulçu işləməyi daha üstün tutdu.

O, müxtəlif vaxtlarda “Baku bas”, “Respublika”, “Səhər”, “Millət”, “7 gün”, “Hürriyyət”, “Ülfət”, “Azadlıq”, “Müxalifət”, “Gündəlik Teleqraf”, “Aydın yol” qəzetlərində çalışıb.

Rusiyada altı ay fəaliyyət göstərən “Üçüncü Azərbaycan” adlı qəzet də nəşr etdirib.

13 yaşında şəkər xəstəliyinə tutuldu. Bir itin qorxusundan yaxalandı bu əzazil xəstəliyə... Çoban itinin ona hücum etməsindən bərk qorxan 13 yaşlı Zöhrab hər gün 20 litr su içməyə başladı. Özünün də dediyi kimi 44 illik xəstəlik canına belə hopmağa başladı.

Şəkər onu özü ilə məşəqqətli bir həyata sürəklədi... Onu tanıyanlar Zöhrabın bu xəstəliklə baş edəcəyini düşünürdülər... Çünki həyat dolu idi... çünki onda yaşamaq yanğısı hər şeydən güclü idi.

O yanğı və həyat ötən gün gecə sona çatdı.

Teleqraf.com dostlarının Zöhrab Əmirxanlı ilə bağlı sosial şəbəkələrdə yazdığı statusları təqdim edir:

Teleqraf MMC-nin direktoru Aynur Camal:

“Zöhrab Əmirxanlı mənə çox doğma insan idi. Allah ailə üzvlərinə səbr versin. Dostlarının başı sağ olsun. (Mehribanın ən qorxduğu hadisə Zöhrabın ölümü idi, o da bu gün baş verdi...)“

Tanınmış jurnalist Azər Sarıoğlu:

“Dəyərli jurnalist böyüyümüzü itirdik! Çox gözəl qələm sahibi idi rəhmətlik. Allah ruhunu şad etsin, Zöhrab Əmirxanlı!”

Nasir, publisist Əkbər Qoşalı:

“Tanrı qatında yeri uca olsun!”

Azər Rəşidoğlu:

“Səhəri bəd xəbərlə açdıq - Zöhrab Əmirxanlı dünyasını dəyişib. Zöhrab o nəhənglikdə jurnalist idi ki, hər dəfə əlimə qələm alanda düşünürdüm ki, birdən onun xoşuna gəlməz. Bir dəfə bir köşə yazmışdım. Zəng elədi: "Sən ifrat dərəcədə şərəfsizsən, yazın içimi dağıtdı". Təşəkkür etdim ustada. Bir dəfə də mesaj yazdı: "Sən əclafcasına yaxşı yazırsan". Yenə təşəkkür elədim. Zöhrab yeni nəsil jurnalistlərə master klass keçməli idi, bunu etmədi. Siyasi intriqalarda oyuncağa çevrilən jurnalistikanın artıq vəfat etdiyini düşünürdü. Onun ölüm xəbərini eşidəndə, Feysbukda yazdığı son mesajı xatırladım (adları çıxardıram, jurnalist adları idi): - Qadan alaram, artıq bu bizimçün yaşam tərzi oldu. ...., ...., .... kimi tula və oğraşlar sənə və mənə dərs deməyə başlayanda bağlandı kitablarımız... Yazında ürəyindən axan qanı gördüm və o qanı öpdüm...". Köşə yazanda “Zöhrabdan ayıbdır” deyirdim, indi onun ölümünə nə yazım ki? Ölümün mübarək olsun, qardaş. Bizim bəxtimiz də belə gətirdi. Bizə sən deyənlər dərs deyəndə bağlandı kitabımız...”

Araşdırmaçı jurnalist Rəsul Mirhəşimli

“Azərbaycanın ən istedadlı jurnalistlərindən biri Zöhrab Əmirxanlı dünyasını dəyişib. Zöhrab uzun illər idi şəkər xəstəliyindən əziyyət çəkirdi. Məncə, Zöhrabın əziyyət çəkdiyi təkcə xəstəlik deyildi. İstedadın istedadsızlara möhtac olduğu zamanda yaşadığından əzab çəkirdi, Zöhrab.

Mətbuatın nəhənglərinin sırası seyrəlir. Allah rəhmət eləsin! Allah əzizlərinə səbr versin!”

“Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli:

“Zöhrab Əmirxanlı da getdi. Allah o dünyasını versin. Ruhu şad olsun”.

Yazıçı Nəriman Əbdülrəhmanlı:

“Heç vaxtı deyildi, heç... Məkanın cənnət olsun”.

Pərviz Cəbrayıl:

“Az qaldı ürəyim dayansın... Qəribədi, ölümə hamıdan daha yaxın olmasına baxmayaraq, adam məhz onun haçansa öləcəyinə qəti inanmırdı... Doğum günü olan dostu təbrik edəcəkdim, ağı yazdım ölən dosta...”

Pərvin


Müəllif:

Oxşar xəbərlər