25 İyul 2014 10:56

"Müsavatda ciddi təlatümlər yaşanır"

Milli Şura daxilində ciddi narazılıqların yarandığı haqda fikirlərə rast gəlinir. İddia olunur ki, qurumda birləşən fərdlərin bir çoxu burada təmsil olunan siyasi partiyalararası rəqabətin qurbanına çevrilir. Bu səbəbdən də ciddi narazılıqlar müşahidə edilir. Artıq bu qurumu Sülhəddin Əkbər və ona yaxın şəxslər tərk edib. Ötən gün isə Vaqif Mahmudov istefa verdiyini açıqlayıb. İndi gələn xəbərlərdə isə yeni-yeni istefaların ola biləcəyi iddia edilir. Milli Şuradakı mövcud situasiya, qurumun gözlənilən sessiyası və digər məsələlər haqda Koordinasiya Mərkəzinin üzvü Vidadi Mirkamal fikirlərini açıqlayıb.

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü hesab edir ki, hazırda Milli Şuranın fəaliyyətində aktivliyin müşahidə olunmaması daha çox yay mövsümü ilə əlaqədardır: "Bildiyiniz kimi, ictimai-siyasi cəhətdən yay mövsümü heç də uyğun fəsil hesab olunmur. Yay aylarında fəallıq azalır. Ancaq prezident seçkilərindən sonra müxalifət düşərgəsində passivlik hökm sürür və bu proses hazırda da davam edir. Bu passivliyin bir səbəbi də odur ki, prezident seçkilərinə bəslənən ümidlər özünü doğrultmadı".

"KXCP-nin dediyi başqa, hərəkətləri isə bir başqadır"

Koordinasiya Şurasının üzvü qurumun sessiyasının KXCP qərargahında keçirilməməsinin səbəblərini açıqlayaraq maraqlı ifadələr işlədib: "Bəli, sonuncu sessiya KXCP qərargahında keçirildi. Amma həmin sessiyada başda Mirmahmud Mirəlioğlu olmaqla KXCP üzvləri ayağa durub dedilər ki, bəs, biz Milli Şuranı tərk edirik. Bilirsinizmi, əslində, görünməyən məsələlər var. Hesab edirik ki, onların bəhanəsiz, heç nədən Milli Şuranı tərk etmək istədikləri haqda hərəkətləri təsadüfi deyil. Ehtimal edirik ki, sessiyanı yenidən orada keçirsək, əvvəlki hərəkətlər yenidən təkrar olunacaq. Onların dediyi başqa, hərəkətləri isə bir başqadır. Biz siyasətdə kifayət qədər bişmiş adamlarıq və qarşını görə bilirik. Görünən dağa nə bələdçi? KXCP-nin sonuncu sessiyada əsas olmadan durub Milli Şuranı tərk etmək haqda bəyanat səsləndirməsi, kimlərinsə Milli Şura üzvü olmaq istəməsinə qarşı çıxması bəhanə idi. Bu bəhanənin nə hüquqi, nə faktiki, nə də siyasi əsası yox idi".

"Bu partiya səmimi deyil"

KXCP-ni ciddi tənqid edən Vidadi Mirkamal əlavə edib ki, ilk baxışdan KXCP üzvləri Milli Şuranın üzvləridir, ancaq onlar yad şəxslər kimi Milli Şuraya tövsiyə verirlər: "Əslində, onlar Milli Şurada təmsil olunurlar və gəlib qurum daxilində iştirak etməklə tövsiyələrini verə bilərlər. Bu mənada, sessiyanın məhz KXCP-də keçirilməsi mübahisəli məsələdir. Həm də Mirmahmud Mirəlioğlu Koordinasiya Mərkəzinin toplantılarında iştirak etmir. Bilmirəm bu nə ilə bağlıdır, bu məsələni onlardan soruşmaq lazımdır. Güman edirik ki, KXCP-nin qərargahına toplaşıb sessiya keçirsək, yəqin ki, bu partiya daha Milli Şuranın tərkibində olmayacaq. Biz onları başa düşürük. Onların təzədən bəyanat verərək, "gəlin Milli Şuranın sessiyasını bizim qərargahda keçirin" deməsi, fikrimcə, səmimi görünmür".

"Milli Şuradan gedənlərin fəaliyyəti yoxdur"

Vidadi Mirkamal guya Milli Şura daxilində KXCP ilə AXCP arasında rəqabətin getdiyi haqda fikirləri də rədd edib: "Əslində, belə sözlər deyilir, amma siyasət meydanı boşdur. Belə-belə şeylərlə siyasət meydanını boşaltmışıq. Boş meydanda nə rəqabət ola bilər? Söhbət ondan gedir ki, kimlər Milli Şuraya üzv seçilsinlər. Bu saat rəqabət yoxdur. Çünki biz fəaliyyət proqramında olan məsələlərə nail ola bilməmişik. Biz bilməliyik ki, söhbət müxalifətdə durmaqdan və mübarizə aparmaqdan gedir. Hərə bir bəhanə ilə meydanı tərk edirsə, bunun səbəbini görmək lazımdır. Baxın, Milli Şuradan gedib daha böyük hərəkat yaradırlarsa, bu, ayrı şeydir. Milli Şuradan kənarlaşan qüvvələr isə çəkilib bir kənarda susublar. Onların aktivliyi belə yoxdur. Bu, açıq-aydın görünür".

Müsavatda sular durulsun...

Koordinasiya Mərkəzinin üzvü Müsavat funksioneri Arif Hacılının "Müsavatla ideoloji baxışları eyni olan, Rəsulzadə-Elçibəy yolunda olan qüvvələrlə əməkdaşlıq edə bilərik" fikrini də tənqid edib: "Əgər Müsavat, doğrudan da, əsl müxalifətçilik etmək iddiasındadırsa, əməkdaşlıq edə bilərik. Bunda problem yoxdur. Əslində, son dövrlər Müsavatda ciddi təlatümlər yaşanır. Müsavatın son zamanlar yeritdiyi kurs düşünməyə ciddi əsaslar verir. Müsavatda sular durulsun, bundan sonra meydanda kim qalacaqsa, onunla əməkdaşlıq edəcəyik".

CAVİDAN


Müəllif:
Загрузка...