10 İyul 2017 18:36
958
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın Batumi şəhərində bir neçə gün öncə baş tutan "Qızıl Ulduz"-2017 beynəlxalq festivalında Azərbaycan nümayəndə heyəti ilə Ermənistan nümayəndə heyəti arasında qalmaqal yaşanıb.

Teleqraf.com-a açıqlamasında Azərbaycan Rəqs Assosiasiyasının (ARA) prezidenti Əziz Əzizli ümumilikdə yarışda baş verənlərdən və ermənilərin saxta soyqırımla bağlı çıxışlarından dolayı yaranmış qalmaqaldan danışıb:

“Yarışa İsrail, ABŞ, Qazaxıstan, Ukrayna, Azərbaycan, Ermənistan, Rusiya və Gürcüstandan iştirakçılar qatılmışdı. Onlar vokal, xoreoqrafiya, sirk nömrələri, akrobatika, klounluq, gimnastika, əşyalarla şou, illüziya, teatr sənəti, bədii qiraət, teatr modası, rəssamlıq, qrafika, dizayn, foto sənəti kimi nominasiyalarda çıxış edirdilər.

Birinci gün yarış festivala həsr olunmuşdu. Ölkəmizin təmsilçiləri “Jam SS” rəqs məktəbi estrada janrı üzrə birinci yeri qazandı. Solo rəqs üzrə folklor janrında Buta rəqs studiyası qalibiyyəti əldə etdi. Ansambl nominasiyasında isə folklor janrında Buta rəqs studiyası birinci oldu.

Lakin növbəti gün festivalda beynəlxalq qalmaqal baş verdi. Ermənistanın nümayəndə heyəti 1905-ci ildə Şuşa şəhərində azərbaycanlıların soyqırım törətdiklərini iddia etməyə və bu saxta soyqırmla bağlı şeir səsləndirməyə başladılar. Biz də dərhal öz etirazımızı bildirib onlardan üzr istəmələrini tələb etdik”.

ARA-nın prezidenti Əziz Əzizli qeyd edib ki, hətta təşkilatçıların da üzr istəmələrini tələb ediblər:

“Mən və müavinim Ülviyyə Həsənovanın etirazına cavab olaraq, uzun müzakirələr aparıldı. Azərbaycan nümayəndə heyətinin açıq ultimatumundan sonra bu nömrə proqramdan çıxarıldı, Ermənistan nümayəndələrinə xəbərdarlıq olundu, hətta ermənilərin digər nominasiyalarda olan iştirakçıları Grand-Prix mükafatından məhrum olundu.

Təşkilatçılar belə bir problemin yaranmasına görə bizdən nümayişkaranə üzr istədilər”.


Müəllif: Könül Əlibəyli

Oxşar xəbərlər