Nənəm dünən günorta saatlarında rəhmətə gedib. Ölümündən 1 həftə əvvəl 2-ci insult keçirdi. Dərhal xəstəxanaya apardıq. Amma artıq gec idi və heç bir xəstəxana onu qəbul etmədi.
Bu sözləri Teleqraf.com-a açıqlama verən mərhum xalq artisti Xumar Zülfüqarovanın nəvəsi Eldar Zülfüqarov deyib.
O, bildirib ki, həyatının son dəqiqələrinə qədər ailəsi, oğlu, nəvələri Xumar xanımın yanında olub: “Onu xəstəxanadan gətirdik, evdə həkim nəzarəti altında idi. Lakin dünən günün birinci yarısında ürəyi dayandı. Hazırda sevimli nənəm və Azərbaycanın görkəmli şəxsiyyəti Xumar Zülfüqarova ilə vida mərasimi üçün hazırlıqlar görürük”.
Eldar Zülfiqarov deyib ki, xalq artistinin rəsmi mərasimlə yola salınıb-salınmayacağı bəlli deyil: “Bu barədə bizə heç bir xəbərdarlıq olunmayıb. Ola bilər, mərasimi ailə özü təşkil etsin”.
Dünən 90 yaşında vəfat edən Azərbaycan səhnəsinin bir çox parlaq ulduzlarının müəllimi, Respublikanın yüzlərlə xalq və əməkdar artistinin peşəkar pedaqoqu Xumar Zülfüqarova 1945-1966-cı illərdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, 1966-1978-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının Mahnı və Rəqs ansamblının solisti və bədii rəhbəri, Dövlət Rəqs Ansamblının yaradıcılarından biri, 1978-1988-ci illərdə Azərbaycan Dövlət Qastrol və Konsert üzrə Birliyinin ilk baş baletmeysteri olub.
***
Ailədən Teleqraf.com-a verilən son məlumata görə, Xumar Zülfüqarovanın dəfni ailənin üzərindədir: “Bu dəqiqə bizə bildirildi ki, vida və dəfn mərasimi rəsmi səviyyədə təşkil olunmayacaq”.